AZ EN RU

Təbrizdə 20 Yanvar faciəsi ilə əlaqədar sərgi keçirilib

    Yanvarın 18-də Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunda 20 Yanvar faciəsində həyatlarını qurban vermiş şəhidlərin əziz xatirəsinə həsr olunmuş sərgi keçirilmişdir.
    Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Baş konsul Əliyənnağı Hüseynov demişdir ki, 20 yanvar gecəsi Azərbaycan xalqına qarşı törədilmiş cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktı idi. Həmin gün dinc əhalinin üstünə qoşun yeridilməsi BMT Nizamnaməsini və beynəlxalq hüquq normalarını pozmuşdu. Məhz belə bir ağır şəraitdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev SSRİ-nin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətliama etirazını bildirmiş, bütün təzyiqlərə baxmayaraq, dahi lider yanvarın 21-də Azərbaycan SSR-in Moskvadakı Daimi Nümayəndəliyinə gələrək burada təşkil olunmuş izdihamlı yığıncaqda çıxış etmiş, bu ağır günlərdə doğma xalqı ilə birgə olduğunu bəyan etmişdir. 
    Əliyənnağı Hüseynov bildirmişdir ki, 20 Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Bu faciəyə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə verilmişdir. Ulu öndərin tövsiyəsi ilə Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilmişdir. 
    Baş konsul qeyd etmişdir ki, yanvarın 19-dan 20-nə keçən gecə tökülmüş qanlar Azərbaycan xalqının müstəqillik uğrundakı mübarizə əzmini qıra bilməmiş, igid oğul və qızlarımız şəhidlik zirvəsinə yüksələrək xalqımızın yenilməzliyini nümayiş etdirmişdir. 2020-ci il sentyabrın 27-də başlanan və Azərbaycanın şanlı qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində müstəqil Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalanlar 30 ildən sonra mənsub olduqları xalqın cəsarət və qəhrəmanlığını yenidən bütün dünyaya nümayiş etdirdilər. Azərbaycanda şəhidlərin əziz xatirəsinə və onların ailələrinə hər zaman xüsusi diqqət və qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 20 Yanvar şəhidlərinin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqətdə saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.
    Sonra 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilmiş və sərgi ilə tanışlıq olmuşdur.
    Sərgidə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb nümayəndəliyinin rəhbəri Əkbər İsazadə, Şərqi Azərbaycan vilayəti valiliyinin Siyasi məsələlər Baş İdarəsinin rəisi Həsən Həqiqiyan, Türkiyənin Təbrizdəki Baş konsulu Çətin Taner və Baş Konsulluğun əməkdaşları, Şərqi Azərbaycan Vilayəti Mətbuat Evinin rəhbəri Murtəza Şəfii və Təbrizdə yaşayan Azərbaycan vətəndaşları iştirak etmişlər. 

“Şərq qapısı”

Nəşr edilib : 20.01.2022 17:51