AZ EN RU

Strateji mövqedə yerləşən Naxçıvan ölkəmizin təhlükəsizliyi, inkişafı üçün xüsusi rol oynayır

Ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev siyasi xəttinə sarsılmaz sədaqət bütün sahələrdə yeniləşməyə və tərəqqiyə doğru hərəkatın başlıca hərəkətverici qüvvəsinə çevrilib. Ötən illər ərzində aparılan məqsədyönlü siyasət nəticəsində sosial-iqtisadi inkişafa nail olunub. Bununla yanaşı, muxtar respublikada həm də insan amilinə xüsusi diqqət yetirilir. Oktyabr ayında da dövlətin vətəndaşına göstərdiyi diqqətin nümunəsinə çevrilən, insan amilinə verilən yüksək dəyəri ifadə edən bir sıra tədbirlərlə tarixdə öz yerini tutub. Bu baxımdan, ötən ayın ümumi mənzərəsinə nəzər yetirdikdə bəzi mühüm məqamlar diqqəti cəlb edir.

Oktyabr ayında biz blokada şəraitində yaşayan Naxçıvanın beynəlxalq idman yarışlarının keçirildiyi cazibədar bir məkana çevrildiyinin bir daha şahidi olduq. Muxtar respublikanın gələcək inkişafına etibarlı zəmin yaradan və geniş miqyas alan kompleks quruculuq-abadlıq işlərinin, xüsusi qayğıya ehtiyacı olan şəxslərə göstərilən diqqətin, insanların həyat şəraitinin daha yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin və iqtisadi resursların insan kapitalına çevrilməsi prinsipinin bir daha əməli iş müstəvisinə çəkilməsinin mühüm nəticələrini gördük. Bu gün muxtar respublikada çox böyük əhəmiyyət kəsb edən ərzaq, enerji və hərbi təhlükəsizliyin təmin olunmasının daim diqqət mərkəzində olduğunu, sosialyönümlü, diversifikasiya olunmuş, özünüinkişaf qabiliyyətli iqtisadiyyatın daha da möhkəmlənməsi istiqamətində real işlərin görüldüyünü müşahidə etmək qürurvericidir. Bu günədək keçdiyi yolda ən uca zirvəyə yüksələn müasir Naxçıvan Azərbaycan dövlətinin iqtisadi gücünün, onun həyata keçirdiyi inkişaf konsepsiyasının möhtəşəm nümunəsidir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Naxçıvan strateji mövqedə yerləşir, ölkəmizin təhlükəsizliyi, inkişafı üçün xüsusi rol oynayır. Bu mənada, muxtar respublikaya göstərilən diqqət və qayğı, burada aparılan genişmiqyaslı quruculuq, abadlıq işləri respublikamızın milli maraqlarının tələbidir.

Məşğulluq təmin olunur, milli dəyərlərimiz yaşadılır

Naxçıvan Muxtar Respublikasında istedadlı qadınların və fiziki imkanları məhdud şəxslərin məşğulluğunun təmin olunması diqqətdə saxlanılır. Məhdud fiziki imkanlı şəxslər və istedadlı qadınların əl işlərindən ibarət sərgi-satışların təşkil olunması onların sosial təminatı ilə yanaşı, həm də dəyərlərimizin yaşadılmasına xidmət edir. Sentyabrın 28-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında məhdud fiziki imkanlı şəxslər və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışı açılıb. Oktyabrın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərgiyə baxıb.

Ali Məclisin Sədri sərgi-satış iştirakçılarına təşəkkürünü bildirib, məhdud fiziki imkanlı şəxslər və qadınlar tərəfindən milli dəyərlərimizin tərkib hissəsi kimi formalaşan sənətkarlıq sahələrinin yaşadılmasının məmnunluq doğurduğunu qeyd edib.

Sərgi-satışa 442 şəxsin müxtəlif janrlarda çəkdikləri rəsm əsərləri və əl işlərindən ibarət 10 min 668 yaradıcılıq nümunəsi çıxarılıb. Sulu və yağlı boya ilə işlənən tablolarla yanaşı, dekorativ, tikmə, toxuma və aplikasiyalar, taxta üzərində yandırma və oyma işləri, xalçalar, toxuculuq nümunələri və bir-birindən maraqlı digər dekorativ tətbiqi sənət nümunələri maraqla qarşılanıb.

