AZ EN RU

Xalqımızın qəhrəmanlıq salnaməsi

    Hər bir xalqın söykəndiyi bir istinad nöqtəsi, ana kitabı, mənəvi abidəsi olur ki, bu da həmin xalqın daşıdığı milli dəyərlərlə yanaşı, ümumbəşəri keyfiyyətləri də özündə birləşdirir. Xalqın maddi varlığını sübut edən belə abidələr onun mənliyini, mənşəyini, məskənini, tarixini, keçmişini, bu gününü, gələcəyini, ictimai və əxlaqi baxışlarını, özəlliyini, bənzərsizliyini daşıdığı zəngin ideyalarla bir daha təsdiq edir.

    Azərbaycanın şah əsəri, ana kitabı “Kitabi-Dədə Qorqud” bənzərsiz poetik gözəlliyi, dərin və zəngin ideyaları, şirin və axıcı təhkiyə dili ilə, dünya dastanları sırasında möhtəşəmliyi ilə seçilir. “Kitabi-Dədə Qorqud” oğuz türklərinin – azərbaycanlıların yaradıcı dühasının ilkin ifadə üsulu, parlaq təfəkkürünün, ruhunun, təsərrüfatının, yaşam tərzinin, həssas düşüncələrinin təcəssümüdür. Dastan öz yurdu, ölkəsi, sərhədləri, dövlətçilik quruluşu, adət-ənənələri, qayda-qanunları və öz yerləri olan oğuzlardan söhbət açır. Eposun bütün boylarında baş verən hadisələr Azərbaycanda cərəyan edir. Dastanın müəllifi Dədə Qorqud müxtəlif oğuznamələri birləşdirmiş, bir müqəddimə, on iki boydan ibarət mükəmməl bir əmanəti nəsillərimizə ərməğan etmişdir.

    “Kitabi-Dədə Qorqud” elə ilk cümlələrdən oxucunu ovsunlayır, öz ağuşuna elə alır ki, 1300 il bundan əvvəl mövcud olmuş dövlətə və onun qayda-qanunlarına, el-obasına, keçdiyi min illərboyu öz təravətini itirməyən mənəviyyatına məftun olursan. Dövrümüzə yazılı şəkildə çatan yeganə dastandır ki, təhkiyəsinin şirinliyi, ideyalarının zənginliyi ilə könülləri fəth edir. İdeyasına görə rəngarəng olan dastanın əsas aparıcı xətti qəhrəmanlıq və vətənpərvərlikdir. Sevdikləri qarşısında incə, kövrək qəlbə sahib olan Bamsı Beyrək, Qanturalı, Qazan xan, Uruz, Dəli Domrul düşmən qabağında polad iradəli, qorxmaz, əyilməz qəhrəmana dönürlər. Torpaq sevgisi, yurd məhəbbəti, ata-ana, bacı-qardaş, ər-arvad sədaqəti, sərhəd möhkəmliyi, qəhrəmanlıq ərdəmi, döyüşçülük dəyanəti, yar sədaqəti dastanın zərif duyğularla süslənmiş mənəvi zənginliyidir. Dastanı oxuyub başa çatdırdıqdan sonra əmin olursan ki, bu dəyərli epos təkcə ədəbiyyat və dilçilər üçün deyil, tarixçilər, coğrafiyaşünaslar, etnoqraflar, toponimçilər, şərqşünas alimlər üçün də əvəzolunmaz və nadir mənbədir. 
    Sadalanan bəşəri və milli keyfiyyətlərinə, sənətkarlıq xüsusiyyətlərinə, kompozisiya quruluşuna görə bu sanballı dastan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunan “Oxunması zəruri olan kitabların Siyahısı”na salınıb. Dastan bədii dəyərinə, vətənpərvərliyinə, milli kökə bağlılığına, düzgün mənəviyyatın formalaşmasına görə gənclərin və yeniyetmələrin təlim-tərbiyəsində mühüm rol oynayan bir əsərdir. Minilliklərə söykənən dastan ölməzdir. Bu gün də Azərbaycanın müxtəlif bölgələrində Dədə Qorqud toponimləri, deyimləri, Dədə Qorqud ruhu, ab-havası yaşayır. Eposun yazılı şəkildə dövrümüzə çatması hadisələrin daha canlı, daha inandırıcı olmasına şərait yaradıb. 
