AZ EN RU

Vətənin vüsal günü, Dahi Rəhbərin dünyaya ünvanlanmış mesaji, və ya

Zəngəzura qayıdışın bəyanatı

    Tarix binə olandan bəri dünyada xeyirlə yanaşı, şər də mövcud olub, yalanla həqiqət, xofla cəsarət, əyriylə düz və igidliklə qorxaqlıq hər bir xalqın alnına yazılan yazı, hətta bir dövlətin taleyini həll edən başlıca faktor olub. Cəmiyyət olub ki, işğalçılıq meyilləri, tamahkar əqidəsi, saxta iddiaları ilə, necə deyərlər, tarixin qaranlıq bir küncündə itib-batıb, Vətən olub ki, hər bir çətinliyə sinə gərib, zamanın gərdişindən alnıaçıq, üzüağ çıxıb, “Min yol öldürülən, amma ölməyən” əzəli-əbədi torpaq olmaq hüququnu qazanıb, amalı bir mənəviyyat ocağı olub, adı zəfərlə bərabər çəkilib... Əsrlərboyu torpaqlarına göz dikilən, etiqadı təcavüzlərə məruz qalan, dəyərləri tapdalanan, milli-mənəvi sərvətlərindən qoparılan yurdumuzun taleyi nə qədər çətin olsa da, başına gətirilən ağrı-acılar səni, məni, ürəyində “Vətən daşı” olan hər birimizi haqqın sınağına çəksə də, heç zaman qamətini əyməyib, dik dayanıb. Bu hadisələrin hər birinə nəzər yetirmək, tarixə bu günün gözü ilə səyahət etmək, zamanın nəbzini tutan hadisələrlə müqayisə aparmaq, ələlxüsus da qulağa hakim kəsilən və dünyaya ünvanlanmış tarixi mesaji dinləmək insanı məcbur edir ələ qələm almağa, ağlındakı fikirləri ağ vərəqə həkk etməyə. Elə Prezident cənab İlham Əliyevin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciətində səsləndirdiyi “Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də” dəqiq qənaəti kimi...

Çoxəsrlik tarixin yaşıdı, türk xalqının doğma ocağı...

Vətənimizin zəngin yaşayış yerlərindən biri kimi Zəngəzur mahalının tarixi çox qədimdir. Antik mənbələrdə bu yerlərin memarlığı, incəsənəti, qədim türk tayfalarının həyat tərzi barədə kifayət qədər dolğun və ətraflı məlumat var. Tarixi məxəzlərdə qeyd olunub ki, Zəngəzur torpağı zəngin yeraltı və yerüstü sərvətləri ilə bərabər, həm də Cavidan, Cavanşir, Babək dövründə Xürrəmilər hərəkatının, ərəblərə qarşı savaşların əsas mərkəzi, 30 ildən artıq sürən qanlı döyüşlərin məkanı olub. Bununla yanaşı, Zəngəzur hələ lap qədimlərdən dini, milli-mənəvi dəyərləri qoruyub saxlayan yurd yeri kimi şöhrət qazanıb. Azərbaycanın ən qədim atəşpərəstlik məbədgahlarının burada yerləşməsi də bu səbəbdən təsadüfi deyil, yəqin ki... 
    Füsunkar təbiəti, türk xalqlarının, ələlxüsus da ki, Azərbaycan xalqının burada yaratdığı mədəniyyət nümunələri dünyanın dörd bir tərəfindən xariciləri, böyük Nizaminin təbirincə desək, uzaq firəng (xristian) ellərindən döşüxaçlı elçiləri Zəngəzurun seyrinə çağırıb. Bu, bir tərəfdən qədim diyarımızın Zaqafqaziya regionunda böyük maraq doğurduğuna görə idisə, digər tərəfdən də Zəngəzurun tranzit yolların üzərində yerləşməsi onun tarixi taleyində böyük rol oynayırdı. Hətta bu da bir tarixi reallıqdır ki, VII əsrdə dünyaya hökmranlıq edən böyük ərəb xilafəti məhz Cənubi Azərbaycan-Naxçıvan-Biçənək-Zəngəzur-Dərələyəz-Gorus-Laçın-Bərdə istiqaməti ilə hərəkət edərək o vaxt “Alban”, “Arran” adlanan Şimali Azərbaycanı zəbt edib və addımlarından sonra da Uzaq Şərqə səfərə çıxıb. Elə bu fakta söykənərək deyə bilərik ki, Zəngəzur həm də Şərqə açılan qapı idi...
    X əsrin sonu – XI əsrin əvvəllərindən etibarən ölkəmizin keçmiş hüdudlarında – Dərbənddən İran körfəzinə qədər olan ərazidə türk xalqının birlik və bərabərliyi gücləndi, yerli əhalinin sayı daha da artdı. Bu yerlərdə inkişaf edən türk mədəniyyəti isə tezliklə dünyanın bir çox ərazilərinə yayıldı. Böyük Səlcuq-Türk imperiyasının tarixi faktlarından məlum olur ki, 1065-ci ildə Səlcuq-Türk imperiyasının şanlı hökmdarı Alpaslan Qafan şəhərini tutaraq Sünik knyazlığının mövcudluğuna son qoydu. 150 il davam edən Səlcuq hökmranlığı Zəngəzur ərazisində türk-islam nüfuzunu daha da genişləndirdi, bu yerlərdə çox sayda türksoylu tayfalar məskunlaşdı.

