AZ EN RU

Yaylaq mövsümü zamanı baytarlıq xidmətinin düzgün təşkili epizootik sabitliyin qorunmasında mühüm rol oynayır

    Hərtərəfli dövlət qayğısı muxtar respublikada kənd təsərrüfatının hər bir sahəsinin sürətli inkişafını təmin edib. Bu isə, öz növbəsində, ərzaq təhlükəsizliyinə nail olunmasına, idxaldan asılılığın azaldılmasına, aqrar sahənin ixrac potensialının artmasına gətirib çıxarır. Digər kənd təsərrüfatı sahələrində olduğu kimi, heyvandarlıqda da intensiv metodların tətbiqi özünütəminat səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə imkan verib.
    Mövsümlə əlaqədar olaraq kənd təsərrüfatı heyvanlarının yaylaq dövrü ərzində məhsuldarlığın yüksəldilməsi və sağlamlığın qorunması üçün Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti tərəfindən şəhər və rayon baytarlıq təşkilatlarına heyvan sürülərinin yaylaqlara aparılmazdan qabaq kliniki müayinədən keçirilməsi, yataq yerlərinin və su hövzələrinin ətraf ərazilərində dezinfeksiya işlərinin aparılması, heyvanları köçürməzdən əvvəl epizootik yol marşrutu xəritəsinin müəyyən edilməsi üçün bir sıra tapşırıqlar verilib. 

    Günümüzün reallığıdır ki, bu gün muxtar respublikada hər hansı heyvandarlıq məhsulunun sağlam ərsəyə gətirilməsi üçün təsərrüfat sahiblərinə yaxından dəstək göstərilir. Bu dəstəyin göstərilməsində digər məqsədlərdən biri də epizootik duruma tam nəzarət etməkdir. Bunun üçün xidmətin əməkdaşları tərəfindən mütəmadi olaraq yerlərdə və yaylaq ərazilərində sahibkarlarla görüşlər həyata keçirilir, onlara bu istiqamətdə lazımi baytarlıq xidməti göstərilir.
    İyun və iyul ayları ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin, Şərur, Babək Rayon Baytarlıq idarələrinin və Culfa Rayon Baytarlıq Şöbəsinin bir qrup əməkdaşı, eləcə də baytar həkim briqadası tərəfindən heyvanların epizootik durumunun araşdırılması, peyvəndləmə tədbirlərinin aparılması və sahibkarlara lazımi köməklik göstərilməsi məqsədilə Şahbuz rayonunun Qanlıgöl yaylağında, Taxca Yelli və Ayrınc yurdlarında, Culfa rayonunun Dəmirli yaylağında və Kola dərəsində səyyar baytarlıq xidməti təşkil edərək sahibkarlarla görüşlər keçirilib. Görüşlər zamanı vurğulanıb ki, cari ilin əvvəlindən Dövlət Baytarlıq Xidmətində tərtib edilmiş epizootik Tədbirlər Planına əsasən yaylaq mövsümündə də kənd təsərrüfatı heyvanları arasında profilaktik peyvəndləmə tədbirləri davam edirilir və muxtar respublikanın epizootik sabitliyi daim nəzarətdə saxlanılır. Belə peyvəndləmə tədbirlərində sahibkarlar yaxından iştirak etməli, öz təsərrüfatlarını qorumaq üçün bu tədbirləri vaxtında həyata keçirməli, baytar həkimlərə köməklik göstərməlidirlər.

    Görüşlərdə sahibkarlara bir sıra məsləhətlər verilib. Bildirilib ki, yaylaq mövsümündə baş verə biləcək xəstəliklərdən ən başlıcası qan-parazitar xəstəlikləridir. Bunun baş verməməsi üçün mal-qara saxlanılan ərazilərdə mütəmadi olaraq dezinseksiya və dezakarizasiya işləri həyata keçirilməlidir. Əks halda xəstəlik baş verən zaman mütləq baytar həkimə müraciət olunmalıdır. Eləcə də mövsümlə əlaqədar olaraq istivurma və günvurma halları baş verə bilər. Bunun qarşısını almaq üçün sahibkarlar öz təsərrüfatlarında olan heyvanlara diqqət etməlidir. 
    Heyvanların yaylaqda otarılması onların yemə olan tələbatının ödənilməsi ilə yanaşı, onlardan alınan məhsulların dadına, keyfiyyətinə müsbət təsir göstərir. Heyvanların yaylaqda açıq və təmiz havada saxlanılması orqanizmin fizioloji funksiyalarına yaxşı təsir göstərir, belə ki, orqanizmdə maddələr mübadiləsini sürətləndirir, cavan heyvanların boy artımına və inkişafına köməklik edir. 
    Belə maarifləndirmə tədbirləri Ordubad, Şahbuz, Kəngərli və Sədərək Rayon Baytarlıq şöbələri və baytar həkim briqadası tərəfindən də təşkil edilib. Həmin tədbirlərdə də heyvandarlara dəyərli məsləhətlər verilib. 
    İyun və iyul aylarının yaylaq mövsümü ərzində mal-qara arasında ciddi problemlərə rast gəlinməyib. Əhalinin mal-qarasının yaylaq mövsümünü sağlam başa vurması üçün Dövlət Baytarlıq Xidməti, onun strukturuna daxil olan şəhər, rayon baytarlıq idarələri və şöbələrinin baytar həkimlər, eləcə də fərdi baytarlıq sahəsi üzrə fəaliyyət göstərən baytar həkimlər mütəmadi olaraq sahibkarlarla əlaqə saxlayırlar. Məqsəd isə ondan ibarətdir ki, sahibkarların mal-qarası arasında xüsusi təhlükəli heyvan xəstəlikləri müşahidə edilməsin, heyvanlar sağlam olsun, muxtar respublikada epizootik vəziyyət sabit saxlanılsın və əhali sağlam heyvandarlıq məhsulları ilə təmin olunsun. 

Rübabə HÜSEYNZADƏ
Naxçıvan Muxtar Respublikası Dövlət
 Baytarlıq Xidmətinin əməkdaşı

 

Nəşr edilib : 09.08.2022 18:50