AZ EN RU

Şərur rayonunda sənaye sahəsində yeni layihələrin dəstəklənməsi davam edir

    2022-ci ilin əvvəlindən etibarən Sahibkarlığın İnkişafı Fondu tərəfindən muxtar respublikanın bölgələrində özəl bölmə təmsilçilərinin müxtəlif layihələrinin maliyyələşdirilməsi davam etdirilib.
    2022-ci ilin ötən dövrü ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən Şərur rayonunda sənaye sahəsində yeni layihələrin dəstəklənməsi, aqrar sektorun, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi məqsədilə  yeni layihələrin reallaşdırılmasına  515 min 300 manat həcmində güzəştli kredit verilib. Verilən kreditlər sənaye və kənd təsərrüfatı sahələri üzrə olmaqla, ümumilikdə, 35 layihəni əhatə edib. 
    Rayonun Qarxun kəndində fiziki şəxslər Tağı Tağıyev tərəfindən çörək istehsalı sahəsinin, Ramal Bağırov tərəfindən ayaqqabı istehsalı sahəsinin, Şərur Sənaye Məhəlləsində Orxan Məmmədov və Bəxtiyar Səfərov tərəfindən mebel istehsalı sahələrinin, Düdəngə kəndində Nağı Rəhimov tərəfindən dondurma istehsalı sahəsinin yaradılması başa çatdırılıb. Yeni yaradılan müəssisələrdə, ümumilikdə, 24 nəfər işlə təmin olunub.    
    Qeyd olunan  dövrdə dövlət maliyyə dəstəyi hesabına Şərur rayonunda Şərur Sənaye Məhəlləsinin, “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bitki yağı istehsalı zavodunun, “Şərur-3” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən karton tara və kağız paket istehsalı sahəsinin və Cəlilkənddə fiziki şəxs Bilal Qasımov tərəfindən meyvə araqları istehsalı sahəsinin genişləndirilməsi istiqamətində də  işlər davam etdirilib. Ümumilikdə,  rayonda sənaye sahəsinin inkişafının stimullaşdırılması üçün Sahibkarlığın İnkişafı Fondu tərəfindən 3 layihənin maliyyələşdirilməsinə 32 min manat dövlət maliyyə dəstəyi göstərilib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 30.09.2022 21:15