AZ EN RU

Rabitəçilər “Türk Telekom İnternational” şirkətində təcrübə keçiblər

    Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə “Türk Telekom İnternational” şirkəti arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində nazirliyin mühəndisləri mobil operatorun Bursa şəhərində yerləşən telekommunikasiya sahəsində real iş şəraitində təcrübə keçiblər. “Türk Telekom İnternational” şirkətinin departament  direktoru Alpər Gözəlin koordinasiyası ilə mobil operatorun peşəkar mühəndisləri Sərvət Özkan və Atakan Avcı tərəfindən rabitəçilərə telekommunikasiya sahəsində istifadə olunan yeni nəsil avadanlıqların iş prinsipi, baza stansiyaları, hər bir baza stansiyası ilə Mərkəzi İdarəetmə Sistemi arasında fiber-optik kabel xətləri vasitəsilə yaradılmış arabağlantı, informasiya daşıyabilən avadanlıqlar, tezlik diapazonları, rominq əlaqələri, səs, data və SMS xidmətləri barəsində ətraflı məlumatlar verilib.
    Həmçinin təlimlər zamanı onlar fiber-optik kabellərin qaynaq edilməsi üçün müasir “Fujikura S90” cihazının iş prinsipi haqqında məlumatlandırılıblar. Bildirilib ki, linzalarla təchiz edilmiş qaynaq aparatı çəkilən lifin nüvə boyunca dəqiq düzülməsini təmin edir. Bundan əlavə, bu cür linzalar qaynaq avadanlığına müxtəlif növ lifləri ayırmağa imkan da yaradır. Bunlarla yanaşı, kabellərdə yaranmış nasazlığı aşkar edən, operativ olaraq obyektin yeri və sürəti barədə, eləcə də fiber-optik liflərin siqnalını yoxlayan Optik Şəbəkə İdarəetmə Sistemi (ONMS – Optical Network Management System) cihazı barəsində də məlumatlar verilib. Qeyd edilib ki, həmin cihaz işçi qüvvəsinin məhsuldarlığını artırmaqla yanaşı, uzaq məsafədən fiber-optik şəbəkələrin idarə edilməsini asanlaşdırır. Sistem lifin deqradasiyasını dəqiq müəyyən edir. 
    Təlim zamanı mühəndislər yeraltı kabellərin tapılması üçün istifadə edilən radar cihazının iş prinsipi ilə yaxından tanış olub, internet üzərindən xəritədə yerləşən bölgələrdəki kabellərin yerini təyin edən proqramın iş prosesini də izləyiblər. 
    Qeyd edək ki, bundan əvvəl Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə “Buta Global Enerji” şirkəti arasında mövcud olan əməkdaşlıq çərçivəsində nazirliyin mühəndislərinə dünyanın aparıcı şirkətlərindən olan Prysmian Groupun Türkiyə Respublikasının Bursa şəhərində yerləşən Mudanya fabrikində təlim keçirilib.
    Həmin təlimlər rabitəçi-mühəndislərin ixtisaslı kadr kimi formalaşmalarına və bu sahədə biliklərinin artırılmasına geniş şərait yaradacaqdır. 

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar
 Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 01.08.2022 17:56