Qədim Türk torpağı, salam olsun şövkətüzə, elüzə...

Şair-publisist, tibb üzrə fəlsəfə doktoru, Milli Məclisin deputatı Musa Urud “Zəngəzuru tanıyaq və tanıdaq” adlı məqaləsində yazır ki, Azərbaycan torpağındakı bölgələrin, ən qədim yaşayış məntəqələrinin adları hələ Qafqaz Albaniyasının təşəkkül tapdığı ilk vaxtlardan burada yaşayan türkmənşəli tayfalarla – prototürklərlə bağlıdır. Zəngəzurdakı Qafan, Qoroz qalası, Sisakan, Şəki, Aqvanna, Aqvani, Hot, Şələt kimi yer adları qədim türklərlə birbaşa bağlı olan toponimlərdir. Musa Urudun Zəngəzurla bağlı araşdırmalarında da qeyd edildiyi kimi, qədim türk diyarımızın, necə deyərlər, taleyi məhz türk etnosunun burada yaşaması ilə bağlı olmuş, böyük inkişaf yolu qət edərək regionun aparıcı qüvvəsinə, böyük birliyə çevrilmişdir. Hətta Qafqazda eradan əvvəl ikinci əsrdən məskunlaşmağa başlayan türkmənşəli bulqarların izləri Zəngəzurda son vaxtlara qədər qalmaqdadır. Bulqarların Qazan tayfasının adını  özündə əks etdirən Qazan dağı, Qazan gölü, Qazançı kəndləri bu ərazilərdə türklərin məskunlaşmasının iki min ildən çox tarixə malik olduğunu göstərən dəlillərdir. Zonada digər böyük türk tayfalarının (peçeneq, suvar, sofulu, saral, yaycı, qiqili) adlarını daşıyan Qafan (kapan), Piçənis, Sofulu, Sarallı, Gığı, Göyərcik, Suvarlı, Yaycı və digər yaşayış məntəqələrinin olması da buranın aborigen əhalisinin məhz Azərbaycan türklərinin olduğunu sübut edən danılmaz tarixi faktlardır. Bu məqamda şair-publisist Musa Urudun eyniadlı məqaləsindəki bir fakta diqqət yetirmək, yəqin ki, mənim kimi bir çox oxucumuzun da qüruruna səbəb olar: “Tarixdən məlumdur ki, Zəngəzurun ərazisi qədim oğuzların məskənidir. Qalın İç Oğuz tayfaları bu dağlarda məskən salmış, yaşamış, mübarizə aparmışdır. Bütün türk xalqlarının qəhrəmanlıq eposu sayılan “Kitabi-Dədə Qorqud”dakı hadisələrin çoxu bu ərazilərdə baş vermiş və tarixin daş yaddaşında, insanların qan və gen yaddaşında bu günə qədər öz əks-sədasını qoruyub saxlamışdır”. 

