AZ EN RU

Rabitə xətt təsərrüfatında təmir-bərpa işləri davam edir

    Sədərək rayonunda digər sahələrdə olduğu kimi, rabitə və yeni texnologiyalar sahəsində də sürətli inkişaf müşahidə olunur. Həyata keçirilən sosial-iqtisadi islahatlar rabitə sahəsinin inkişafına əsaslı zəmin yaradıb, ən müasir texnologiyaların tətbiq edilməsi ilə telekommunikasiya xidmətlərinin çeşidinin və keyfiyyətinin artırılması istiqamətində bir sıra layihələr həyata keçirilib. 
    Cari ilin ötən dövründə rayon sakinlərinin rabitə və internet xidmətlərinə olan tələbatının ödənilməsi məqsədilə rayon mərkəzində və kəndlərdə mövcud avtomat telefon stansiyalarının internet tutumları artırılaraq internet istifadəçilərinin tələbatının ödənilməsinə şərait yaradılıb. Həmçinin istismar müddəti ərzində rabitə xətt və abunə qurğularında yaranmış nasazlıqların aradan qaldırılması istiqamətində də operativ və zəruri tədbirlər həyata keçirilib. Rayonun Heydərabad qəsəbəsində və kəndlərdə rabitə xətlərinə və abunə qurğularına baxış keçirilib, rabitə kabellərindəki zədələnmələr, o cümlədən xətlərdəki digər nasazlıqlar aşkar edilməklə nöqsanlar aradan qaldırılıb. Həyata keçirilən tədbirlərin davamı olaraq Sədərək kəndinin bir neçə yaşayış məhəlləsində sakinlərin keyfiyyətli internet və rabitə xidmətlərindən istifadə etmələri üçün rabitə xətt təsərrüfatında təmir-bərpa işləri davam etdirilir. Yararsız vəziyyətdə olan taxta rabitə dirəkləri metal dirəklərlə əvəz olunur, 650 metrə yaxın müxtəliftutumlu zədələnmiş kabellər yenilənir, 10 ədəd yeni rabitə dirəyi basdırılır, 2 abunə qutusu əlavə edilməklə xətlərdəki nasazlıqlar bərpa olunur.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar 
Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 04.08.2022 18:22