AZ EN RU

Texnologiyalar Parkının tikintisi davam etdirilir

    Təməli böyük ideyalar üzərində qurulan ölkə təhsilinin prioritet istiqamətlərindən biri də Avropa tipli təhsil ənənələrinin yaradılmasıdır ki, artıq bu istiqamət üzrə bir çox yeniliklər ölkəmizdə, həmçinin muxtar respublikamızda tətbiq olunur. Köklü təhsil ənənələri ilə seçilən Naxçıvan Dövlət Universitetində bu istiqamətdə görülən işlər öz bəhrəsini verir, ali təhsil ocağı hər il yeni uğurlara imza atır. Həmin ilklərdən biri də universitet ərazisində yaradılan Texnologiyalar Parkıdır. Naxçıvan Muxtar Respublikası Ali           Məclisi Sədrinin 2020-ci il dekabrın 14-də imzaladığı “Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında” Sərəncam ilə Texnologiyalar Parkının tikintisinə başlanılmış, bu istiqamətdə mühüm işlər icra olunmuşdur. 

    Üç ilə yaxın müddətdir ki, tikintisi davam etdirilən Texnologiyalar Parkının yaradılması istiqamətində qarşıya qoyulmuş tapşırıqlar uğurla icra olunur. Naxçıvan Dövlət Universitetinin Tədris şöbəsinin müdiri Şahin Əliyevin verdiyi məlumata əsasən yeni qurulacaq texnoparkda energetika, gülkarlıq, tingçilik, kənd təsərrüfatı və aqronomluq, coğrafiya, üzümçülük, meliorasiya, arıçılıq sahələri, tədris otaqları və sərgi-biopark, texnopark binaları, eləcə də Nəbatat bağı fəaliyyət göstərəcəkdir. Texnopark üçün zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarət yeni bina inşa olunacaqdır. Zirzəmidə texnoservis, nanoaraşdırmalar, biotexnologiyalar, prototip mərkəzləri, proqramlaşdırma və avtomatlaşdırma, kafe və təsərrüfat otaqları nəzərdə tutulmuşdur. 
    Birinci mərtəbədə Şərur Sənaye Məhəlləsinin, Naxçıvan Məhsullarının, Microsoft şirkətinin, “Naxtel” 4G operatorunun, CISCO, KOICA, Bakunity və digər gələcək rezident şirkətlərin ofisləri yerləşəcəkdir. 
    İkinci mərtəbədə innovasiya, layihələrin əlaqələndirilməsi, informasiya texnologiyaları xidmətləri, süni intellekt elmi-tədqiqat mərkəzləri, incəsənət, dizayn və memarlıq layihələri xidməti, elektronika və digər iş otaqları olacaqdır. 
       Üçüncü mərtəbədə biznes inkubatoru, ideya bankı, Co-working mərkəzi, startap mərkəzləri nəzərdə tutulmuşdur. Dördüncü mərtəbədə 3 müzakirə otağı və 240 nəfərlik akt zalı yerləşəcəkdir. Həmçinin biopark binasında Naxçıvan faunasına aid nümunələrin yerləşdiyi muzey, APİAİR müalicə sahəsi, arı südü, arı zəhəri analizləri laboratoriyası, arı mayalandırma, barama, dovşan, ağ siçan və zəli yetişdirmə sahələri fəaliyyət göstərəcəkdir. 
    Əminliklə demək olar ki, yaradılan şərait nəticəsində bu il 55 illik yubileyini qeyd edən Naxçıvan Dövlət Universiteti bundan sonra da diyarımızda savadlı, bilikli kadrların yetişməsinə öz töhfəsini verəcək.

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 20.12.2022 19:07