AZ EN RU

Yeni badam və üzüm bağı salınıb

    Şahbuzluların torpaqla ünsiyyəti, zəhmətə qatlaşmaları hektarlarla yeni bağların salınmasına, yaşıllıq zolaqlarının genişləndirilməsinə, meşə sahələrinin artırılmasına, səliqə-sahmanın qorunmasına və təmizliyə səbəb olub. Torpağa bağlanılan, zəhmətə qatlaşılan yerdə yaşıllıq da bol olar, sağlamlıq da. Rayon sakinləri də illərdir ki, bu amalla yaşayır, hər tərəfdə yaşıllıq, gülzarlıq, bağ sahəsi gözəllik yaradır.
    Naxçıvan Muxtar Respublikasında təsərrüfat işlərinə hazırlıq və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə verilən tapşırıqların icrası diqqət mərkəzindədir. Bu məqsədlə Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən Sələsüz kəndinin ərazisində 4 hektarlıq ərazi yeni bağ salınması üçün hazırlanır. Qeyd edək ki, son illərdə aparılan ekoloji tədbirlər sayəsində rayonun yaşıllıq sahələri xeyli artırılıb. Son illər iməciliklər yolu ilə hektarlarla boş sahələrdə meyvə bağları və yaşıllıqlar yaradılıb. Minlərlə meyvə və meşə ağacları tingi əkilib. İndi həmin tinglər qollu-budaqlı ağaclara çevriliblər. Şəhərin hər yerində yayda, payızda yolboyu istədiyin meyvədən dərib dadına baxa bilərsən. İllər əvvəl əkilən çinarlar yol kənarlarında, parklarda, xiyabanlarda bir-birilə qol-boyun olub şəhərə yaşıllıq, sərinlik və gözəllik bəxş edirlər. 
    Görülən işlərin davamı olaraq 4 hektarlıq ərazi texnikaların qüvvəsi ilə əkinəyararlı vəziyyətə salınıb, torpaq hamarlama işləri görülüb, şırımlar açılıb. Ting əkini üçün çalalar qazılıb, üzvi gübrə ilə münbitləşdirilib. Şənbə iməciliyində rayonun idarə, müəssisə və təşkilat kollektivləri hazırlanan ərazidə 1500 badam tingi və 2800 üzüm tənəyi əkiblər. 
    Qeyd edək ki, yeni salınan bağın suvarılması və əkiləcək tinglərə aqrotexniki qulluq məqsədilə də lazımi işlər görülüb. 

Pərviz Hacılı

Nəşr edilib : 16.03.2022 20:15