AZ EN RU

Təsərrüfatçılar yerkökü istehsalına da üstünlük verirlər

    Münbit torpaqları və əlverişli iqlim şəraiti ilə seçilən Şərur rayonunda 2 min 58 hektarda tərəvəz, o cümlədən 1376 hektarda kartof yetişdirilib. Rayonun Cəlilkənd, Aralıq, Zeyvə, Xələc, Düdəngə, Sərxanlı, Məmmədsabir və digər yaşayış məntəqələrində daha çox tərəvəz əkilir. Hazırda ailə təsərrüfatçıları yetişdirdikləri tərəvəz məhsullarının tədarükü ilə məşğul olurlar. Xüsusən də soyuducu anbarlara yığılan kartof, soğan, yerkökü və digər meyvə-tərəvəzlər çeşidlənir, bazar və yarmarkalara çıxarılır. Ötən il əkin sahələrindən bol yerkökü toplayan ailə təsərrüfatçıları bu il də yerkökü sahələrini genişləndiriblər. Rayonda kartof yığımı başa çatdıqdan sonra həmin ərazilərdə növbəli əkin sistemini tətbiq etməklə avqust-sentyabr aylarında yerkökü əkilib. 
    Yuxarı Aralıq kənd sakini Fəzail Ağayevin başçılıq etdiyi ailə təsərrüfatı 20 ilə yaxındır ki, səmərəli fəaliyyət göstərir. Həmin təsərrüfat tərəfindən 7 hektar sahədə kartof, 2 hektarda soğan, 1,7 hektarda kələm, 2,5 hektarda yerkökü və digər bitkilər əkilib-becərilir. Çəkilən zəhmət bəhrəsini verir, 10 tonlarla müxtəlif çeşiddə keyfiyyətli səbzə-tərəvəz məhsulları istehsal edilib satışa çıxarılır, əhalinin bu məhsullara olan tələbatı yerli imkanlar hesabına ödənilir. Üstəlik də, ailə təsərrüfatının qazancı artır, büdcəsi zənginləşir.
    Fəzail Ağayev ailə təsərrüfatını genişləndirmək üçün 2 il bundan əvvəl dövlətdən 35 min manat kredit götürüb. Bunun da sayəsində əkilən torpaq sahələrini artıraraq 12 hektara çatdırıb. İqtisadi səmərəliliyi nəzərə alınaraq yerkökü sahələri də ilbəil genişləndirilir. Ötən il 1,8 hektarda yerkökü yetişdirən təsərrüfatçılar 20 ton məhsul götürüblər. Bu il isə 2,5 hektarda məhsul yetişdirilib. Hələlik 28 ton yerkökü toplanıb. Məhsulun bazar və yarmarkalara çıxarılması və qış aylarında satışının təşkil edilməsi məqsədilə də müvafiq işlər görülür. Ailə təsərrüfatının üzvləri tərəfindən toplanılan məhsul təmizlənir, yuyulur, çeşidlənərək paketlənir. 
    Onu da bildirək ki, əhalini qış aylarında faraş meyvə-tərəvəzlə təmin etmək üçün anbarlar çox sərfəlidir. Bu gün rayonda 26 sahibkar tərəfindən inşa edilən və ümumi tutumu 8 min 830 ton olan 30 soyuducu anbar fəaliyyət göstərir. Hazırda həmin anbarlara ailə təsərrüfatçılarının yetişdirdikləri kartof, soğan, yerkökü, müxtəlif meyvələr və digər məhsullar tədarük edilir. Haqqında söhbət açdığımız ailə təsərrüfatçısı 300 ton tutumu olan soyuducu anbar inşa edib. Bu anbara kartof, soğan, yerkökü və digər meyvə-tərəvəzlər tədarük edilir. Bu il təsərrüfatda 7 hektarda kartof yetişdirilib, 220 ton məhsul tədarük olunub. Bu məhsulun bir hissəsi Şərur və Naxçıvan bazarlarında satılıb, qalan hissəsi isə sahibkarın soyuducu anbarına yığılıb.    
    Yaradılan şərait, qazanılan uğurlar və əldə edilən qazanc ailə təsərrüfatını ilbəil genişləndirməyə imkan verir. Hazırda bu nümunəvi təsərrüfatda 7 nəfər daimi və 20 nəfər mövsümi işçi çalışır. 

Xəbərlər şöbəsi

Nəşr edilib : 19.12.2022 20:15