AZ EN RU

Şahbuz rayonunda Yeni Azərbaycan Partiyasının gənc fəalları ilə görüş keçirilib

    Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyinin təşkilatçılığı ilə Şahbuz rayonunda Yeni Azərbaycan Partiyasının gənc fəalları ilə görüş keçirilib.
    Tədbiri Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Rizvan Məmmədov giriş sözü ilə açaraq Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının 6-cı konfransının muxtar respublikamızın ictimai-siyasi həyatında yeni tarixi mərhələnin başlanğıcı olduğunu bildirib. Qeyd edilib ki, konfransda partiya üzvləri qarşısında yeni vəzifələr müəyyənləşdirilib. 
    Rizvan Məmmədov gənclərlə bu cür görüşlərin əhəmiyyətindən də danışıb. Vurğulanıb ki, Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı yarandığı ilk gündən onun fəaliyyətində gənclərin böyük rolu olub. 
    Diqqətə çatdırılıb  ki, Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı 45 ərazi partiya təşkilatını özündə birləşdirir. Təşkilatın 3782 partiya üzvü var ki, onlardan 1897 nəfərini məhz gənclər təşkil edir.  
    Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin siyasi iradəsinin gücü və tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası çox qısa zamanda ümumxalq partiyasına çevrilib və o zamandan da məhz xalqımızın rifahı, dövlətimizin inkişafı naminə geniş fəaliyyəti ilə cəmiyyətin hər bir təbəqəsinin möhkəm dəstəyini qazanıb. 
    Yeni Azərbaycan Partiyasının VII Qurultayından, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının VI konfransından geniş bəhs edən Cəbi Quliyev bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün fəaliyyətini müasir tələblərə uyğun olaraq davam etdirir. Bu prosesdə partiyamızın gəncləri də fəal iştirak etməlidir. Cəbi Quliyev qarşıda duran vəzifələrin layiqincə və yüksək səviyyədə yerinə yetirilməsi üçün gənclərin üzərinə düşən vəzifələrdən söhbət açıb, bu gün dünyada mövcud olan yeniliklərin gənclər tərəfindən öyrənilməsinin vacibliyini vurğulayıb.
    Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyinin sədri Arzu Qasımov çıxışında diqqətə çatdırıb ki,  muxtar respublikada gənc nəslin yetişdirilməsi, intellektual potensialının daim zənginləşdirilməsi məqsədilə yaradılan şərait onların ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmasını şərtləndirməklə yanaşı, həm də öz potensiallarını sərbəst, səmərəli şəkildə reallaşdırmalarına da yol açır. Yaradılan bu şərait Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyinin fəaliyyətinə də öz müsbət təsirini göstərib.
    Görüşdə birliyin yeni formalaşmış heyəti, fəaliyyət istiqamətləri, o cümlədən gələcək perspektivlərdən söz açılıb. 
    Gənclər Birliyinin fəaliyyəti haqqında məlumat verən Arzu Qasımov bildirib ki, birlik gənclərlə işi və onların sağlam vətəndaş kimi formalaşmasını, ulu öndərin siyasi xəttinə sədaqət ruhunda tərbiyəsini diqqətdə saxlayır, bu istiqamətdə davamlı tədbirlər və layihələr icra olunur. 
    Arzu Qasımov göstərilən yüksək etimada, gəncliyin inkişafı sahəsində həyata keçirilən tədbirlərə görə minnətdarlıq edib.
    Tədbir diskussiya şəklində davam edib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 18.03.2022 20:12