Muxtar respublika beynəlxalq şahmat mərkəzlərindən birinə çevrilib

Naxçıvan Muxtar Respublikasında şahmatın inkişafına göstərilən diqqət, ümumtəhsil məktəblərində şahmat fənninin tədris olunması intellektual səviyyəli gənc nəslin formalaşmasına öz təsirini göstərir. Çünki rəqəmsal və vizual informasiyaya əsaslanan şahmat oyunu zamanı qiymətli intellektual qidalanma qazanılır, təfəkkür, emosional dözümlülük və iradə inkişaf edir, düşünmə qabiliyyəti artır, intizam möhkəmlənir.

Sevindirici haldır ki, bu gün diyarımızda yaradılan şahmat infrastrukturu, şahmat məktəblərinin fəaliyyəti örnək, nümunə kimi qəbul edilir. Muxtar respublikada hər il keçirilən ənənəvi beynəlxalq şahmat festivallarında naxçıvanlı şahmatçıların dünya və Avropa çempionları, beynəlxalq reytinqli şahmatçılarla qarşılaşması isə onlara böyük təcrübə qazandırır. Bu həm də qlobal idman arenasında uğurlu nəticələri ilə diqqəti cəlb edən muxtar respublikanın, ümumilikdə isə ölkəmizin tanıdılması baxımından böyük əhəmiyyətə malikdir.

Ümumdünya Şahmat Federasiyası Naxçıvan şəhərində 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının keçirilməsi ilə bağlı qərar verib, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 21 iyun tarixli Sərəncamına əsasən olimpiadanın keçirilməsi üzrə Təşkilat Komitəsi yaradılıb, olimpiadaya hazırlıq işləri başa çatdırılıb.

Oktyabrın 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç ilə görüşüb. Görüşdə Naxçıvanda 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının keçirilməsinə verilən dəstəyə görə təşəkkür ifadə olunub, Naxçıvan Muxtar Respublikasında şahmatın inkişafı sahəsində görülən işlər və bu idman növünün kütləviləşməsi ilə bağlı həyata keçirilən tədbirlərdən danışılıb, olimpiadanın yüksək səviyyədə təşkil edildiyi bildirilib.

Həmin gün Naxçıvan Dövlət Milli Dram Teatrında 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının açılış mərasimi keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov və Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov açılış tədbirində iştirak ediblər.

Ali Məclisin Sədri Naxçıvan şəhərində 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının açılışı münasibətilə olimpiadanın bütün iştirakçılarını təbrik edib, olimpiadada iştiraklarına görə şahmatçılara və qonaqlara təşəkkürünü bildirib, qələbə arzulayıb, 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasını açıq elan edib.

Uşaqlara göstərilən diqqət gələcəyimizə göstərilən qayğının nümunəsidir

“Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi necə tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”, - deyən ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət-uşaq siyasəti bu gün ölkəmizdə uğurla davam etdirilir, uşaqların layiqli vətəndaş olaraq formalaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Muxtar respublikada da uşaqların təlim-tərbiyəsinə və təhsilinə xüsusi diqqətlə yanaşılır, bütün təhsil pillələri, o cümlədən məktəbəqədər tərbiyə müəssisələri üçün müasir şərait yaradılır. Görülən işlərin davamı olaraq oktyabrın 5-də - Beynəlxalq Müəllimlər Günündə Naxçıvan şəhərində 8 nömrəli yeni uşaq bağçası istifadəyə verilib.

Ali Məclisin Sədri Beynəlxalq Müəllimlər Günü münasibətilə muxtar respublikanın bütün pedaqoji kollektivlərini, uşaq bağçasının istifadəyə verilməsi münasibətilə isə ailələri və burada işlə təmin olunanları təbrik edib, yaradılan şəraitdən düzgün istifadə olunacağına əminliyini bildirib, kollektivə işlərində uğurlar arzulayıb.

Sonra bağçaya baxış olub. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan 210 yerlik uşaq bağçasında hər birində yataq otağı, mətbəx, tədris zalı olan 11 qrup fəaliyyət göstərəcək. Uşaq bağçasının körpələr qrupuna 45, orta qrupuna 80, böyüklər qrupuna 40, məktəbəhazırlıq qrupuna isə 12 olmaqla, ümumilikdə, 177 uşaq qəbul edilib. Binada müdir, valideynlər, tibb otaqları, 2 oyun zalı, tədbir zalı, metodik kabinə, dərzi, camaşırxana, təmiz paltarlar və paltardəyişmə otaqları, müəllimlər üçün yeməkxana, mətbəx, bufet, 3 anbar, metodist və təsərrüfat müdiri otaqları vardır. Binanın həyətində uşaqlar üçün əyləncə və istirahət guşəsi yaradılıb, yaşıllıq salınıb, işıqlandırma sistemi çəkilib.

