AZ EN RU

Seminarlar davam etdirilir

    “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada təcrübəli idman mütəxəssislərinin iştirakı ilə seminar, kurs və ustad dərslərinin davamlı təşkili diqqət mərkəzində saxlanılır. Məqsəd məşqçi-müəllim, idmançı və hakimlərin yeni bilik və təcrübələrə yiyələnməsi, o cümlədən idman növlərində tətbiq olunan yeni qaydalar barədə məlumatlandırılmasıdır. Bu məqsədlə Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbində Gənclər və İdman Nazirliyi və Naxçıvan Güləş Federasiyası tərəfindən yeniyetmə güləşçilər üçün taktiki-texniki seminar təşkil olunub. 
    Sərbəst güləş üzrə yeniyetmələrdən ibarət milli komandanın məşqçisi, tanınmış güləşçimiz Yaşar Əliyevin rəhbərliyi ilə keçən seminarda üçqat dünya və üçqat Avropa çempionu, ikiqat olimpiya mükafatçısı, dünyaca tanınmış güləşçimiz Hacı Əliyev də Naxçıvan güləşçiləri ilə görüşüb, onlarla öz təəssüratlarını bölüşüb. 
    Naxçıvan güləş məktəbinin yetirmələri olan Hacı və Yaşar  Əliyev qardaşları burada məşq keçdikləri dönəmi xatırladaraq muxtar respublikada idmana göstərilən qayğının nəticəsi kimi yeni nəslin əvvəlkilərdən fərqli olaraq müasir və əlverişli şəraitdə məşqlər keçməsinin, yüksək diqqətlə əhatə edilməsinin sevindirici olduğunu deyiblər. Əlavə olunub ki, yaradılan imkanlarla yanaşı, uğur əldə etmək üçün idmançının uzunmüddətli zəhmətə qatlaşması və davamlı təcrübə artımı üçün səy göstərməli olduğunu vurğulayıblar. Tanınmış idmançılarımız yenidən doğma diyarda olmaqdan və Naxçıvan güləşçilərinin gələcəyinə fayda verməkdən şərəf duyduqlarını bildirib, bu tipli tədbirlərin təşkilinə görə təşəkkürlərini ifadə ediblər. 
    Çıxışların ardınca seminara start verilib. İsinmə hərəkətlərinin ardından Yaşar Əliyev xalça üzərində simulyasiya xarakterli güləş görüşləri vasitəsilə bəzi çətin və çıxılmaz vəziyyətlər zamanı icra oluna biləcək ən uyğun fəndləri iştirakçılara nümayiş etdirib, idmançının yarışa hazırlığı və yarış zamanı diqqət göstərməli olduğu məsələlərlə bağlı fikirlərini diqqətə çatdırıb. O, eyni zamanda məşqçi və idmançıları maraqlandıran sualları da cavablandırıb.

Naxçıvan Muxtar Respublikası 
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 17.10.2022 19:44