AZ EN RU

Sosial qayğıya ehtiyacı olan 559 uşağa məktəbli forması və dərs ləvazimatları verilib

    Dünən Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə  15 sentyabr – Bilik Günü münasibətilə aztəminatlı, valideynlərini itirmiş, sağlamlıq imkanları məhdud uşaqlara məktəbli forması və dərs ləvazimatları verilib.
    Bu münasibətlə keçirilən tədbirdə təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, muxtar respublikamızda bütün uşaqlar dövlət qayğısı ilə əhatə olunur, onların sağlam böyümələri, biliklərə yiyələnmələri, intellektual inkişafı, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər gənc kimi formalaşması diqqət mərkəzində saxlanılır.
    Qeyd edilib ki, uşaqların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə müxtəlif Dövlət proqramlarının qəbul edilməsi bu sahədə yeni nailiyyətlərin qazanılmasına imkan verir. 2016-2020-ci illəri əhatə edən müvafiq proqramın icrası başa çatdıqdan sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi görülən işlərin davamlı xarakter almasına səbəb olub. 
    Vurğulanıb ki, istedadlı şagirdləri üzə çıxarmaq, onlardakı tədqiqatçılıq qabiliyyətini inkişaf etdirmək üçün innovativ layihələr tətbiq olunur. Öz bilik və bacarıqları ilə fərqlənən şagirdlərin adları gənc istedadların “Qızıl kitabı”na yazılır, onlar Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülürlər. 
    Bildirilib ki, muxtar respublikada dövlətimiz tərəfindən digər şagirdlər kimi, sağlamlıq imkanları məhdud uşaqların da təhsili diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində yeni tədris ilindən fəaliyyətə başlayacaq Distant Təhsil Mərkəzi sağlamlıq imkanları məhdud uşaqların təhsil almaq imkanlarını artıracaq. 
    Diqqətə çatdırılıb ki, dövlət qayğısı nəticəsində muxtar respublikada Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəb, əmək terapiyası, audio və elektron kitabxana xidmətləri də yaradılmış, nitq problemləri olan uşaqlar üçün defektoloji bölmə fəaliyyətə başlamış, təhsilin təşkili ilə əlaqədar görmə qabiliyyəti məhdud uşaqlar üçün brayl kurslar təşkil edilmişdir. Həmçinin Təhsil Nazirliyi tərəfindən sağlamlıq imkanları məhdud uşaqların məktəbdənkənar təhsil müəssisələrindəki dərnəklərə, kurslara cəlbi diqqətdə saxlanılır. 
    Əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev çıxış edərək bildirib ki, muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqlar üçün sərbəst və maneəsiz inkişaf mühiti yaradılıb, onların sosial müdafiəsi istiqamətində həyata keçirilən tədbirlərin həcmi və keyfiyyəti artırılıb. Bu məqsədlə son illərdə müasir standartlara cavab verən təhsil və reabilitasiya müəssisələri tikilərək uşaqların istifadəsinə verilib. 
    Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə təsdiq edilən “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası nəticəsində bu sahədə görülən işlərdə səmərəlilik artırılıb, davamlılıq təmin olunub. Proqramın icrası çərçivəsində sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarının təmin edilməsi, o cümlədən inklüziv təhsilə keçid imkanlarının artırılması, məsafədən təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə bir çox işlər görülüb, uğurlu nəticələr əldə edilib.
    Diqqətə çatdırılıb ki, son illər muxtar respublikada inklüziv təhsillə yanaşı, distant dərslərin tədrisinə də diqqət artırılıb, bu sahədə yeniliklərin tətbiqinə xüsusi önəm verilib. Ötən tədris ilində, 15 nəfər hərəkət qabiliyyəti məhdud uşaqla distant dərslər keçilib, onlar dərs ləvazimatları, məktəbli geyimi və digər zəruri texniki avadanlıqlarla təmin edilib. 
    Vurğulanıb ki, görülən bu işlərlə yanaşı, sosial qayğıya ehtiyacı olan uşaqların zəruri tədris vəsaitləri, məktəbli geyimləri ilə təmin olunması da artıq muxtar respublikada ənənə halını alıb. Keçirilən bu tədbirlər sağlamlıq imkanları məhdud uşaqların gələcək inkişafına və cəmiyyət üçün yararlı və savadlı kadrlar kimi formalaşmasına öz töhfəsini verəcəkdir.
    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxışında qeyd edib ki, muxtar respublikada dövlət uşaq siyasəti uğurla həyata keçirilir. Onların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, asudə vaxtlarının səmərəli təşkili, intellektual və mənəvi inkişafı təmin olunmaqdadır. Muxtar respublikada yaşayan bütün uşaqlar kimi valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud uşaqlar, şəhid, aztəminatlı və çoxuşaqlı ailələrin övladları da dövlətin xüsusi diqqət və qayğısı ilə əhatələnmişlər. Belə ki, onların hüquqlarının qorunması, sosial müdafiələrinin gücləndirilməsi ilə bağlı proqramlar qəbul edilir və icra olunur.
    Valideynlər adından çıxış edən Xanım Rzayeva muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edib, bu qayğıdan səmərəli şəkildə yararlanacaqlarını, ölkəmizin gələcəyi olan uşaqlarımızı dövlətimizə layiq vətənpərvər və savadlı vətəndaş kimi yetişdirmək üçün səylə çalışacaqlarını bildirib.
    Sonda aztəminatlı ailələrdən olan, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş məktəbli uşaqlara, sağlamlıq imkanları məhdud şagirdlərə məktəbli geyim formaları, çanta və dərs ləvazimatları verilib.
    Qeyd edək ki, hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 61, sağlamlıq imkanları məhdud 293, aztəminatlı ailələrin övladlarından 205 olmaqla, ümumilikdə, 559 məktəbli təhsil sovqatı ilə sevindirilib. 
    Tədbirdə iştirak edən valideynlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
    Həmin gün aidiyyəti təşkilatların və rayon icra hakimiyyətlərinin nümayəndələri tərəfindən muxtar respublikanın rayonlarında da analoji tədbirlər keçirilib, sosial qayğıya ehtiyacı olan uşaqlara məktəbli formaları və dərs ləvazimatları verilib.

 Naxçıvan Muxtar Respublikası
 Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 12.09.2022 19:43