Dini-mənəvi dəyərlərin qorunmasına xüsusi diqqət yetirilir

İnsanları humanizm və bəşəri ideyalar ətrafında birləşdirən İslam dini tarixən xalqımızın dünyagörüşünün formalaşmasında və dini-mənəvi dəyərlərimizin inkişafında müstəsna rol oynayıb, Azərbaycanda islami dəyərlərin qorunub yaşadılmasına xüsusi diqqət yetirilib. “İslam dininin banisi Həzrəti Məhəmməd Peyğəmbərin mövlud günü bizim böyük bayramımızdır”, – deyən ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət-din münasibətləri bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir, mütərəqqi dini dəyərlər və ənənələr həmişə uca tutulur. Naxçıvan Muxtar Respublikasında da islami dəyərlər qorunub yaşadılır, yeni məscid binaları tikilərək istifadəyə verilir, dini mərasimlər keçirilir. İslamın digər bayramları kimi, Məhəmməd Peyğəmbərin mövludu günü də hər il muxtar respublikada qeyd olunur.

Oktyabrın 7-də Ali Məclisin Sədri Naxçıvan şəhərindəki Came məscidinə gəlib, Peyğəmbərimizin mövludu münasibətilə keçirilən tədbirdə iştirak edib. “Qurani-Kərim”dən ayələr oxunub, xalqımıza əmin-amanlıq, ölkəmizə inkişaf və tərəqqi arzulanıb, şəhidlərimizə rəhmət dilənib. Ali Məclisin Sədri Məhəmməd Peyğəmbərin mövludu günü münasibətilə dindarları təbrik edib.

Quruculuq salnaməsi layiqli nümunələrlə zənginləşdirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Biz inamla irəliyə gedirik. İrəliyə getmək üçün bizim yolumuz açıqdır. Bu yolun təməlini Ulu Öndər qoymuşdur. Bir daha demək istəyirəm ki, biz bu siyasətə sadiqik. Bizim yolumuz müstəqillik, milli ləyaqət, inkişaf, tərəqqi yoludur. Bizi bu yoldan heç kim döndərə bilməz”.

Bu gün dövlət başçısının rəhbərliyi ilə müstəqil Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası davamlı inkişaf və tərəqqi dövrünü yaşayır. Sabitlik və sürətli sosial-iqtisadi inkişaf, aparılan genişmiqyaslı quruculuq işləri, açılan yeni iş yerləri, istehsal və xidmət sahələrinin yaradılması dövlət müstəqilliyinin bəhrələridir.

Oktyabrın 18-də – Müstəqilliyin Bərpası Günündə Şahbuz Rayon Maliyyə Şöbəsi və Statistika İdarəsi üçün yeni inzibati bina istifadəyə verilib. Ali Məclisin Sədri yaradılan şəraitlə tanış olub, Şahbuz Rayon Maliyyə Şöbəsi və Statistika İdarəsi üçün yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə kollektivləri təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan binanın 2 girişi vardır. Şahbuz Rayon Maliyyə Şöbəsi üçün binada 17 iş otağı, server, kombi və elektrik otağı, bufet nəzərdə tutulub. Binada şöbə əməkdaşlarının hər biri üçün ayrıca otaq, eləcə də qəbul otağı, əməliyyatların operativliyini təmin etmək üçün xəzinə əməliyyatı otağı, arxiv vardır. Şahbuz Rayon Statistika İdarəsi üçün isə 7 iş otağı ayrılıb. Binanın həyətində yaşıllaşdırma işləri aparılıb, su və işıqlandırma sistemləri qurulub.

Muxtar respublikada xalqımızın qədim adət-ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunub yaşadılmasına xüsusi diqqət yetirilir. Məscid və mərasim evlərinin inşası da görülən bu işlərin tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir.

Oktyabrın 18-də Şahbuz şəhərində Mərasim evi istifadəyə verilib. Ali Məclisin Sədri binada yaradılan şəraitlə tanış olub, qurulanların qorunması barədə tapşırıqlar verib.

Həmin gün Ali Məclisin Sədri Şahbuz şəhərində məktəbdənkənar təhsil müəssisələri üçün inşa olunan binanın layihəsinə baxıb, tikinti işləri ilə də maraqlanıb, tikinti işlərinin gedişi ilə bağlı müvafiq tapşırıqlar verib.

