AZ EN RU

Sığorta günümüzün əsas tələbidir

    “Sığorta” termini günümüzdə çox işlənən önəmli bir məfhuma çevirilib. Artıq hər kəs öz sağlamlığını, əmlakını, avtomobilini, əşyasını sığortaladaraq rahat şəkildə yaşamaq istəyir. Sığortalanmaq gözlənilməz bədbəxt hadisələrdən ən az zərərlə çıxmaq, özünü və yaxınlarını qorumağın ən birinci yolu və hər kəsin əsas arzusudur. Bəhs olunan dövrdə Dövlət Sığorta Xidməti də insanların məhz bu arzularının reallaşması üçün yeni yollar axtarır, öz xidmətlərini daha da genişləndirir.
    Məlumat üçün qeyd edək ki, xidmət 2022-ci ilin birinci yarısını istər həyat, istərsə də qeyri-həyat sığortası üzrə uğurla başa vurub. Xidmət tərəfindən 2022-ci ilin birinci yarısında həyat və qeyri-həyat sığorta sinifləri üzrə 5-i icbari, 12-si könüllü olmaqla, 17 sinif üzrə aktiv sığorta yığımı həyata ­keçirilib. 
    Qeyd edək ki, sığorta haqlarının yığılmasında səyyar xidmətin rolu əvəzedilməzdir. Səyyar sığorta xidməti muxtar respublikamızın ucqar dağ kəndlərinədək gedib çatır, vətəndaşlarla görüş keçirir, maarifləndirici söhbətlər aparır və yeni sığorta müqavilələri bağlayır. 2022-ci ilin 6 ayı ərzində, ümumilikdə, muxtar respublikanın 7 rayon, 3 şəhər, 7 qəsəbə, 99 kəndində fəaliyyət göstərilib ki, bu da ötən illə müqayisədə Səyyar Xidmətin əhatə dairəsində 32, sığorta müqavilələrinin sayında 43, sığorta haqlarında isə 73 faiz artım deməkdir.
    Xidmət tərəfindən aparılan sığorta fəaliyyəti üzrə sığorta haqlarının yığımında ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 6 faiz, könüllü sığortalar üzrə fiziki şəxslərə məxsus əmlakın sığortasında 0,43 faiz, fərdi qəza sığortasında 13 faiz, sahibkarlara məxsus əmlakın yanğın və digər əlavə risklərdən sığortasında 11 faiz, girov sığortasında 34 faiz, ipoteka krediti üzrə borcalanın fərdi qəza və əmək qabiliyyətinin itirilməsi riskinin sığortasında 67 faiz, avtomobil nəqliyyatı vasitələrinin tam sığortasında 29 faiz, kənd təsərrüfatı bitkiləri məhsullarının sığortasında 77 faiz, kənd təsərrüfatı məhsullarının sığortasında 12 faiz, kənd təsərrüfatı heyvanlarının sığortasında 0,1 faiz artım olub.
    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamına əsasən Aqrar Sığorta Fondunun yaradılmasından sonra fondla bağlanılan müqaviləyə uyğun olaraq cari dövrdə güzəştli sığorta müqavilələri bağlanılmağa başlanılıb və bu da əhalinin diqqət mərkəzinə çevrilib. Buna səbəb isə bağlanılan müqavilələrin güzəştli şəkildə yazılmasıdır. Yəni burada sığortahaqqının 50 faizini sığortalı, digər 50 faizini isə fond ödəyir. Bu da daha çox sığorta müqaviləsi bağlanılmasına və vətəndaşın marağına səbəb olur. Bunun ifadəsidir ki, bəhs olunan dövrdə heyvandarlıq üzrə 203, bitkiçilik üzrə 749 olmaqla cəmi 952 güzəştli şəkildə sığorta müqaviləsi bağlanılıb.
