AZ EN RU

Teleradiolarda ədəbi dilin qorunması diqqətdə saxlanılır

    Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurası tərəfindən 2022-ci ilin iyun ayında muxtar respublikada fəaliyyət göstərən teleradioların monitorinqi aparılmış, fəaliyyətləri təhlil edilmişdir. Müşahidə edilən nöqsanlar operativ şəkildə teleradiolara bildirilmiş və aradan qaldırılmışdır.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən qəbul edilmiş fərman və sərəncamlar, Dövlət proqramlarının icrası teleradioların efirində operativ şəkildə işıqlandırılmışdır. 
    Hesabat dövründə Naxçıvan televiziyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirak etdiyi tədbirlərə həsr olunmuş 10 telematerial hazırlanmışdır. 
    İyun ayında televiziyanın proqram cədvəlində əlamətdar günlərlə bağlı verilişlər üstünlük təşkil etmişdir. Hesabat dövründə yaddaqalan digər verilişlər sırasında “Günün tələbi”, “Öncə sağlıq”, “Bərəkət”, “Nuhçıxan-Naxçıvan”, “Din və cəmiyyət”, “Birlikdə öyrənək”, “Çağdaş təhsil”, “Yaşıl işıq”, “Həftə içi”, “Müəllimlik nümunəsi”, “İdman vaxtı”, “Gəncliyin səsi”, “İcmal”, “İşinin adamı”adlı telelayihələrin adlarını çəkə bilərik.
    Qeyd edək ki, 22 aprel 2022-ci il tarixdə Televiziya və Radio Şurasının fəaliyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilən iclasda verilən tapşırıqlara əsasən televiziya və radiolarda ədəbi dil normalarının qorunması ilə əlaqədar monitorinq keçirilmiş, ədəbi dil normalarına riayət, ümumilikdə, müsbət qiymətləndirilmişdir. 
    İyun ayında Naxçıvan radiosunda hesabat dövründə efirə verilən “Teatr görüşləri”, “Yazıçı və zaman”, “Təhsil və zaman”, “Retro Azərbaycan”, “90 ilin səsi”, “Zərif qəhrəman”, “Könül dünyamız”, “Sizdən soruşuruq” verilişləri yaddaqalan olmuşdur.
    “Kanal 35” televiziyasının efir fəaliyyəti yaxından izlənilmiş, televiziya ilə qarşılıqlı yaradıcılıq mübadiləsi aparılmışdır. İyun ayında da müşahidə edilən çatışmazlıqlar televiziyaya bildirilmiş, yaradıcı işlə bağlı təkliflər diqqətə çatdırılmışdır. İyunun 11-də muxtar respublikada ilk dəfə keçirilən “STEAM təhsil festivalı”nın gündəliyi operativ olaraq işıqlandırılmışdır. “STEAM həftəsi”, “STEAM təhsil festivalı”, “STEAM Naxçıvan” kimi telematerialları uğurlu layihə kimi qiymətləndirmək olar.
    Televiziya və Radio Şurası və “Kanal 35” televiziyasının birgə əməkdaşlığı ilə televiziyalarda tamaşaçıların yaş həddini təyin edən xəbərdaredici nişanlarla bağlı sosial çarx hazırlanmışdır ki, bu çarx artıq efirə yayımlanmaqdadır. Sosial çarxın digər televiziya kanallarında yayımlanması da nəzərdə tutulur. 
    Hesabat dövründə “Naxçıvanın səsi” radiosunun efiri izlənilmiş, təqdim edilən konsert proqramları və canlı verilişlərin təhlili aparılmışdır. İyun ayında radio yeni bir layihə olan “Şagirdlə efir vaxtı” verilişini təqdim etmişdir. Ay ərzində “Salam Naxçıvan”, “Təhsilə dair”, “Laləli dəqiqələr”, “Söz inciləri”, “İdman saatı”, “Sizin səsiniz”, “Şənbə söhbətləri”, “Müzakirə vaxtı”, “Həyatın içindən”, “Günellə hüququnu bil”, “Günayla günaydın” və digər canlı verilişlər efirə yayımlanmışdır. 
    Naxçıvan Dövlət Universiteti televiziyasının fəaliyyəti yaxından izlənilmiş, televiziyaya yaradıcı dəstək göstərilmiş, yol verilmiş nöqsanların efirəqədərki prosesdə aradan qaldırılması ilə bağlı işlər aparılmışdır. İyunun 6-da Universitet televiziyasının efirində Naxçıvanda keçirilmiş I Beynəlxalq Tibbi Forumun tanıtım çarxı hazırlanaraq efirə yayımlanmışdır. Videomaterial yaradıcılıq baxımından yaddaqalan olmuş, sosial şəbəkə platformalarında ən çox izlənilən və paylaşılan materiallar sırasında yer almışdır.

Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurası

Nəşr edilib : 27.07.2022 21:26