AZ EN RU

Ümumdünya Uşaq Hüquqları Gününə həsr olunmuş interaktiv dərs

    Noyabrın 15-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün “Gələcəyimiz olan uşaqların hüquqlarını qoruyaq” mövzusunda interaktiv dərs keçilib.  
    Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə təşkil edilmiş interaktiv dərs zamanı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Rəmzi Həsənov Ümumdünya Uşaq Hüquqları Gününün yaranması və əhəmiyyəti, uşaq hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq və milli qanunvericiliyin tələbləri barədə məlumat verib.
    Qeyd olunub ki, uşaq hüquqlarını qorumaq üçün ilk təşəbbüs 1924-cü ildə Millətlər Cəmiyyətinin hazırladığı “Cenevrə Bəyannaməsi” ilə yaranıb, 1959-cu ildə isə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi “Uşaq Hüquqları Bəyannaməsi”ni qəbul edib. Lakin bəyannamənin hüquqi qüvvəsi olmadığından 1979-cu ildən təşkilat bu işin həlli ilə bağlı xüsusi işçi qrupu yaradaraq 20 noyabr 1989-cu il tarixdə rəsmi şəkildə “Uşaq hüquqları haqqında Konvensiya”nı qəbul edib. 
    Vurğulanıb ki, uşaqların hüquqlarının müdafiəsi, onların inkişafı ilə bağlı Azərbaycan Respublikasında möhkəm hüquqi baza mövcuddur. Belə ki, Azərbaycan Respublikası 21 iyul 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında Konvensiyası”na, 2002-ci ildə isə konvensiyanın iki əlavə protokoluna qoşulub. 1993-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə bu sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ardıcıl islahatlar həyata keçirilib, ölkəmizdə dövlət uşaq siyasətinin hüquqi əsasları formalaşdırılıb, zəngin qanunvericilik bazası yaradılıb. 
   “Bu gün muxtar respublikamızda da uşaqların sağlamlığının qorunmasına, təhsilinə, təlim-tərbiyəsinə xüsusi diqqət və qayğı göstərilir”, – deyə çıxışına davam edən məruzəçi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın təsdiq edildiyini, uşaqların elektron məlumat bankının yaradıldığını, uşaq hüquqlarının müdafiəsi üçün dövlət qurumları arasında koordinasiya və nəzarət sisteminin təkmilləşdirildiyini, Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə ekspert qrupunun yaradıldığını diqqətə çatdırıb.
    Qeyd edək ki, interaktiv dərs muxtar respublikanın 200-dən çox ümumtəhsil məktəbinin şagirdləri tərəfindən dinlənilib.

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin

(Ombudsmanın) mətbuat xidməti

Nəşr edilib : 15.11.2022 19:20