    “Kitabi-Dədə Qorqud”da vətənpərvərlik hissi dastanın qırmızı xəttini təşkil edir. Vətənin bölünməzliyi, müqəddəsliyi, doğma yurdun bütün oğuzlarının onu yağı düşmənlərdən qoruması el igidlərinin ali məqsədidir. Bəzən öz aralarında bir-birindən incisələr də, düşmənə qarşı nifrət onları bir olmağa səsləyir.
    Dastanın boylarını oxuduqca yüz illər, min illərboyu düşmənin dəyişməyən çirkin xisləti, talançılıq, namərdlik, fürsət düşən kimi qonşu dövlətlərə hücum etmək, günahsız insanları qılıncdan keçirmək kimi mənfur niyyətləri göz önündə canlanır. 1300 il bundan əvvəl Qazan xanın yurduna basqın edən qaradonlu kafirlərlə 1992-ci ildə əliyalın Xocalıya hücum edən düşmənin məqsədi eynidir: “Yeddi min kaftanının arxası cırıq, kəsik qara saçlı, sasi dinli, din düşməni alaca atlı kafir mindi çapdı, gecə yarısı Qazan bəyin düşərgəsinə gəldi. Kafirlər onun qızıl tağlı evlərini çapıb-taladılar... Tövlə-tövlə şahanə atlarını mindilər. Qatar-qatar qızılı dəvələrini yedəkləyib apardılar. Qiymətli xəzinəsini, bol pulunu talan etdilər. Qırx incəbelli qızla Boyu uzun Burla xatun əsir getdi. Qazan bəyin qarımış anası qara dəvə boynunda asılı getdi”. 
    Dastanı vərəqlədikcə kökləşmiş, sabitləşmiş, oğuzların qanına, canına hopmuş soykökə bağlılıq, mərdlik, sədaqət hisslərinə məftun oluruq. Elin xanına, bəyinə, ağsaqqalına sədaqət sonsuzdur, tükənməzdir. Buğacın atasına, Beyrəyin silahdaşına, Qaraca çobanın ağasına, Qaragünənin qardaşına olan sadiqliyi bu dastanda zərif duyğularla təsvir olunub. Bütün boylar “Xanım hey!” bədii nidası ilə başlayır. Öz xanına təmənnasız sədaqətin sədası bir kəlmədə nə qədər də əzəmətli səslənir. “Uşun Qoca oğlu Səgrəyin boyu”nda böyük qardaş Əgrək 16 il Əlincə qalasında əsir qalır. Qardaşı Səgrək bir təsadüf nəticəsində bunu öyrənir. Heç kim onu bu yoldan saxlaya bilmir. Qalaya çatanda Səgrəyi tanıyan kafirlər iki qardaşı bir-birinə öldürtmək istəyirlər. Tanımadığı qardaşının – Əgrəyin əlində qopuzu görən Səgrək deyir: “Ay kafir, Dədəm Qorqudun qopuzuna hörmət edib vurmuram. Əgər əlində qopuz olmasaydı, qardaşımın başına and olsun, səni iki para edərdim”. Oğuzun – qopuza hörmət edib düşmənə zərbə endirməyən babalarımızın qəddar düşmənlə fərqi artıq aliliyin fövqündədir.