Bilinməyir yaşın sənin, nələr çəkmiş başın sənin...

Dünyanın bir çox siyasi güclərinin, yadelli tayfaların, o cümlədən bədnam qonşumuz erməni daşnaklarının yurdumuza olan təcavüzləri ilə bağlı tarixə müraciətdən də kifayət qədər tükürpədən məlumatlara rast gəlinir. Coğrafi ərazisi, milli-mənəvi dəyərləri, yeraltı və yerüstü sərvətləri daim talanan, mənəviyyatına zərbələr vurulan yurdumuzun tarixi səhifələrində düşmənlərimizin qana bulanmış əl izlərini görürük. Bu cinayətlərin qarşısında yazmaq da acizdir, elə tarix də...Tək reallıq isə yaşananları, olub-keçənləri unutmağa imkan verməməkdir. 
    Azərbaycanın bir çox tarixi ərazilərində (Qarabağ, Dərələyəz, Mil-Muğan) olduğu kimi, Zəngəzurda da ermənilərin kütləvi məskunlaşması Türkmənçay və Gülüstan müqavilələrinin imzalandığı illərdən sonraya təsadüf edir. Düzdür, bu alçaq xislətli “xalqın” sığınması üçün hər hansısa bir tarixi sənədə, müqaviləyə, dekretə ehtiyac olmasa da, keçmiş sovet hökuməti guya qanunlarla belə bir tarixi işə imza atırmış kimi ermənilərə sahib çıxır, bu yollarla onların dədə-baba torpaqlarımızda məskunlaşmasını bəyan etmək istəyirdi. Məqsəd isə qeyd etdiyimiz kimi, işğalçılıq niyyətini gizlətmək, onlara arxa durmaq idi. Elə belə də oldu...XIX əsrin ikinci yarısından etibarən bir çox bölgələrimizdə erməni ailələrinin yaşaması üçün şərait yaradıldı, halbuki bu yerlərin qədim sakinlərinin öz isti ocaqlarında belə bir şəraiti nəinki görmək, yaşamaq, hətta bu haqda ağıllarından belə fikir keçməmişdi. Tezliklə ərazilərdə özünə etnik yer edən  erməni qəsbkarları yerli türk əhaliyə divan tutaraq onları öz ev-eşiklərindən didərgin saldı, qanunsuz həbslər, üstü açılmayan qətllər, hakimiyyətin gözündən kənar oğurluqlar, talanlar hadisələrin ən pik nöqtəsinə çatdı. Bu ağır dövrlərdən ən çox təsirlənən isə elə yenə də Zəngəzur və Qarabağ olmuşdu. Həmin hadisələri qələmə alan dövrünün tanınmış rus səfiri, yazıçı-publisist A.Qriboyedov Azərbaycana ermənilərin köçürülmə siyasəti barədə belə yazırdı: “Köçürülən ermənilərin çox hissəsi müsəlman mülkədarların torpaqlarında yerləşdirilir ki, bu da müsəlmanların haqlı narazılığına səbəb olur. Müsəlmanlar qorxurlar ki, ermənilər bu torpaqlarda möhkəmləndikdən sonra onların özlərini çıxardacaqlar”. Çox təəssüf ki, Qriboyedovun bu sözləri sonradan həqiqətə çevrildi...
    Tarixi mənbələrdə qeyd olunur ki, adıçəkilən dövrdən etibarən Zəngəzura köçürülən ermənilər Qarakilsə rayonunda Əlili, Şəki, Əngələvid, Bələk, Şağat, Təzəkənd, Uz, İlizin, Ağkənd, Məzrə, Qarakilsə kəndlərində yerləşdirildi, keçmiş sovet idarəçiliyi tərəfindən bu yerlərdə erməni faktorunun güclənməsi üçün qanunsuz addımlar atıldı. Sonralar bu kəndlərin taleyi çox acınacaqlı oldu. 1905-ci ildə ermənilərin xəyanətkar hücumlarına məruz qalan kəndlərin azərbaycanlı əhalisinin hamısı 1918-ci ildə deportasiya olundu. Bu hadisələrin məngənəsində əzilən xalqımızın haqlı etirazından sonra yalnız Şəki kəndinin camaatı öz dədə-baba yurdlarına qayıda bildilər. Qalan kəndlər isə zorla, ağır təzyiq ilə erməniləşdilər, sonralar isə bu kənd­lərin hamısının adları mənfur düşmənlər tərəfindən qanunsuz olaraq dəyişdirildi. Əlili-Salvard, Təzəkənd-Tasik, İlizin-Lçen, Ağkənd-Aşotavan, Qarakilsə-Hatsavan adlandırıldı.

