AZ EN RU

Talançı xislətlilər...

Məlum olduğu kimi, Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarının nəzarətindəki yolun bir hissəsində yüzlərlə ekofəal və qeyri-hökumət təşkilatlarının üzvləri, eləcə də jurnalistlər ətraf mühitin qorunması tələbi ilə aksiya keçirirlər. Aksiyanın keçirilməsində məqsəd Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq”, “Dəmirli” mədənlərində monitorinqin aparılmasına icazə verilməsini tələb etməkdən ibarətdir. Etirazçılar Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-mayor Andrey Volkovun əraziyə gəlməsini tələb  edirlər. Etirazçılar məsələ həll olunana kimi burada qalacaqlarını deyirlər.

   Bu məsələlərin gedişatına diqqət etdikdə insanı bir sual düşündürür. Bir xalq olaraq bu qədərmi acgözlük nümayiş etdirmək olar? Mən bu insanları da qınamıram. Çünki bir millətin ki xisləti talançılıq oldu, onlardan hər şey gözləmək olar. Maraqlı cəhət orasındadır ki, bu məxluqlar başlarına gələn heç bir hadisədən dərs almaq istəmirlər. Halbuki 44 gün davam edən II Qarabağ müharibəsi ermənilər üçün ən böyük dərs olmalı idi. Məgər onlar görmədilərmi igid oğullarımız canları, qanları bahasına 30 illik həsrətimizə necə son qoydular? Qəlbimizdə olan Vətən nisgilini silib kənara atdılar. İşğaldan azad olunmuş torpaqlarımızda üçrəngli bayrağımızı dalğalandıraraq torpaqdan pay ola bilməyəcəyini göstərdilər. 

Topxanadan başlanan acgözlük...

    1980-ci illərin axırlarından erməni işğalçılarının azərbaycanlılara hücum etdikləri, qətlə yetirdikləri barədə xəbərlər yayıldı. İşğalçıların qəddarlığının, vəhşiliyinin həddi-hüdudu yox idi. Yaşadığı el-obanın malında gözü olan talançı erməni quldurları oradakı azərbaycanlıların rahat həyatına son qoyduqları kimi, təbii sərvətləri də talamağa başladılar. 1988-ci ildə viran qoyulan təbii sərvətlərimizdən biri də cənnətməkanımız Şuşada yerləşən təbiətin möcüzəsi sayılan Topxana meşəsi oldu. Şuşa ətrafındakı torpaqların 20 faizini əhatə edən meşə fıstıq, qaraağac, palıd kimi ağaclardan, eləcə də heyvanat aləmi – canavar, tülkü, dovşan, cüyür və digər heyvanlardan, kəklik, turac, göyərçin kimi gözəl quşlardan ibarət idi.  1988-ci ilin noyabrında erməni təcavüzkarlarının Topxana meşəsini məhv etməyə başlaması xəbəri bütün Azərbaycanda kəskin etirazlara səbəb oldu. XX əsrin sonlarında ölkə­mizin ərazi bütövlüyünə, torpaqlarına qəsd edən erməni quldurları yalnız soydaşlarımızı qətlə yetirmədilər, onlar həmin ərazilərdə həm də ekoloji soyqırımı həyata keçirdilər.
    Otuz ilə yaxın işğal müddətində Topxanadan palıd və digər qiymətli ağaclar kəsilərək Ermənistana daşındı. Həmin müddət ərzində meşə talan olundu, bitki örtüyü, heyvanat aləmi məhv edildi. O vaxt insanlar ayağa qalxdı. Xalq hərəkatı Bakının ən böyük meydanında yüz minlərlə insanın toplaşması ilə başladı. Topxana meşəsi ilə başlanan 1988-ci ilin meydan hadisələri daha sonra Azərbaycan milli azadlıq hərəkatına çevrildi. Bu hərəkat Azərbaycanda müstəqillik aktının qəbul olunması ilə nəticələndi və Azərbaycan ikinci dəfə müstəqil dövlət olaraq öz varlığını dünyaya elan etdi. Bunun ardınca isə 1990-cı illərdə ölkəmizə rəhbərlik edənlər torpaqlarımızın bir qisminin ermənilərə verilməsi qarşılığında hakimiyyətdə əbədi qalacaqlarına inanmış və torpaqlarımızın satılmasına dair imza atmışdılar. Həmin hadisələrdə əliyalın insanlar torpaqlarımızın müdafiəsi uğrunda sinələrini önə verib düşmən qarşısına çıxdılar. Saysız şəkildə şəhidlər verdik, qazilər qazandıq. Doğma torpaqlarımızdan məcbur ayrılmalı olduq. Bağrımıza daş kəsildi. Yurd-yuvalarımız uzun illər bağlı saxlanıldı. Doğmalarımızın məzarlarına həsrət qaldıq. Əzəli torpaqlarımız düz 30 il göz yaşı tökdü. Torpağımız üzərində gəzən yad ayaqların olduğunu duymuşdu artıq. Xarıbülbülüm azadlığa qovuşacağı günü həsrətlə gözləyirdi. Bizlərinsə qəlbini Vətən nisgili göynədirdi. Yaramız nə qədər dərin olsa da, dərdimizə dərman tapılacağı günün ümidi ilə yaşayırdıq...