Təhsil quruculuğu tədbirləri uğurla davam etdirilir

Bu gün muxtar respublikamızda təhsilin inkişafı, intellektli və vətənpərvər gənclərin yetişdirilməsi diqqət mərkəzində saxlanılır. Təhsil quruculuğu tədbirləri uğurla davam etdirilir, muxtar respublikanın şəhər, qəsəbə və kəndlərində yeni məktəb binaları tikilir, mövcud məktəb binaları yenidən qurulur.

Bu istiqamətdə görülən işlər 1925-ci ildən fəaliyyət göstərən və zəngin təhsil ənənələrinə malik olan 2 nömrəli tam orta məktəbi də əhatə edib, burada müasir maddi-texniki baza və tədris şəraiti yaradılıb. Oktyabrın 19-da Naxçıvan şəhər 2 nömrəli tam orta məktəb yenidənqurmadan sonra istifadəyə verilib.

Ali Məclisin Sədri məktəbdə yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, məktəbdə kompüterlər, döşəmə, istilik və elektrik sistemləri, partalar yenilənib, divar və tavanlar təmir olunub, kimya və biologiya laboratoriyaları yaradılıb, 2 elektron lövhə quraşdırılıb, tibb otağı, idman zalı və hərbi kabinə yenidən qurulub. Hazırda üçmərtəbəli 276 şagird yerlik məktəbdə 15 sinif otağı, kimya, biologiya, fizika laboratoriyaları, şahmat sinfi, kompüter, direktor, psixoloq, müəllimlər, tibb otaqları, hərbi kabinə, STEAM kabinəsi, kitabxana, qarderob, bufet və idman zalı yerləşir. Təhsil ocağında 24 kompüter və 4 elektron lövhə quraşdırılıb. Məktəbin kitabxana fondunda 6562 kitab vardır.

STEAM kabinəsi 1 elektron lövhə, 2 kompüter, 3D printer, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları, həmçinin yeni nəşr olunan ədəbiyyat və dərsliklərlə təchiz edilib. Şagirdlər hazırladıqları “Elektron dövriyyə və mühəndislik dəsti ilə radio”, “Çaylarda su səviyyəsini ölçən cihaz” və “Sənayedə avtomatik ip sarıyan mexanizm” layihələrini təqdim ediblər.

Ali Məclisin Sədri elektron lövhəli sinifdə Ədəbiyyat Muzeyi ilə 200-dən artıq təhsil müəssisəsi arasında “Hüseyn Cavid-140” mövzusunda keçirilən interaktiv dərsi izləyib.

Ötən ay Naxçıvanda Distant Təhsil Mərkəzi istifadəyə verilib

Muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərlə yanaşı, həm də onların təhsili və cəmiyyətə inteqrasiyası diqqətdə saxlanılır. Qəbul olunmuş Dövlət proqramları bu kateqoriyadan olan uşaqların təhsili üçün geniş imkanlar açıb. Görülən işlərin davamı olaraq 2021-ci ildə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində Distant Təhsil Mərkəzi yaradılıb.

Oktyabrın 19-da Ali Məclisin Sədri mərkəzdə yaradılan şəraitlə maraqlanıb. Bildirilib ki, mərkəzin əsas vəzifəsi sağlamlıq vəziyyətinə görə təhsil müəssisələrinə gələ bilməyən uşaqların məktəbin pedaqoji işçiləri vasitəsilə müasir təhsil texnologiyalarından istifadə etməklə ümumtəhsil proqramlarını evdə mənimsəməsini təmin etməkdən ibarətdir. Mərkəz Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin üçüncü mərtəbəsində yerləşir və tədris məktəbin müəllimləri tərəfindən ibtidai, ümumi və tam orta təhsil səviyyələri üzrə aparılır. Bu da gələcəkdə onlara öz təhsillərini distant olaraq ali təhsil pilləsində davam etdirmək imkanı verəcəkdir.

Mərkəz üçün 9 sinif otağı və direktor müavini otağı ayrılıb, hər otaqda elektron lövhə, kompüter, monitor və kamera quraşdırılıb. Muxtar respublika üzrə I-IX siniflər üzrə 24 şagird distant təhsilə cəlb olunub, şagirdlərin evlərinə internet xətti çəkilib, hər bir şagirdə 1 kompüter olmaqla, ümumilikdə, 24 kompüter, məktəbli forması, dərs ləvazimatları və dərslik verilib.