Qarabağın işğaldan azad edilməsi digər tarixi torpaqlarımızın 
azadlığı yolunda atılan addımların ilkidir

Azərbaycan Respublikası ərazisində ermənilərin yerləşməsi, demək olar ki, Birinci Qarabağ müharibəsinin başlandığı tarixə kimi hər il davam edib. 1993-cü ildə əzəli-əbədi yurdumuzun – Qarabağın işğalından sonra ermənilərin tarixi torpaqlarımızda yaratdığı idarə rejimi, milli-mənəvi dəyərlərimizə qarşı başladılmış terror aktları isə nə az, nə çox düz 30 il davam etdi. 2020-ci il 27 sentyabrda ordumuzun əks-hücum əməliyyatı ilə başlayan və 44 gün davam edən Vətən müharibəsi isə bu hadisələrə ədalət donu geyindirən ən ali, müqəddəs addım oldu. Qısa zaman müddətində, elə sentyabr əməliyyatlarının ilk günlərində rəşadətli Azərbaycan Ordusu tərəfindən bir çox yaşayış məntəqələrimiz düşmən işğalından azad edildi, strateji yüksəkliklər ordumuzun nəzarətinə keçdi. Adıçəkilən hadisələrin astanasında, elə döyüş əməliyyatlarının yeni başlandığı zamanda dünyanın siyasi gücləri sakit-səssiz olub-keçənləri müşahidə etməkdə idilər. Onların bu addımlarının səbəbi də sadə idi; düşünürdülər ki, Azərbaycan Ordusu bundan əvvəl baş vermiş Tovuz əməliyyatında, Aprel döyüşlərində, habelə İyul təxribatlarına cavabda olduğu kimi düşmənin əks-hücum əməliyyatlarının qarşısını aldıqdan sonra döyüş əmrində “dur” deyəcəkdi. Lakin hadisələr gözlənilənin tamam əksinə oldu, tez bir zamanda böyük dövlətlərin baxışları Qafqaza – Azərbaycanın haqq-ədalət savaşına zilləndi... 
    44 günlük Vətən müharibəsinin tarixi zəfərindən sonra Ali Baş Komandan tərəfindən Azərbaycan dövlətinin şöhrəti dünyanın sərhədlərini aşmaqdadır. Beynəlxalq xəbər bülletenlərində, televiziya verilişlərində nüfuzlu dövlət qəzetlərində Ermənistanın düçar olduğu məğlubiyyət satirik qələmlə gülüş obyektinə çevrildi, tənqid atəşinə tutuldu. İllərdir, bizim torpaqlarımızda yaşayan, indi isə ocağın öz sahiblərinin qayıdışını eşidib əllərində olan tək ata mirasını –  unitazlarını götürüb Paşinyanın üstünə qaçan ermənilər barəsində  hələ çox illər deyiləcək...
    Qeyd etmək lazımdır ki, Qarabağın işğaldan azad edilməsi həm də dünyaya ünvanlanmış böyük qayıdışın xəbəri idi. Ali Baş Komandan tərəfindən dəfələrlə bildirilib ki, Azərbaycanın öz tarixi torpaqlarını əldə etməyə kifayət qədər gücü və siyasi əqidəsi vardır. Bu fikirlər ölkə başçısının Zəngəzur dəhlizinin açılması məsələsindəki qərarlı tutumunda və güclü siyasi ruhunda bir daha öz əksini tapıb. Ermənistan hökuməti dəfələrlə imzaladığı kapitulyasiya aktının şərtlərindən boyun qaçırmaq istəsə də, beynəlxalq hüquq normalarının tələblərindən qaça bilmədi, Ali Baş Komandanın tarixi görüşlərinin hər birində onların biabırçı məğlubiyyətləri gündəmə gətirildi. Zəngəzur dəhlizinin açılması məsələsi isə ölkə başçısının “Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də” qəti qərarının reallaşması uzaqda deyil... 