    Cari ilin fevral ayının 4-də Naxçıvan Biznes Mərkəzində sahibkarlarla keçirilən görüşdə Ali Məclisin Sədri tərəfindən xidmətin qarşısına qoyulan “Sahibkarlıq sahəsində risklər düzgün dəyərləndirilməli və könüllü sığortaya üstünlük verilməli, Dövlət Sığorta Xidməti sahibkarlarla işə diqqəti artırmalıdır” tapşırığının icrasına uyğun olaraq xidmətdə sahibkarlarla aparılan işlərin əhatə dairəsi genişləndirilib və bu sahəyə diqqət daha da artırılıb. Belə ki, iyun ayında muxtar respublikanın şəhər və rayonları üzrə sa­hibkarlıq fəaliyyətinin gücləndirilməsi üçün sığorta olunmayan obyektlərin sığortalanmağa cəlb edilməsi məqsədilə daimi fəaliyyət göstərən komissiya yaradılıb. Məlumat üçün bildirək ki, bu sahə üzrə cari ilin 6 ayı ərzində 592 yeni sığorta müqaviləsi bağlanılıb. Həmçinin sığorta müqavilələrinin sayında cari dövrdə ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artım olub. 
    Onu da qeyd edək ki, birinci yarım ilin ən böyük uğuru sayılan əsas nailiyyət iki yeni könüllü sığorta növünün yaradılmasıdır. Bununla da könüllü sığorta növü 19-a yüksəlmişdir. Yeni olan yüklərin sığortası və könüllü tibbi sığorta növləri digər sığorta növləri kimi birbaşa xalqın mənafeyinin qorunmasına, onlara dəyəcək zərərlərin qarşısının alınmasına xidmət edəcək. 
    Yüklərin sığortası daşınan yüklərin artıq daha rahat, güvənli şəkildə ünvana çatdırılmasına, könüllü tibbi sığorta isə vətəndaşların, xüsusilə də respublikada yaşayan xarici tələbələrin, əcnəbi vətəndaşların sağlamlığının qorunmasına kömək edəcək. Yeni sığorta növləri ilə bağlı broşür və flayerlərin də hazırlanması nəzərdə tutulub. Həmçinin Dövlət Sığorta Xidməti daha bir yeniliyə imza atıb və 505 qısa nömrəli qaynar xətt xidmətini yaradıb. Qaynar xəttin yaradılmasında əsas məqsəd sığorta hadisələri ilə bağlı məlumatları operativ şəkildə qəbul etmək və baş vermiş sığorta hadisələrinə dair sənədləşmə işləri üzrə sualları dərhal cavablandırmaqdır. 
    Əlavə olaraq 6 ay ərzində xidmət tərəfindən Dövlət proqramlarının icrası nəzarətdə saxlanılıb, bəndlərin icrasına uyğun olaraq 6 aylıq məlumatlar aidiyyəti üzrə təqdim olunub.
    Maarifləndirmə işlərinin artırılması məqsədilə xidmət tərəfindən ardıcıl şəkildə sosial şəbəkədə yeni postlar paylaşılıb, televiziya və radioda yeni sığorta növləri barədə reklam çarxları verilib, şəhər və rayon qəzetlərində məqalələr dərc olunub. Həmçinin eyni məqsədlə şəhər və rayonlarda artıq daimi xarakter alan tədbirlər keçirilir, vətəndaşların suallarına izahedici cavablar verilir, sığortanın mahiyyəti, onun növləri barədə dərindən məlumatlandırılırlar. Qeyd edək ki, yarım ildə, ümumilikdə, 45 təşkilatda 1963 nəfərin iştirakı ilə maarifləndirici tədbir keçirilib.
    Görülən işlərin nəticəsi olaraq onu deyə bilərik ki, 2022-ci ilin ilk 6 ayında xidmətin fəaliyyəti uğurlu olub, hərtərəfli və çoxşaxəli işlər həyata keçirilib. 

Şəfa ƏHMƏDLİ
“Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin baş mütəxəssisi 

Nəşr edilib : 02.08.2022 19:00