    Oğuzlarda duz-çörəyə, dostluğa, qardaşlığa sadiqlik pozulmayan qanundur. Oğuz xanı Qazan xan mərddir, cəsurdur, xeyirxahdır, dosta sadiq, düşmənə amansızdır. Dastanın sonuncu boyunda Qazana asi olan Dış oğuzun bəyləri elin sevimlisi, yeddi qızın ümidi, Qazan xanın vuran qolu, dastanın ən bitkin obrazı Beyrəyə Qazana asi olmağı təklif edirlər. Beyrək bu çətin sınaq qarşısında şərəf və dözümlə dayanır və öz ulusuna xain çıxan Aruza üz tutub belə deyir: “Mən Qazana dönük çıxmaram, qəti bilin!”
    Yurda, el-obaya, xalqa bağlılıq başqa bir boyda – “Basatın Təpəgözü öldürdüyü boy”da da geniş təsvir olunub. Yediyi çörəyə xəyanət edən, ona yurd verənlərə dönük çıxan, Oğuza qənim kəsilən Təpəgöz hər cür pisliyi, şəri, eybəcərliyi özündə birləşdirən düşmən obrazıdır. Neçə illər oğuz elini çapıb-talayan Təpəgöz obanın qəhrəmanı, aslan südü ilə böyümüş Basatın əli ilə öz cəzasına çatır. 30 ilə yaxın doğma  Qarabağımızı işğal altında saxlayan, onun təbii sərvətlərini vəhşicəsinə çapıb-talayan, çörəyini kəsdikləri xalqa qarşı namərdlik edən və nəhayət, elə bu yurdun qeyrətli oğulları tərəfindən cəzalandırılaraq torpaqlarımızdan qovulan quduz düşmən də elə Təpəgöz xislətindədir.
     Milli-mənəvi dəyərlərimizin şah mövzusu anaya məhəbbət dastanda həzin və kövrək boyalarla duyğularımızı oxşayır. Dastanda ana haqqı Tanrı haqqına bərabər tutulur. Oğuz elində ananın, qadının cəmiyyətdə mövqeyi, ictimai mənşəyi şərəfli və ucadır. Ömür yoldaşı olmaqla bərabər, yeri gələndə at minib düşmən üstünə gedən, qılınc çalan, igidlərə arxa duran qəhrəman oğuz xanımlarıdır. Öz bəyinin arxasında durub canını ona qurban verməkdən belə çəkinməyən Dəli Domrulun xatunu da, “düşmənin bir ucu sənin, bir ucu mənim”, – deyib Qanturalı ilə birlikdə döyüşən Sarı donlu Selcan xatun da, özünə ömür yoldaşı seçərkən Bamsı Beyrəklə qurşaq tutub güləşən, atını atı ilə yarışdırıb sınaqdan çıxaran Banuçiçək də, oğlunu və ərini yağı əlindən qurtarmaq üçün qorxmadan düşmən yurduna tələsən, kafirin bayrağını qılınclayıb yerə salan, əri Qazanın namusunu qorumaq üçün oğlunun ətindən hazırlanacaq qara qovurmanı belə yeməyə hazır olan Burla xatun da igid və namuslu qadınlardır. 16 il qardaşının yolunu gözləyib yas saxlayan Beyrəyin bacıları, oğlunun və ərinin qayğısına qalıb təhlükəli vəziyyətlərdən qurtaran Dirsə xanın xatunu təmkinli, sədaqətli, ailəcanlı, namuslu davranışları və ağıllı tədbirləri ilə belə çıxış yolu tapırlar.