30 illik Vətən həsrətinə son 
qoyulduğu gün...

Belə bir deyim var: İnsan birinin həsrətini çəkməyincə, həsrətin nə olduğunu anlamaz. Bizim sinəmiz isə Vətən həsrəti ilə alışıb-yanırdı. İgid oğullarımız göynəyən yaramıza məlhəm oldu, onların sayəsində 30 il düşmən əsarətində sızlayan torpaqlarımız 2020-ci ildə azadlığına qovuşdu. Şükürlər olsun, Ulu Yaradana bu günləri yaşamaq, bu xoşbəxt anları izləmək bizim və övladlarımızın qisməti oldu. Bu anları xalqımıza yaşadan müzəffər Ordumuzun Ali Baş Komandanı, ölkə başçısı cənab İlham Əliyevə minnətdarıq. Şanlı Zəfərimizin böyük sevincinin səbəbkarları olan qazilərimizə borcluyuq. Və doğma torpaqlarımıza qayıdış sevgisini bizə yaşadan şəhid qardaşlarıma, “RUHUNUZ ŞAD OLSUN!” deyirəm və sizi böyüdən analar qarşısında baş əyirəm.

Etiraz aksiyası davam etməkdədir...

Artıq 1 aydan çoxdur ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda  keçirilən etiraz aksiyası davam etməkdədir. Havanın şaxtalı olmasına baxmayaraq, könüllülər yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər. Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi dəyişməz qalır. Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!” şüarlarını səsləndirirlər. Aksiya iştirakçıları günlərdir, yüksək əzm, mətanət nümayiş etdirirlər. 
    Məlumat üçün deyək ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazir­liyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. 
    Bir sözlə, belə soyuq hava şəraitində insanlıqdan anlayışı olmayan məxluqlarla qarşı-qarşıya dayanan fəal könüllü aksiya iştirakçılarının yanlarında olmasaq da, qəlbimiz onlarla birgədir. Sonda isə onu deyə bilərəm ki, nə qədər ki qəlbi Vətən eşqi ilə döyünən Azərbaycan gəncliyi var, nə qədər ki biz gənclərin qayğısına qalan ölkə başçısı cənab İlham Əliyev var, ölkə­miz daha da irəli gedəcək, inkişaf edəcək, hər zaman zirvələri fəth edib ən yüksək məqamda qərar tutacaqdır!

Nuray ƏSGƏROVA
jurnalist 

Nəşr edilib : 25.01.2023 21:06