Ali Məclisin Sədri distant tədris prosesi ilə maraqlanıb, şagirdlərlə söhbət edib. Sonra pedaqoji kollektivlə görüş olub. Muxtar respublika rəhbəri 2 nömrəli tam orta məktəbin müasir tədrisin tələbləri səviyyəsində qurulması, eyni zamanda məktəbin nəzdində Distant Təhsil Mərkəzinin istifadəyə verilməsi münasibətlə kollektivi təbrik edib, tədrisin yaradılan şəraitə uyğun qurulmasının əhəmiyyətini vurğulayıb.

Naxçıvan Muxtar Respublikasının strateji yüksəkliklərində müdafiə istehkamları möhkəmləndirilib

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev deyib: “Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə ön cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir”. Bu gün ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter alıb. Xalqımızın mübarizə və qəhrəmanlıq tarixini özündə yaşadan Naxçıvan etibarlı müdafiə olunur. Əlahiddə Ümumqoşun Ordunun dağ şəraitində və hakim yüksəkliklərdə yerləşən hissə və bölmələrində nümunəvi xidmət şəraiti yaradılıb. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq digər bölgələrdə olduğu kimi, Havuş və Buzqov istiqamətlərində də müdafiə mövqelərində xidmət şəraiti yaxşılaşdırılıb.

Oktyabrın 20-də Ali Məclisin Sədri Havuş və Buzqov bölgələrində olub, mövqelərin mühəndis cəhətdən təkmilləşdirilməsi, mühəndis fortifikasiya qurğularının hazırlığı, şəxsi heyətin xidmətinin təşkili və məişət şəraiti ilə maraqlanıb.

Muxtar respublika rəhbəri xidmətdə fərqlənən hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırıb, şəxsi heyətə təşəkkür elan edib, yaradılan şəraitlə maraqlanıb, komanda müşahidə məntəqəsində mövqelərimizin vəziyyəti, mövcud topoqrafik və taktiki şəraitlə tanış olub. Məlumat verilib ki, bu istiqamətdə şəxsi heyətin məişət şəraitinin yaxşılaşdırılması üçün 5 məntəqə yenidən tikilib, onlar elektrik enerjisi, təbii qaz və bütün növ mebel avadanlıqları ilə təmin olunub, 4 məntəqədə isə əsaslı təmir-bərpa işləri görülüb. Mövqelərarası 20 kilometrdən artıq elektrik xətti yenisi ilə əvəz olunub, bütün mövqelərə gələn təminat yolları təkmilləşdirilib və əlavə olaraq 6 kilometrə yaxın təminat yolu çəkilib. Mövqelər beton sığınacaqlarla təmin olunaraq müdafiənin dayanıqlılığı artırılıb. Bütün mövqelər ərzaq, əşya, su, yanacaq və odunla təmin olunaraq qış ehtiyatı yaradılıb. Mövqelərdə sənaye işığı ilə yanaşı, alternativ və bərpaolunan enerji mənbələrindən də istifadə olunması üçün günəş panelləri quraşdırılıb. Çətin dağlıq şəraitdə yerləşən mövqelərdə müşahidə məntəqələri, səngər və əlaqə yolları əlverişsiz hava şəraitinə uyğunlaşdırılıb. Əsas və ehtiyat səngərlər, mövqelər və müşahidə məntəqələri yaradılıb.

Ali Məclisin Sədri müdafiə mövqelərində olub. Şəxsi heyət birlik və bərabərliyin ifadəsi olan “Birimiz hamımız, hamımız birimiz üçün!” şüarını səsləndiriblər. Bildirilib ki, muxtar respublikanın düşmənlə təmas xəttində yerləşən Havuş və Buzqov bölgələrindəki mövqelərdə etibarlı müdafiə sistemi qurulub. Bu yüksəkliklərdə peşəkar və yüksək döyüş hazırlığına malik olan əsgər və zabitlərimiz üçün nümunəvi xidmət şəraiti yaradılıb. Dayanıqlı mühəndis istehkam qurğuları və əsgərlərimizin bilik və bacarığı mövqelərin etibarlı müdafiəsinə təminat verir. Şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti, peşəkarlığı istənilən tapşırığı uğurla icra etmək imkanı yaradır.