     Dastanın boyları ümumi bir məzmuna xidmət etsə də, hər boyun öz qəhrəmanı, öz ideyası, bədii kamilliyi vardır. Bu ulu kitabın ən mükəmməl boylarından biri “Qazan xanın evinin yağmalanması boyu”nda bütün dövrlər üçün heç vaxt solmayan, köhnəlməyən, müasir dövrümüz üçün aktual olan milli dəyərlər qabarıq şəkildə verilib. Atası Qazanın namusu, anasının iffəti ayaqlar altına düşməsin deyə ölümünə – qıyma-qıyma doğranmasına razı olan Uruz anasına deyir: “Saqın, xanım ana! Mənim üstümə gəlməyəsən, mənim üçün ağlamayasan. Xanım anam! Qoy məni çəngələ çəksinlər. Ətimdən qara qovurma etsinlər, qırx bəy qızının önünə gətirsinlər. Onlar bir yeyəndə, sən iki ye. Təki kafirlər duymasınlar, səni tanımasınlar. Murdar dinli kafirlərə şərab paylayıb, atam Qazanın namusunu tapdalamayasan. Saqın!”
    Dastanı əsrlərboyu yaşadan dövranların qovğalarının, təfəkkürünün üstündən adladıb bizə dolğun şəkildə çatdıran təkcə onun qəhrəmanlıq mövzusu deyil. Onun bir sənət abidəsi kimi poetizmi, lirizmi, dərinliyi, qiyməti, dəyəri, sehridir, emosional təsir gücünə malik ülvi poeziya aləmidir. Dastan ilk sözlərindən, cümlələrindən ruhumuzu qidalandırır, duyğularımızı ovsunlayır, bizi adilikdən alıb gözəl şeiriyyətə kökləyir, bulaq suyu kimi dumduru, büllur Qorqud dili ilə tilsimləyir. Alqış və deyimləri, zərif boyaları, incə fırçasıyla çəkilən mənzərələri, təsvirləri ilə qəlbimizi riqqətə gətirir.
    Təşbehləri: qar üstünə qan dammış kimi al yanaqlım; mübaliğələri: on min yağı gördümsə, ota saydım; alliterasiya və assonansları: yata-yata yanımız ağrıdı, dura-dura belimiz qurudu; alqışları: ağzın üçün ölüm, dilin üçün ölüm; qarğışları: axar suların axmaz olsun, yaşıl otun bitməz olsun; atalar sözləri: qarı düşmən dost olmaz, əski pambıq bez olmaz kimi deyimləri unikal və bənzərsizdir. Min il bundan əvvəl yazılmış bu eposda vətənpərvərlik, qəhrəmanlıq, gözəllik, dövlətçilik, sadiqlik, xeyirxahlıq o qədər sabit və bütövdür ki, bu aliliyin, ucalığın mənşəyinə heyran olursan.
    Bəli, “Kitabi-Dədə Qorqud” əsl qəhrəmanlıq dastanıdır, xalqımızın döyüşkənlik ruhudur, yağıya qarşı mübarizə əzmidir. Ulularımızın qeyrət və şərəf dəyanətini, torpaq uğrunda son damla qanına kimi vuruşmaq qüdrətini 44 günlük Vətən müharibəsində bir daha dünyaya nümayiş etdirən oğullarımız yeni bir qəhrəmanlıq dastanı yazdılar. Vətən qeyrətli qəhrəmanlarımızın Bamsı Beyrəyin, Dəli Dondazın, Alp Ərənin, Şir Şəmsəddinin, Qarabudağın, Qazan xanın şərəf və namusundan bəhrələnməsi ulu babalarımızdan gələn əsl soy cəsarətidir. Bu gün də torpaqlarımızı mətanətlə, igidliklə yağıdan qoruyan oğuz türklərinin övladlarına elə Dədə Qorqudun öz dili ilə xeyir-dua veririk: “Qarlı uca dağlarınız yıxılmasın! Kölgəlicə qaba ağacınız kəsilməsin! Çarpışanda ağ-boz atınız büdrəməsin! Vuruşanda qara polad uz qılıncınız kütəlməsin! Ümidiniz üzülməsin, qanadlarınız qırılmasın! Çırağınız daim yanar dursun, xanım hey!” 
    Vətən var olsun!

 Məlahət TAĞIYEVA
Babək rayonu Şıxmahmud kənd 
tam orta məktəbinin müəllimi

Nəşr edilib : 27.10.2022 20:13