AZ EN RU

Vətənpərvər ruhlu, milli təfəkkürlü görkəmli şairlərimizin ildönümləri ilə bağlı bir sıra mədəni-kütləvi və elmi tədbirlər həyata keçirilib

    Qarşıdan yeni il gəlir. 2022-ci il bir sıra əlamətdar hadisələrlə yadda qaldı. Bunlardan birincisi görkəmli şair, yazıçı, dramaturq Hüseyn Cavidin anadan olmasının 140, böyük şair, tanınmış ictimai xadim Əhməd Cavadın 130 illiyinin tamam olmasıdır. 

    Ədəbiyyatımızda milli romantik şeirin, mənzum dram və faciə janrlarının əsasını qoyan Hüseyn Cavidin müxtəlif janrda əsərləri xalqımızın zəngin bədii fikir xəzinəsində layiqli yer tutur. Ədibin yaradıcılığı bu gün də insan mənəviyyatının zənginləşməsinə xidmət edir, mənzum faciə və dramları milli teatr mədəniyyətinin inkişafına təsir göstərir. Həyatı boyunca xalqını daim azad, müstəqil görmək istəyən ədib “gizli millətçi əks-inqilabi təşkilat”da iştirakı bəhanəsi ilə Sibirə sürgün edilmiş və doğma Vətənindən uzaqlarda vəfat etmişdir. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Uzaq Sibirdən onun cənazəsinin qalıqları doğma yurdu Naxçıvana gətirilmiş, ev-muzeyinin yaxınlığında dəfn edilmişdir. Naxçıvan şəhərində onun məzarı üstündə ucaldılan möhtəşəm məqbərə cavidsevərlərin tez-tez üz tutduğu məkandır. Naxçıvanda böyük ədibin xatirəsi həmişə əziz tutulur, irsinin öyrənilməsinə diqqətlə yanaşılır. 

