AZ EN RU

Rəşadətinlə xalq öyünür, Rəşad!

    Ermənistan silahlı qüvvələrinin bu il sentyabrın 12-14-də sərhəddə törətdiyi təxribatların qarşısını alarkən qəhrəman Azərbaycan Ordusunun hərbçiləri arasında şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri də Rəşad Hüseynli oldu.
    21 may 2000-ci ildə Culfa rayonunun Yaycı kəndində anadan olan Rəşad 2006-2017-ci illərdə Yaycı kənd 2 nömrəli tam orta məktəbdə təhsil almış, orta məktəbi bitirdikdən sonra 2018-2020-ci illərdə həqiqi hərbi xidmətə yollanmışdı. Xidməti dövründə atıcı silahların sirlərinə dərindən yiyələnən qəhrəmanımız nümunəvi xidməti ilə seçilirdi. 
    Xidmətini başa vuraraq geri qayıtdıqdan sonra ötən ilin aprel ayında Dövlət Sərhəd Xidmətində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq xidmətə başlayan igidimiz bir müddət Şəki şəhərində kurs keçmişdi. Sərrast atıcılıq qabiliyyəti olan Rəşad Hüseynli snayper kimi xidmətini davam etdirmişdi. Cəlilabadda, Cəbrayılda, Zəngilanda xidmət edən Rəşadın arzusu hər zaman Vətəni bütöv, azad görmək idi. O bunun üçün hərb sənətinə maraq göstərirdi. Nümunəvi xidməti ilə çavuş və baş çavuş rütbələrinə yüksələn Rəşad Hüseynli komandirlərinin dediyi kimi, bölüyün görən gözü idi. 44 günlük Vətən müharibəsində hərbçilərimizin göstərdiyi rəşadət Rəşad Hüseynli üçün hər zaman örnək idi. Qəhrəman şəhidlərimizin şərəfli yolunu davam etdirən Vətənin igid oğlu sentyabrın 12-13-də Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə baş verən genişmiqyaslı təxribatının qarşısının alınmasında fəal iştirak edərək  Zəngilan rayonu istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı. 
    Şəhidin anası Lətafət Hüseynova deyir ki, Rəşad hərb sənətini çox sevirdi: “Uşaqlıqdan hərbçi olmaq arzusunda idi. Bu arzu ilə də ordu sıralarından tərxis olunduqdan sonra  Dövlət Sərhəd Xidmətində xidmətə başladı. Onunla hər gün danışırdıq. Deyirdi, ana, nigaran qalmayın, yaxşıyıq. Axırıncı dəfə sentyabrın 10-da danışmışdıq. Üç gün idi ki, Rəşaddan xəbər yox idi. Televiziyadan öyrənəndə ki, xain düşmən yenə də təxribata əl atıb, torpaqlarımıza hücum edib, həmin an tez Rəşada zəng etdim, ancaq ona zəng çatmadı. Həmin gün neçə dəfə mən, atası cəhd etsək də, onunla əlaqə yarada bilmədik. Nəhayət, komandirləri ilə danışa bildik. Dedilər ki, narahat olmayın, hər şey qaydasındadır. Rəşad döyüş tapşırığını yerinə yetirmək üçün döyüş mövqeyindədir və orada da danışmaq olmaz. Çalışacağam sizinlə danışsın. Sentyabrın 15-də günortaya yaxın Rəşad evə zəng etdi. Atası ilə danışdı. Sonra mən danışdım. Dedi ki, ana sağ-salamatam. Narahat olmayın, imkan düşən kimi yenə zəng edəcəyəm. Bu zəngdən sonra atası da, mən də bir az rahatladıq. Günortadan sonra isə vəziyyət tamam dəyişildi. Qonşular, kənd camaatı – hamı bizə gəldi. Heç kim heç nə demirdi. Axı biz heç iki saat deyildi ki, Rəşadla telefon əlaqəsi yaratmışdıq. Sonra məlum oldu ki, oğlum düşmən hücumunu dəf edərkən şəhidlik zirvəsinə ucalıb. Onunla fəxr edirəm. Fəxr edirəm ki, oğlum torpaqlarımızın müdafiəsində canından, qanından keçərək bizi qoruyub. Anasını qoruyub, Vətənini qoruyub. Rəşadımla qürur duyuram. Oğlumun üçrəngli bayrağa bükülü evimizə gətirilməsi, qapımızın ağzında olan böyük izdiham, hamının ucadan səsləndirdiyi “Başını dik tut, şəhid anası!” şüarı məni çox qürurlandırdı. 
    Şəhid atası Ramiz Hüseynov oğlunun son sözlərini belə xatırlayır:     
    “Ata, mən yaxşıyam, nigaran olma. Əgər hər nə olsa, başını dik tut”. Şəhid atası deyir ki, üç oğlum var. Balaca övladım məktəblidir. Şəhidimin – Rəşadın böyük qardaşı da hərbçidir. Muxtar respublikamızda ön xətdə xidmət edir. Rəşad həmişə deyərdi ki, ata, başını uca edəcəyəm, bayrağımızı yüksəklərə qaldıracağam. Oğul itkisi nə qədər ağır dərd olsa da, fəxr edirəm ki, oğlum o bayrağa bükülü gəldi. Torpaq uğrunda canını fəda etdi. Torpaqlarımızın müdafiəsi uğrunda oğullarımla bərabər mən də şəhid olmağa hazıram. Allah bütün şəhidlərimizə rəhmət etsin. Vətən sağ olsun! 
    Bəli, əziz şəhid atası, oğlunun da dediyi kimi, başını dik tut. Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Rəşad Hüseynli kimi şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər kəsin vətəndaşlıq borcudur:

            Bu qan yerdə qalmaz, yer qanı tutmaz,
            Zülm də, zalım da dünyanı tutmaz,
            Vətən unudulmaz, Vətən unutmaz,
            Sən başını dik tut, şəhid atası,
            Göz yaşını qurut, şəhid atası!

Alim AĞAYEV
“Arazın səsi” qəzetinin redaktoru

Nəşr edilib : 07.10.2022 20:05