AZ EN RU

Ritmlərlə yaşanan ömür

    Azərbaycanda geniş yayılmış zərb musiqi alətləri arasında nağara ən qədim alətlərdən biri hesab edilir. Təsadüfi deyil ki, Qobustan ərazisində bu günə qədər qorunub saxlanmış qavaldaş, başda nağara olmaqla bir çox zərb alətinin sələfi sayılır. Dahi şairimiz Nizami öz əsərlərində bu alətin adını çəkir. Nağara Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayında fəaliyyət göstərən musiqiçilərin tez-tez istifadə etdiyi alətlərdən olub. Nağaranın professional musiqi aləti kimi müasir dövrümüzə qədər öz əhəmiyyətini qoruyub saxlamasında 1931-ci ildə görkəmli bəstəkarımız Üzeyir Hacıbəyli tərəfindən yaradılan xalq çalğı alətləri orkestrinin tərkibinə bu alətin də salınması mühüm rol oynayıb. XX əsrin 50-ci illərində isə musiqi təhsili müəssisələrində nağara aləti tədris olunmağa başlanılıb. 

    Azərbaycanın qədim yaşayış məskənlərindən olan Naxçıvanda da nağara alətinə xüsusi maraq göstərilib. Ordubad rayonu ərazisində, Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə, Zəngəzur silsiləsinin suayrıcında yerləşən Gəmiqaya zirvəsində Qobustandakı qavaldaşa oxşar qayaların mövcud olması burada da hələ qədim zamanlardan zərb alətlərinin yeri və rolu haqqında danışmağa imkan verir.
     Naxçıvanda musiqi mədəniyyətinin inkişafında əhəmiyyətli rol oynayan musiqiçilər arasında nağara ifaçıları da var. Belə ifaçılardan biri də Qurban Qurbanovdur. 
    Qurban Qurbanov 1969-cu ildə Naxçıvanda nağara ifaçılıq məktəbinin yaradıcılarından biri olan Pənah Qurbanovun ailəsində dünyaya göz açmışdır. Balaca Qurbanı hələ kiçik yaşlarından ritmlərlə zəngin bir mühit əhatə etmişdir. Atasının evdə etdiyi məşqlər, onun yaradıcı fəaliyyəti Qurban üçün sənətə doğru atılan ilk addımların başlanğıcı olmuşdur. Pənah müəllim Naxçıvanda nağara ifaçılıq sənətinin sirlərini dərindən bilən, bu sənətə könül verərək ifaçıların yetişməsində əzmkarlıqla çalışan musiqiçilərdən sayılırdı. Təsadüfi deyil ki, Naxçıvanda nağaraçalanlardan ibarət ifaçı kollektivinin yaranması Pənah Qurbanovun adı ilə bağlıdır. 
    Qurban Qurbanov atası Pənah Qurbanovun səhnə fəaliyyətinin bir parçası olmuşdur. P.Qurbanov “Nağaraçalanlar” ansamblı ilə iştirak etdiyi tədbirlərə balaca Qurbanı da aparmış, sənətdə hələ ilk addımlarını atan Qurban  Qurbanov səhnələrdə püxtələşmişdir. 
     Atasının yolu ilə getməyi qət edən Qurban Qurbanov nağara ifaçısı kimi ilk dəfə 1974-cü ildə Naxçıvanda Həmkar­lar İttifaqının nəzdində yaradılan ansamblda çıxış etmiş, daha sonra bu kollektivin solo ifaçılarından biri olmuşdur. O həmin ildən başlayaraq Azərbaycanda keçirilən müxtəlif səpkili tədbirlərdə Naxçıvanı layiqincə təmsil etmişdir. 
    Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Bakıda keçirilən Naxçıvan günlərində P.Qurbanovun rəhbərliyi ilə “Nağaraçalanlar” ansamblının iştirakı bu sənətin Naxçıvanda layiqli davamçılarının yetişdiyini sübut edən ən bariz nümunədir. Onun övladları da bu sənətə könül verənlərdəndir. Qurbanovlar ailəsinin nağara ifaçılığı sahəsində yaradıcı fəaliyyəti diqqətdən kənarda qalmamışdır. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev 1974-cü ildə P.Qurbanovun digər oğlu Mustafa Qurbanova imzalı nağara hədiyyə etmişdir.
