AZ EN RU

Yeni stomatoloji kabinə fəaliyyətə başlayıb

    Naxçıvan Muxtar Respublika Xəstəxanasında hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər  üçün stomatoloji kabinə fəaliyyətə başlayıb. 
    Stomatoloji kabinə “2022-2024-cü illərdə Azərbaycanda çoxprofilli mütəxəssislər şəbəkəsinin yaradılması” layihəsi çərçivəsində Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının təşkilatçılığı ilə yaradılıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasının aidiyyəti bölməsində yerləşdirilən kabinədə qan  xəstəliyindən əziyyət çəkənlərin müayinə və müalicəsi üçün dünya standartlarına cavab verən tibbi avadanlıqlar quraşdırılıb. Nəticədə, artıq stomatoloji problemləri olan və qan xəstəliklərindən əziyyət çəkən sakinlər başqa yerlərə üz tutmadan müalicə imkanı əldə edəcəklər.

    Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası, Milli Hematologiya və Transfuziologiya Mərkəzi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin nümayəndələrinin, Naxçıvan Muxtar Respublika Xəstəxanasının tibb işçilərinin iştirakı ilə bu münasibətlə seminar keçirilib.  
    Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkimi Zəbur Bağırov bildirib ki, hazırda muxtar respublika üzrə 73 hemofiliyalı, 36 talassemiyalı xəstə qeydiyyatdadır. Xəstəxananın Hematologiya şöbəsində bu xəstəliklərin müalicəsi üçün ən son model lazımi avadanlıqlar quraşdırılıb. 2017-ci ildən Naxçıvan Muxtar Respublika Xəstəxanasında Qan Bankının fəaliyyətə başlaması ilə  bu xəstələrə göstərilən tibbi xidmətin səmərəliliyi xeyli yüksəlib. Təkcə ötən il qan bankında ayrı-ayrı müəssisələr tərəfindən 5 qanvermə aksiyası keçirilib, 90 litrə yaxın qan toplanılıb. Alınan qandan bu xəstəlikdən əziyyət çəkənlərin müalicəsində istifadə olunub. 
    Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyası İdarə Heyətinin sədri Ayaz Hüseynov qurum haqqında məlumat verib. Qeyd edib ki, rəhbərlik etdiyi assosiasiya Azərbaycanda yaşayan hemofiliyalı xəstələr və onların valideynlərindən ibarət qeyri-kommersiya təşkilatıdır. 1997-ci ildə yaradılan təşkilat keçirdiyi müxtəlif tədbirlər və görüşlər vasitəsilə hemofiliyaya dair məsələlər barədə ictimaiyyəti və hökumət təşkilatlarını məlumatlandırır. Assosiasiya eyni zamanda bu xəstəliklərdən əziyyət çəkən vətəndaşların keyfiyyətli müalicəsinə nail olmaq, elmi araşdırmalar aparmaq, tibbi mütəxəssislərin bu sahədə təkmilləşməsi istiqamətində fəaliyyət göstərir, Dünya Hemofiliya Federasiyasının kriteriyalarına əsaslanaraq inkişaf etmiş Avropa ölkələrinin təcrübəsini Azərbaycan da tətbiq edir. Ayaz Hüseynov çıxışında assosiasiyanın sosial proqramları barədə də ətraflı məlumat verib.
    Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının icraçı direktoru Gülnarə Hüseynova isə “2022-2024-cü illərdə Azərbaycanda çox­profilli mütəxəssislər şəbəkəsinin yaradılması” layihəsi barədə məlumat verib. Qeyd edib ki, layihə “Novo Nordisk Hemofiliya Fondu”nun dəstəyi ilə keçirilir. Layihəyə uyğun olaraq Bakı və  Naxçıvanda stomatoloji xidmətin təkmilləşdirilməsi və regionlarda  ekspert şəbəkələrinin yaradılması əsas hədəflərdəndir. 
    Seminarda, həmçinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim stomatoloqu Abbas Abdullayevin, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin əməkdaşı Romella Osmanovanın müxtəlif mövzularda çıxışları dinlənilib. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 15.04.2022 20:24