AZ EN RU

Tələbələrin gələcəyə doğru irəliləməsi üçün zəmin yaradılır

Muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin birinci kurs tələbələri və Heydər Əliyev adına Hərbi Lisey kursantlarının iştirakı ilə “Gələcəyə doğru” layihəsi çərçivəsində görüş keçirilib. Tədbir “Naxçıvan” Universitetinin konfrans zalında təşkil olunub. Öncə ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Universitetin rektoru, dosent Nurlana Əliyeva gəncləri salamlayaraq onları tələbə və kursant adına yiyələnmələri münasibətilə təbrik edib. Rektor muxtar respublikada elmli, dünyagörüşlü, vətənpərvər gənclik modelinin formalaşdığını, tələbə gənclərin ixtisaslı kadr kimi yetişməsi üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb. Gənclərin uğurlu gələcəyi üçün müasir metodların tətbiqi, onların müxtəlif aparıcı vəzifələrə irəli çəkilməsi, ideyalarının dəstəklənməsi, əməklərinin qiymətləndirilməsi və digər zəruri addımlar yetişməkdə olan gəncliyə mühüm töhfədir.                                          Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasətinin hər zaman xüsusi yer tutduğunu, bu siyasi xəttin ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan gəncliyinin müasir inkişaf nümunəsinə çevrildiyini vurğulayıb. 

Dövlət gənclər siyasətinin muxtar respublikada uğurla həyata keçirildiyini deyən nazir Ali Məclis Sədrinin rəhbərliyi ilə həyata keçirilən geniş tikinti-quruculuq işləri və aparılan islahatlar sayəsində Naxçıvan gənclərinin təşkilatlanması və fəaliyyəti üçün hərtərəfli şərait yaradıldığını diqqətə çatdırıb. Bildirib ki, Naxçıvanın müasir mühiti yeni nəslin təhsilinə, sağlamlığına və gələcək inkişafına əsaslı şəkildə təsir edir. Gənclərin şəxsi inkişafı və yeni karyera imkanlarına yiyələnməsi, yaradıcılıq potensialının yüksəldilməsi və asudə vaxtının səmərəli təşkili daim diqqətdə saxlanılır, müxtəlif sahələrdə fərqlənən istedadlı gənclər dövlət qayğısı ilə əhatə olunurlar. Bu ənənəvi yanaşma muxtar respublika gənclərində stimul yaradır, onların öz üzərində daha səylə çalışmasına təkan verir.     

Nazir “Gələcəyə doğru” layihəsinin gənclərin müxtəlif sahələr üzrə ilkin təcrübə qaynağına çevriləcəyinə, onların yaradılan imkanlardan bəhrələnərək özünü inkişaf etdirəcəyinə və xalqımız, dövlətimiz üçün layiqli vətəndaş olacaqlarına inamını ifadə edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb.    Nazirliyin şöbə müdiri İlahə Haqverdiyeva slayd vasitəsilə gənclərlə iş sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Fəal gənc, “Naxçıvan” Universitetinin birinci kurs magistrantı Elmar İsgəndərov öz könüllülük fəaliyyəti barədə danışıb, gənclərə yaradılan şəraitə görə minnətdarlığını ifadə edib.

Sonra Naxçıvan Televiziyası tərəfindən hazırlanmış gənclər siyasəti ilə bağlı videosüjet nümayiş olunub. Sonda ictimai həyatda və təhsil sahəsində fərqlənən II kurs tələbələri nazirlik tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.

                               Naxçıvan Muxtar Respublikası Gənclər və

İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 21.10.2022 11:01