Sonra Ali Məclisin Sədri digər mövqelərdə də olub, xidmətin təşkili və hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyəti ilə maraqlanıb. Bildirilib ki, yenidən qurulan yataqxana, yeməkxana, əşya, ərzaq anbarları və digər binalarda təhlükəsiz və rahat şəraitdə xidmətin təşkili təmin olunub. Ərazinin relyefinə və iqlim şəraitinə uyğun inşa olunan binalar keyfiyyətli mebel dəstləri və digər lazımi avadanlıqlarla, müxtəlif növ dayanıqlı rabitə, daimi işıq və istilik sistemi ilə təchiz edilib. Qarşıdan gələn soyuq qış aylarında da xidmətin nümunəvi təşkili üçün ön xətt mövqelərində lazımi ehtiyat yaradılıb.

Mövqelərdə ideoloji işin təşkili və mənəvi-psixoloji hazırlığın artırılması diqqətdə saxlanılır. Əsgərlərin asudə vaxtının səmərəli keçirilməsi üçün də lazımi şərait yaradılıb, ordumuzun keçdiyi tarixi inkişaf yolunu əks etdirən, Vətən müharibəsində qazanılan tarixi qələbədən bəhs edən kitablar, qəzet və jurnallar şəxsi heyətin istifadəsinə verilib. Burada əsgərlər dövri mətbuatla tanış olur, hərbi və bədii ədəbiyyatları mütaliə edirlər.

Ali Məclisin Sədri şəxsi heyətin qidalanması ilə maraqlanıb. Məlumat verilib ki, əsgərlərin qidalanması da günün nizam qaydasına uyğun təşkil olunur. Anbarda ərzaq ehtiyatı yaradılıb. Yüksək kalorili məhsulların qida rasionuna daxil edilməsi qış aylarında əsgərlərin sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Əşya anbarı da lazımi geyim dəstləri və digər məişət avadanlıqları ilə təmin edilib.

Muxtar respublika rəhbəri Buzqov bölgəsində yerləşən mövqelərdə də olub, əsgər və zabitlərlə görüşüb, mövqelərin möhkəmləndirilməsi, təkmilləşdirmə işlərinin davam etdirilməsi barədə müvafiq tapşırıqlar verib.

Gətirilmiş 2 tona yaxın meyvə, tərəvəz və ərzaq məhsulları, 23 televizor, 3500 dəst isti geyim, 10 min qutu siqaret anbarlara təhvil verilib.

Etibarlı müdafiə sistemi sərhəd kəndlərində rahat yaşayışa təminat verir

Həmin gün Ali Məclisin Sədri Havuş kəndinə gəlib, kənd tam orta məktəbində dərs prosesi ilə maraqlanıb, pedaqoji kollektivlə söhbət edib. Bildirilib ki, məktəb bu il yüz faizlik nəticə göstərib.

Sonra Ali Məclisin Sədri şagirdlərə hədiyyələr təqdim edib.

Kənd əhalisi əsasən, heyvandarlıq, bağçılıq, arıçılıqla məşğul olur. Kəndin ərazisində dərman bitkiləri yetişir ki, onlar da toplanaraq festivallarda, yarmarkalarda satışı həyata keçirilir. Kənddə məskunlaşma artıb. Son altı ildə kənddə 18 yeni ev tikilib. Hazırda isə iki evdə tikinti işləri aparılır.

Naxçıvan Dövlət Xalça Muzeyinə Xalq rəssamı Kamil Əliyevin adının verilməsi

sənətə və sənətkara göstərilən dəyərin bariz nümunəsidir

Ümummilli lider Heydər Əliyev Kamil Əliyev sənətinə yüksək qiymət verərək deyib: “Onun əsərləri Azərbaycan xalçaçılıq sənətində, rəssamlıq məktəbində daim yaşayacaq və çox görkəmli əsərlər kimi Azərbaycan mədəniyyəti xəzinəsində öz yerini tutacaq”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 9 avqust tarixli Sərəncamına əsasən Naxçıvan Dövlət Xalça Muzeyinə Xalq rəssamı, professor Kamil Əliyevin adı verilib. Oktyabrın 22-də - görkəmli sənətkarın anadan olduğu gündə Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin təqdimatı olub.

Ali Məclisin Sədri tədbirdə çıxış edərək Azərbaycan xalça sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, professor Kamil Əliyevin doğum günündə onun adı verilmiş Naxçıvan Dövlət Xalça Muzeyində təqdimat keçirildiyini bildirib, muzeyin bu şərəfli adı layiqincə qoruyacağına əminliyini ifadə edib, muzeyə Kamil Əliyevin adının verilməsi münasibətilə tədbir iştirakçılarını, ictimaiyyəti və kollektivi təbrik edib.

