AZ EN RU

“Realizmin işığında” fərdi rəsm sərgisi açılıb

    Aprelin 13-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda tanınmış rəssam Qəhrəman Tağıyevin 75 illik yubileyi münasibətilə “Realizmin işığında” adlı fərdi rəsm sərgisi  təşkil olunub. 
    Tədbirdə çıxış edən Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı  Ülviyyə Həmzəyeva muxtar respublikamızda incəsənət sahəsinə göstərilən diqqət və qayğıdan danışıb. 
    Bildirib ki, yubileyi qeyd edilən Qəhrəman Tağıyev Azərbaycan Rəssamlar İttifaqının və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü kimi bir çox müsabiqə və sərgilərdə uğurla iştirak edir. O həm də müəllim kimi pedaqoji fəaliyyətini davam etdirir, gənc nəslə rəssamlıq sənətinin sirlərini öyrədir.  Rəssamın fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, ötən il Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub. 

    Ülviyyə Həmzəyeva çıxışının sonunda rəssamı təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıb. 
    Tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək qeyd edib ki, fərdi sərgidən də göründüyü kimi Qəhrəman Tağıyevin yaradıcılığı geniş və çoxşaxəlidir. O, müşahidə etdiklərini, gördüklərini özünəməxsus şəkildə işləyərək gözəl rəsm əsərləri ərsəyə gətirib. Rəssam fırçasının gücü ilə ərsəyə gələn bu əsərlərin özünəməxsusluğu həm də bir tarixi fakt kimi həmişə yaşayacağından xəbər verir. 
    Türkiyənin Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz çıxışında vurğulayıb ki, bu gün Türk xalqları arasında ictimai-siyasi, eyni zamanda mədəniyyət və incəsənət sahəsində əlaqələr inkişaf etdirilir və möhkəmləndirilir. Yubileyini qeyd etdiyimiz rəssamın ömrü yaradıcılıq sahəsində çalışmalarla keçib. Onun gənc rəssamlar yetişdirilməsində də xidmətləri var. Ötən il Qəhrəman Tağıyev çəkdiyi “Atatürk” portretini konsulluğa təqdim edib. Konsul qiymətli hədiyyəyə, eləcə də incəsənətə verdiyi töhfələrə görə rəssama təşəkkürünü bildirib. 
    Tədbirdə Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva, rəssamın sənət dostlarından Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılov, Xalq rəssamı Hüseynqulu Əliyev, Azərbaycan Respublikasının Əməkdar rəssamı Telman Abdinov çıxış edərək rəssamı 75 illik yubileyi münasibətilə təbrik ediblər, ona fəaliyyətində uğurlar arzulayıblar.
    Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin  üzvü Qəhrəman Tağıyev fəaliyyətinə göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib. 
    Sonra fərdi yaradıcılıq sərgisinə görə rəssama təşəkkürnamə təqdim edilib və sərgiyə baxış olub. Qeyd edək ki, Qəhrəman Tağıyevin qrafik və  yağlı boya üsulu ilə çəkilən portret, natürmort, mənzərə janrlarında 75 rəsm əsəri nümayiş olunub. “Möminə xatın”, “Əshabi-Kəhf ziyarətgahı”, “Hüseyn Cavid məqbərəsi”, “Nuh Peyğəmbərin məqbərəsi”, “Batabat obasında”, “Təbiətin simfoniyası” və digər əsərlər maraqla izlənilib. Sərgi bir həftə davam edəcək.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 13.04.2022 20:40