AZ EN RU

Sığortanın həyatımızda önəmli yeri vardır

    Sığorta ölkənin maliyyə sistemini təşkil edən zəncirin əsas halqalarından biridir. Sığorta münasibətləri sistemi bütün dünyada olduğu kimi, ölkəmizdə də XX əsrin əvvəllərindən daha intensiv inkişaf etməyə başlamışdır. Müstəqillik əldə etdikdən sonra isə ölkəmizdə sığorta təşkilatlarının fəaliyyəti uğurla davam etdirilir. Hazırda ölkəmizdə 20-dən çox sığorta şirkəti və bir sıra xarici dövlətin broker və sığorta şirkətlərinin nümayəndəlikləri fəaliyyət göstərir.
    Bu məqalədə isə insanları sığorta haqqında ən çox maraqlandıran sualları cavablandırmağa çalışacağıq. İlk olaraq gəlin sığortanı əsas anlayış kimi ifadə etməyə çalışaq. Sığorta sağlamlıqdan səyahətə, yaşayış mülkündən avtomobilə qədər həyatda baş verə biləcək riskləri kompensasiya etmək üçün maliyyə hovuzunun yaradılması sistemidir. O, bir növ oxşar risk qrupunda olan şəxslərin maliyyə həmrəyliyidir.
    Sual oluna bilər: Biz hansı hadisələrdən sığorta oluna bilərik? Məsələn, çox tez-tez yol-nəqliyyat hadisələri, təyyarə qəzası, binaların yanması barədə eşidir, oğurluqla üzləşən, işlədiyi zaman xəsarət alan insanların hekayəsi ilə tanış oluruq. Hər belə hekayənin arxasında insan faciəsi və bununla əlaqəsi olan şəxslərin narahatlığı dayanır. Bu hadisələr özü-özlüyündə həm də sığorta mexanizminə tələbatın olmasını nümayiş etdirir. Bu mexanizm lazımi qaydada istifadə olunarsa, risklər real hadisəyə çevrildiyi zaman məruz qaldığımız maliyyə çətinliyini aradan qaldırmaqda bizə həm maddi, həm də qismən də olsa, mənəvi cəhətdən yardımçı ola bilər.
    Bəs günümüzdə sığortaya etibar etmək olarmı? Tarixboyu bədbəxt hadisələr, fəlakətlərin miqyası, ölüm və sair üçün statistikanın aparılmasının dəqiq еlmi mеtodlarının olmamasına görə, sığorta gəlirli bir iş olsa da, riskli idi. Yalnız bu gün sığorta işində iqtisadi, statistik təhlil mеtodlarının, sığorta qanunvеriciliyi sahəsində sənədlər toplusunun, sığorta qaydalarının olmasını nəzərə alaraq artıq tam rahatlıqla sığorta şirkətlərinə еtibar еtmək olar.
    Hər birimizdə sual yarana bilər ki, bəs sığortanın olması nə üçün vacibdir? Bunu sadə izahla anlamağa çalışsaq, düşünməliyik ki, dövründən asılı olmayaraq, hər zaman insanların bütün aktivləri və müəssisələri risk adlanan qeyri-müəyyənlik təhlükəsi altında olub və günümüzdə bu risk daha da yüksəkdir. Sığorta risklərin reallaşması zamanı dəymiş itkiləri əhatə edir və gələcəyin maliyyə baxımından müəyyən olunmasını, fərdlərə və qurumlara etimadı təmin edir, beləliklə, gələcəyi planlaşdırmağa imkan verir və sahibkarlığa həvəsləndirir. Qarşılaşa biləcəyimiz risk sahələrindən asılı olaraq sığortanın icbari və könüllü formada olmaqla, iki əsas növü mövcuddur: həyat və sağlamlıq ilə bağlı şəxsi sığorta və əmlak sığortası.
    Bəhs etdiyimiz sığortaların sığortahaqqı nəyə əsasən hesablanır? Əgər könüllü sığorta növüdürsə, sığorta şirkəti qanununvericiliyini nəzərə alaraq hesabladığı tarif əsasında, əgər icbari sığorta növüdürsə, icbari sığorta qanunlarında nəzərdə tutulmuş sığorta tarifinə uyğun haqq ödənilir.
    Sığorta müqaviləsi bağlayarkən nələrə diqqət etmək lazımdır? Sığorta müqaviləsini imzalayarkən onu diqqətlə oxumaq, şərtləri ilə dəqiq tanış olmaq lazımdır. Hətta müqavilə bağlanandan sonra sığorta etdirən şəxslə bağlı bütün dəyişikliklər barədə sığorta şirkətinə məlumat verilməlidir.
    Bu gün muxtar respublikada tərəflər arasında sığorta münasibətlərinin tənzimlənməsi və sığorta proseslərinə nəzarət Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən həyata keçirilir. Həmçinin ictimai sığorta savadlılığının artırılması sahəsində də müvafiq tədbirlər görülür. Aparılmış təbliğat-təşviqat işlərinin nəticəsidir ki, artıq sığorta ödənişlərinin həcmində, sığortalıların sayında illərdir, dinamik artım müşahidə olunmaqdadır.
    Unutmamalıyıq ki, heç birimiz həyatda baş verə biləcək hadisələrdən sığortalanmamışıq. Gələcəkdə baş verə biləcək sığorta hadisələri zamanı qarşılaşacağımız böyük xərcləri bu gün edəcəyimiz kiçik sığorta haqları ilə əvəzləşdirməklə həm maddi, həm də mənəvi rahatlıq tapmaq mümkündür.

Aytac AXUNDOVA
Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar 
Respublikası İdarəsinin əməkdaşı

Nəşr edilib : 05.07.2022 18:51