Sonra Ali Məclisin Sədri və tədbir iştirakçıları muzeydə Xalq rəssamı Kamil Əliyevlə bağlı yaradılmış guşəyə baxıb, ekspozisiya ilə tanış olublar. Guşədə rəssamın ailəsi tərəfindən hədiyyə olunmuş ornamental xalçalar, xalça çeşniləri və kənarəsi, eləcə də rəssamın həyat və fəaliyyətini əks etdirən rəsmi sənədlər, xalça fotosurətləri, kitab, jurnal, qəzet və sənədli filmlər nümayiş olunur. Burada Kamil Əliyevin eskizi əsasında toxunan “Heydər Əliyev” portret-xalçalarının fotoları yer alır. Rəssamın müəllifi olduğu “Ornamental xalça” yun və pambıqdan istifadə olunaraq 1997-ci ildə, “Göllü buta” adlı xovlu xalça isə 1989-cu ildə toxunub. Xalçanın haşiyə və ara hissəsində alovu simvolizə edən çoxlu sayda buta ornamentləri öz əksini tapıb. “Fındığan” adlı çeşni əsasında 1997-ci ildə toxunmuş xalçanın üzərində müxtəlif formalı milli ornamentlər təsvir edilib.

Muzey ekspozisiyasında xalçalarla yanaşı, dulusçuluq məmulatları, mis məişət əşyaları, milli geyim nümunələri, toxuculuq alətləri, rəsm əsərləri və məişət əşyalarından ibarət 400-dən artıq eksponat nümayiş olunur. Muzeydə xalça toxuculuğunun əyani şəkildə nümayiş etdirilməsi muzeyə gələnlərin böyük marağına səbəb olur. Hazırda Kamil Əliyevin çeşniləri əsasında yeni xalçalar toxunur.

Taxılçılığın inkişafı ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilib

Ümummilli lider Heydər Əliyev deyib: “Taxılçılıq kənd təsərrüfatının əsas sahələrindən biridir. Biz taxıl istehsalını ilbəil artırmalıyıq... Taxılçılığı əsas sahə hesab edərək bu işlə daha ciddi, yorulmadan məşğul olmalıyıq”. Muxtar respublikada taxılçılıqla məşğul olan torpaq mülkiyyətçilərinə dövlət maliyyə dəstəyinin göstərilməsi, onların keyfiyyətli toxum sortları və texnikalarla təminatı, istehsal edilən taxılın sərfəli qiymətlərlə qəbulu əkin sahələrinin ilbəil genişləndirilməsinə, məhsuldarlığın artırılmasına səbəb olub. Oktyabrın 25-də “Araz” Elm-İstehsalat Birliyinin təcrübə təsərrüfatında payızlıq taxıl əkininin gedişi ilə bağlı səyyar müşavirədə də bu məsələlər diqqət mərkəzində olub.

Ali Məclisin Sədri çıxış edərək muxtar respublikada taxılçılığın inkişafı ilə bağlı qarşıda duran vəzifələrdən bəhs edib, müvafiq tapşırıqlar verib, buğda səpini prosesini izləyib.

Qardaş ölkənin müstəqillik bayramı qeyd edilib

Türkiyə və Azərbaycan xalqları tarixin bütün dövrlərində hər zaman bir-birinin yanında olublar. Bu gün həmin tarixi varisliyə əsaslanan səmimi münasibətlər sistemi, Ulu Öndərin ifadə etdiyi kimi, “Bir millət, iki dövlət” tərəfindən uğurla davam etdirilir.

Oktyabrın 28-də Türkiyə Cümhuriyyətinin yaradılmasının 99-cu ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilib.

Ali Məclisin Sədri rəsmi qəbulda iştirak edib.

Tədbirdə Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi yad edilib, Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnləri səsləndirilib, cümhuriyyətin qurulması ilə bağlı videoçarx nümayiş etdirilib.

Muxtar respublika rəhbəri Türkiyənin müstəqillik bayramı - Cümhuriyyət elan edilməsinin 99-cu ildönümü münasibətilə tədbir iştirakçılarını, konsulluğun əməkdaşlarını və qardaş Türkiyə xalqını təbrik edib, rifah və tərəqqi arzulayıb.