    Ümumiyyətlə, Qurbanovlar ailəsi nağarada ifaçılıq sənətini yüksək səviyyədə təmsil etmiş, xarici ölkələrdə etdikləri çıxışlarla yadda qalmışlar. 1981-ci ildə Vyetnam, Hindistan, Pakistan kimi ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günlərində P.Qurbanovun ailə üzvləri – qızı Gülşən Qurbanova xanəndə, Ruhizər Qurbanova xanəndə, iki oğlu – Mustafa və Qurban Qurbanovlar isə nağara ifaçıları olaraq müşayiətçi kimi çıxış edirlər.
    1983-cü ildə “Nəqşicahan” ansamblında fəaliyyət göstərən Qurban Qurbanov Nisə Qa­sımova, Təranə Vəlizadə, Bilal Əliyev kimi müğənnilərlə “Yeni il şənliyi”ndə eyni səhnəni paylaşmış, 1985-ci ildə isə akademik Yusif Məmmədəliyevin 80 illik yubileyi münasibətilə Naxçıvan Dövlət Universitetində təşkil olunan tədbirdə yaddaqalan nömrələrlə çıxış etmişdir.
    Bacarıqlı nağara ifaçısı kimi tanınan Qurban Qurbanov Naxçıvan Orta İxtisas Musiqi Məktəbinin məzunudur. O, 1 sentyabr 1986-cı ildən etibarən Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrində nağara ifaçısı olaraq işləmişdir. Naxçıvan Dövlət Filarmoniyasının qastrol səfərlərində iştirak edən Q.Qurbanov həmin kollektivlə 1992-ci ildə Türkiyədə, 2009-cu ildə isə Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərində çıxış etmişdir.
     Qurban Qurbanov həm də müəllim kimi bu sənətin sirlərini gənc nağara ifaçılarına öyrədir, özünün yaratdığı ifaçı kollektivlərində onların potensialının tam mənası ilə açılması üçün əlindən gələni əsirgəmir. Təsadüfi deyil ki, 1998-ci ildə Cavidabad Kənd Uşaq Musiqi Məktəbində müəllim kimi işləyən Qurban Qurbanovun yaratdığı nağara ifaçılarından ibarət musiqi kollektivi müxtəlif tədbir, bayram şənliklərini öz ifası ilə bəzəmişdir. Kollektiv 1999-cu ildə uşaq musiqi məktəbləri arasında keçirilən müsabiqədə  I yerə layiq görülmüşdür. 
    Hərarətli ifaçılıq imkanlarına malik Qurban Qurbanov 2001-ci ildə Naxçıvan şəhərində 2 nömrəli uşaq musiqi məktəbində Ə.Məmmədovun yaratdığı xalq çalğı alətləri ansamblında nağara ifaçısı olaraq dəvət alır. Burada da öz fəaliyyəti ilə nüfuz qazanır. Qurban Qurbanov hazırda 2 nömrəli Uşaq İncəsənət və Musiqi Məktəbində müəllim işləyir. O, eyni zamanda usta kimi bu qədim alətin təmiri işi ilə də məşğuldur. 
    Qurban Qurbanovun nağara ifaçısı kimi peşəkar fəaliyyəti daim diqqət mərkəzində olmuşdur. Təsadüfi deyil ki, o və nağara sənətinin sirlərini öyrətdiyi tələbələri dəfələrlə muxtar respublika səviyyəsində keçirilən müsabiqələrin qalibi kimi mükafatlar, fəxri fərmanlar, diplomlarla təltif edilmişdir.
    Qurban Qurbanov Naxçıvanda nağara ifaçılığı sahəsində göstərdiyi səmərəli fəaliyyətinə görə 2015-ci ildə “Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi” fəxri adına, 2016-cı ildə isə Prezident mükafatına layiq görülmüşdür. 
     Qədim tarixi ənənələrə malik milli nağara ifaçılığı sənəti məhz Qurban Qurbanov kimi fədakar insanların simasında müasir günümüzədək yaşamış və gələcək nəsillərə ən gözəl sənət sahəsi kimi miras olaraq qalacaqdır.

Ruhiyyə DÜNYAMALIYEVA
Naxçıvan Dövlət Universitetinin İncəsənət 
fakültəsinin əməkdaşı

 

Nəşr edilib : 28.07.2022 21:26