Zəngəzur dəhlizinin açılması tarixi 
ədalətin bərpası və təntənəsi olacaqdır

    2011-ci il 5 iyulda Dünya azərbaycanlılarının III qurultayındakı nitqində Prezident cənab İlham Əliyevin dediyi bu sözlər Qarabağ, Zəngəzurla bağlı tarixi həqiqəti çox dolğun və düzgün əks etdirir: “Tarix tarixdir. 1978-ci ildə Qarabağda məskunlaşmalarının 150 illiyini qeyd edən ermənilər yaxşı bilirlər ki, onlar bu torpaqlara qonaq kimi gəlmişlər. Nəinki Dağlıq Qarabağ, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında formalaşıbdır. İrəvan xanlığı, Zəngəzur mahalı bizim tarixi ərazimizdir. Xəritəyə baxsaq, görərik ki, vaxtilə Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermək nəticəsində böyük Türk dünyası coğrafi cəhətdən parçalandı. Yəni Zəngəzurun Ermənistana verilməsinin çox böyük mənfi mənası var idi”. 
      Xatırladaq ki, tarixi Zəngəzur mahalı Ermənistanın Qafan, Gorus, Qarakilsə, Mehri rayonlarını və Azərbaycanın Zəngilan, Qubadlı, Laçın rayonlarını əhatə edib. Hazırda Ermənistanın hərbi nəzarətində olan və intizarla əsirlikdən qurtuluşunu gözləyən Zəngəzur elləri ən qədim dövrlərdən Azərbaycan ərazilərində təşəkkül tapmış dövlətlərin tərkibində mövcud olmuşdur. Çox sayda yaxın, uzaq tarixi mənbələrdə bu barədə birmənalı, təkzibolunmaz faktlar, məlumatlar mövcuddur. Lakin erməni vandalları tərəfindən həmin tarixi faktların danılması, habelə Zəngəzur dəhlizinin açılması məsələsindəki qarşıdurmalar, əmmaməli “ermənilərin” Azərbaycanın yanında olmaması bəs etmirmiş kimi, havadarlarına dayaq durması prosesləri daha mürəkkəb məcraya çəkir. Lakin bu insanlığa sığışmayan hadisələrin qarşısında Azərbaycan dövləti yenə də qərarlı iradəsindən dönmür və dönməyəcək. Ermənilərin qorxuya düşməsi isə təsadüfi deyil, hadisələrə humanist mövqedən yanaşsaq, hətta onlara “haqq vermək” də olar. Uzun illər İran İslam Respublikası ilə mövcud əlaqələrin bir anda kəsilməsi “qardaşı” “qardaşdan” ayıran sarsıdıcı zərbə kimi onların həyat tərzlərini, uzunillik xülyalarını, sözün əsl mənasında, alt-üst edib, “əziz xələf” əmmaməli qardaşlarının xeyir-dualarından məhrum olublar. 

    Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanın, eləcə də Turan-Türk dövlətlərinin tarixində dönüş nöqtəsinin yaranacağı sübuta ehtiyacı olmayan reallıqdır. Uzun illər bu tarixi torpağın Ermənistanın nəzarətində olması Naxçıvanı Azərbaycandan ayıran, muxtar respublikamızı blokada şəraitinə salan əsas məsələ kimi bu günün aktuallığıdır. Zəngəzur dəhlizinin açılması isə tarixi torpaqlara qayıdışın bəyanatı ilə bərabər, həm də ölkəmizin ictimai həyatında başlıca rol oynayan hadisə kimi çıxış edəcək. Və az qalıb ki, deyək:  – Salam, Zəngəzur dəhlizi, Zəngəzur torpağı! Tarixi torpağımızdan reportaj hazırlamaq diləyi ilə, əziz oxucumuz...

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 31.01.2023 20:46