Culfa Külək Elektrik Stansiyası istifadəyə verilib

Əlverişli coğrafi mövqeyi və iqlim şəraiti muxtar respublikada alternativ enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrinin yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq Culfa rayonunda Külək Elektrik Stansiyası qurulub.

Enerji mənbələrinin şaxələndirilməsi enerji təhlükəsizliyinə töhfə verən əsas amillərdəndir. İstifadəyə verilən Culfa Külək Elektrik Stansiyası gələcəkdə bu ərazidə daha böyük layihələrin həyata keçirilməsinə, enerji idarəetməsində müasir yanaşmalara əsaslanan texnologiyaların hazırlanmasına və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsində faydalı olacaqdır.

Oktyabrın 31-də Culfa Külək Elektrik Stansiyası istifadəyə verilib. Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Hər birinin gücü 30 kilovat olan 10 külək turbini yeni qurulan 132/110/35/10 kilovoltluq “Culfa” yarımstansiyasının yaxınlığındakı əkinəyararsız ərazidə quraşdırılıb. Külək turbinlərinin istehsalçısı Çin Xalq Respublikasının “ANE” şirkətidir. Turbinlərin layihələndirilməsi, sifarişi, quraşdırılması, real vaxt rejimində turbinlərin iş rejimlərinə nəzarət etmək üçün alqoritm proqram təminatının hazırlanması və sınaq-sazlama işləri Dövlət Energetika Xidmətinin mütəxəssisləri, tikinti quraşdırma işləri isə “Nəqşicahan İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparılıb.

Ali Məclisin Sədri Culfa Külək Elektrik Stansiyasının istifadəyə verilməsi münasibətilə Dövlət Energetika Xidmətinin kollektivini təbrik edib, stansiyanın qurulmasında əməyi olanlara təşəkkürünü bildirib, hədiyyələr təqdim edib.

Ərazidə turbinlərlə yanaşı, 10 invertor-kontroller, müasir tip kommutasiya aparatları və digər elektrik avadanlıqları quraşdırılıb. İstehsal olunacaq elektrik enerjisinin ötürülməsi və idarə edilməsi üçün 10/0,4 kilovoltluq 400 kilovoltamper gücündə transformator, həmçinin 10 və 0,4 kilovoltluq paylayıcı qurğular üçün bina tikilib, alçaq və yüksəkgərginlikli kabel xətləri, rabitə, müşahidə və idarəetmə sistemi üçün kabel xətləri çəkilib, turbinlərin ətrafı çəpərlənib, videomüşahidə qurğuları ilə təmin olunub. İstehsal olunan elektrik enerjisi 10 kilovoltluq “Yaycı” hava elektrik verilişi xəttinə ötürüləcəkdir.

Ali Məclisin Sədri növbəti külək elektrik stansiyasının tikintisi barədə tapşırıqlar verib.

Naxçıvan tərəqqi, yüksəliş və sabitlik ünvanına çevrilib

Tərəqqi, yüksəliş və sabitlik ünvanına çevrilən Naxçıvan Muxtar Respublikasında dinamik sosial-iqtisadi inkişafı təmin edən tədbirlərin reallaşdırılması, Dövlət proqramlarının uğurla həyata keçirilməsi, ictimai həyatın bütün sahələrində mütərəqqi islahatların vaxtında aparılması qədim diyarımızın müasir dövrün çağırışlarına uyğun yüksəlişini təmin edib. Bu gün muxtar respublikada həyata keçirilən və insan amilini ön planda tutan sosialyönümlü siyasət cəmiyyətdə bu amilə diqqətin daha da artırılmasına, ayrı-ayrı sosial qrupların həyat şəraitinin yüksəldilməsinə etibarlı zəmin yaradan konseptual inkişaf nümunəsinə çevrilib. Muxtar respublikanın gələcək inkişafını müasir sənayeləşmə ilə yanaşı, həm də əhalisinin böyük əksəriyyətinin məskunlaşdığı və güclü insan potensialına malik olan bölgələrinin inkişafı müəyyən edir. Bu amil nəzərə alınaraq, bölgələrdə infrastrukturun gücləndirilməsi, insanların həyat şəraitinin, rifah halının daha da yaxşılaşdırılması, aqrar sektorun diqqətdə saxlanılması, yeni iş yerlərinin açılması ilə məşğulluğun təmin edilməsi həyata keçirilən iqtisadi strategiyanın başlıca hədəflərdən biri kimi müəyyənləşdirilib.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

Nəşr edilib : 15.11.2022 15:10