    Qeyd edək ki, Prezident cənab İlham Əliyev 2022-ci il 24 sentyabr tarixdə Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalamışdır. Ölkə Prezidentinin Sərəncamının icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasında “Hüseyn Cavidin 140 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq olunub. Sərəncamın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və AMEA Naxçıvan Bölməsi tərəfindən bir çox işlər həyata keçirilib. 
    Nazirlik tərəfindən oktyabrın 19-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində interaktiv dərs keçilib, dərsi muxtar respublikanın 200-dən çox təhsil müəssisəsinin şagirdləri izləyib. Oktyabrın 24-də “Hüseyn Cavid Poeziya Günü” münasibətilə görkəmli ədibin 140 illik yubiley tədbiri keçirilib, tədbir Hüseyn Cavid məqbərəsinin ziyarət edilməsi ilə başlayıb, Naxçıvan Dövlət Milli Dram Teatrında davam etdirilib. Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Milli Dram Tea­trının Hüseyn Cavidin “Topal Teymur” əsəri əsasında hazırladığı eyniadlı tamaşa nümayiş olunub. “Topal Teymur” tamaşası, həmçinin Naxçıvan Dövlət Milli Dram Tea­trının kollektivi tərəfindən Şahbuz, Ordubad və Sədərək rayonlarında da nümayiş etdirilib. Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində “Hüseyn Cavid guşəsi” zənginləşdirilib, muxtar respublikanın 200-dən çox təhsil müəssisəsinin şagirdləri üçün açıq dərs keçilib. Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında və rayon, şəhər mərkəzləşdirilmiş kitabxana sistemlərində “Hüseyn Cavid – 140” başlıqlı sərgilər təşkil edilib. Həmçinin Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında yubiley tədbiri təşkil olunub, Hüseyn Cavidin əsərlərinin biblioqrafik icmalı, tövsiyə ədəbiyyat siyahısı hazırlanıb. Rayon mərkəzləşdirilmiş kitabxana sistemlərində ədibin “Azər” əsərinin müzakirəsi keçirilib. Rayon mədəniyyət saraylarının nəzdində fəaliyyət göstərən xalq teatrları da Cavid irsinə müraciət edib. Babək Rayon Xalq Teatrı tərəfindən Hüseyn Cavidin “Ana” faciəsi əsasında eyniadlı tamaşa oktyabrın 13-də rayon mədəniyyət sarayında ictimaiyyətə təqdim edilib. Noyabrın 18-də isə adıçəkilən tamaşa Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində gənclər üçün nümayiş etdirilib. Hazırda Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksində əsaslı bərpa və yenidənqurma işləri aparılır.
    Tədbirlər Planına uyğun olaraq AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda Naxçıvan Dövlət Universitetinin hamiliyə verilmiş Tarix-filologiya fakültəsi tələbələrinin iştirakı ilə görkəm­li şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 140 illiyinə həsr olunmuş elmi-konfrans keçirilib. Cari ilin əvvəlində AMEA Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Çinarə Rzayevanın “Hüseyn Cavid və folklor” monoqrafiyasının II hissəsi nəşr olunub. Aprel ayının 19-da ikihissəli monoqrafiyanın ikinci hissəsinin təqdimatı keçirilib. AMEA Naxçıvan Bölməsinin Elmi Kitabxanasında “Hüseyn Cavid – 140” mövzusunda sərgi təşkil olunub. Bölmənin bir neçə əməkdaşının dövri mətbuatda, internet portallarında məqalələri dərc edilib, bəzi tədqiqatçılar televiziyada bu mövzuda hazırlanan verilişlərdə aparıcı, yaxud qonaq qismində iştirak edib, sənədli televiziya filmində çıxış ediblər. Oktyabrın 21-də Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu, AMEA Naxçıvan Bölməsi, ali təhsil müəssisələri və Yazıçılar Birliyinin təşkilatçılığı ilə “Hüseyn Cavid – 140” mövzusunda elmi konfrans təşkil edilib. Həmçinin alimlərimiz muxtar respublikada mövzu ilə əlaqədar təşkil edilmiş müxtəlif tədbirlərdə, müzakirələrdə və digər tədbirlərdə iştirak və çıxışlar ediblər.
    Əhməd Cavad ədəbi ictimai fikrimizdə romantizm ədəbi məktəbinin istedadlı nümayəndəsi, nasir, publisist və milli istiqlal şairidir. Vətən, millət nidaları ilə yoğrulmuş yaradıcılığı bütün türk xalqlarının könlündə böyük yer almışdır. Əhməd Cavadın anadan olmasının 130-cu ildönümünün dövlət səviyyəsində qeyd olunması haqqında Prezident cənab İlham Əliyevin 2022-ci il 20 aprel tarixli Sərəncamı böyük istiqlal şairinin yaradıcılığının yenidən araşdırılıb öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir. 
    Bu Sərəncamın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində “Əhməd Cavad – 130” başlıqlı sərgi təşkil edilib, 5 may tarixində muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi arasında “Vətənpərvər şair – Əhməd Cavad” mövzusunda interaktiv dərs, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında kitabxana əməkdaşlarının iştirakı ilə müzakirə keçirilib. Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında və rayon (şəhər) MKS-lərdə “Əhməd Cavad – 130” başlıqlı sərgilər təşkil edilib.
    Tədbirlər Planına uyğun olaraq AMEA Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi və muxtar respublikanın ali təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə “Əhməd Cavad – 130” mövzusunda elmi konfrans keçirilib. Bölmənin “Elmi əsərlər” jurnalının bir xüsusi nömrəsi Əhməd Cavadın həyat və yaradıcılığına həsr olunub. Bölmənin bir neçə əməkdaşının dövri mətbuatda məqalələri dərc olunub, bu mövzuda hazırlanan verilişlərdə, müxtəlif tədbirlərdə, müzakirələrdə iştirak və çıxış ediblər. 
    Həyata keçirilən tədbirlər hər iki ədəbiyyat nümayəndəsinin xatirəsinin yaşadılmasında, yaradıcılığının təbliğində mühüm əhəmiyyət kəsb edib. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 21.12.2022 19:13