AZ EN RU

Qüdrət dolu söz təşnəsi, mütərəqqi düşüncə, ideya çinarı...

    Ey “qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət etməkdir...  Bu ola gərək hər bir qələm sahibinin amalı”, – deyərək hər vəchlə xalqın nadan övladlarını xurafat girdabından, savadsızlıq məngənəsindən xilas etməyə can atan, onları təhsilə, bilik öyrənməyə səsləyən, qılıncdan da kəsərli qələmi, mütərəqqi amalları ilə gənclərin sabahına çıraq tutan, həqiqətdən ilhamlanan, demokratik ruhlu, qüdrət dolu söz təşnəsi, novator fikir, ideya çinarımız Mirzə Cəlil! Söylədiyin “Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən – həyatın məqsədi məhz budur” sözlərini öz əməlində təcəlla edən ədəbiyyat dühası, mübarək olsun qocalmayan, həmişəcavan ömrünün 153-cü ilinin tamamı. Mənalı həyat yolun, pedaqoji fəaliyyətin, yaradıcılıq dünyan, satirik, bədii publisistik nümunələrin, felyetonların məxəzdir ədəbiyyatşünas alimlərə, ədəbi tənqidçilərə, sözün dəyərini, qüdrətini dolğun halda ifadə edən “Dünyada hər bir kəs üçün sözdən böyük yadigar yoxdur. Zira ki, mal-mülk tələf gedir, amma söz qalır” fikirlərin stimuldur neçə-neçə yazarlara, şairlərə, jurnalistlərə, qələm əhlinə. Həyata keçən müqəddəs ideyalarından, reallaşan pak arzularından danışmaq, bir əsr öncə heç bir qüvvədən qoxmadan, çəkinmədən  xalqın maariflənməsi yolunda ardıcıl olaraq 25 illik fədakarlıq göstərən “Molla Nəsrəddin” jurnalında da üzə çıxardığın, tənqid atəşində yandırdığın dövrün bəzi eybəcərliklərinin artıq aradan qaldırıldığını oxuculara bildirmək, ozamankı cəmiyyətə xas bəzi naqisliklərin günümüzlə də səsləşdiyini bir daha dilə gətirmək istəyi ilə üz tuturam əziz xatirənə, dəyərli irsinə, ey böyük demokrat yazıçımız...  
    Eşidib-bilməmiş deyilsən ki, milli ideologiya bayraqdarı sayılan “Molla Nəsrəddin”də “Niyə məni döyürsünüz?”, “Niyə mən dərsdən qaçdım”, “Gimnaziyada təzə məscid”, “Təzə təlim kitabı”, “Müəllimlər”, “Mikroblar”, “Əlifba”, “Şura”, “Gözəl yerlər”, “Ölümaxtaran”, “Uşaqlarımız”, “Məktəblər”, “Şəhərlərdə və kəndlərdə hökumət məktəblərinin müsəlman müəllimlərinə xitab”, “Maarif işləri” kimi felyetonlarında ciddi tənqid atəşinə tuş gələn elm, təhsil, maarif və mədəniyyət sahəsində yol verilən nöqsanlar, çatışmazlıqlar çoxdan arxada qalıb. Dünyaya göz açdığın Naxçıvanının, eləcə də bütöv Azərbaycanımızın timsalında təhsil, elm ən yüksək tərəqqi dövrünü yaşayır bu gün. Ən müasir tədris avadanlıqlarının, təhciz edildiyi təlim metodlarının tətbiq olunduğu orta, ali məktəblərdə minlərlə dünyagörüşlü, istedadlı, bacarıqlı uşaqlar, gənclər gələcəyin ixtisaslı kadrları kimi yetişir. “Təzə təlim kitabı” felyetonunda diqqətə çəkdiyin: “Məlum şeydir ki, məktəblərdə təzə üsulla dərs vermək üçün kitablar azdır. Bu səbəbdən millət, Vətən adına bir qulluq  eləmək niyyəti ilə yoldaşlarım Mozalan, Hop-hop, Lağlağı və Hərdəmxəyalla himmət edib və köməkləşib bir hesab kitabı cəm etmək fikrinə düşdük” aktual məsələ də müstəqilliyimizin bərpasından sonra öz həllini tapıb ən yüksək səviyyədə. Bir sözlə, daha nə bir uşaq təhsildən kənar qalıb, nə də şagird kitabsız, dəftərsizdir indi. Dövrün bisavadlığını, nadanlığını qələmin misilsiz gücü ilə, ustalıqla üzə çıxardığın, azərbaycanlıların elmdən, təhsildən uzaq düşmələrini göstərən “Poçt qutusu” hekayəsinin qəhrəmanı “Necə ki, salmadım! Elə kağızı qutuya salan kimi, kafir gəlib qutunu bilmirəm nə təhər açdı, kağızı götürdü apardı”, – deyərək öz avamlığını ifşa edən Novruzəlilər öz yerini veribdi hərtərəfli dünyagörüşünə sahib intellektual təfəkkürlü, innovativ düşüncəli startapçı gənclərə...
    “Ax, unudulmuş Vətən, ax yazıq vətən! Dünyalar titrədi, aləmlər mayallaq aşdı, fələklər bir-birinə qarışdı, millətlər yuxudan oyanıb gözlərini açdılar və pərakəndə düşmüş qardaşlarını tapıb, dağılmış evlərini bina etməyə üz qoydular. Bəs sən haradasan, ay biçarə vətən?”, “Vətən, Vətən, Vətən! Dil, dil, dil! Millət, millət, millət! Dəxi bu dairələrdən kənar bəni-nöi bəşər üçün özgə nicat yolu yoxdur” söyləyərək yad düşüncələrin əsirinə çevrilən insanlara vətənpərvərlik hissləri, Vətənə məhəbbət, yurda, el-obaya sevgi duyğuları aşılamaq olan ən ümdə istəklərin, arzuların çin çıxıbdır artıq. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan siyasi iradəsi, oğullar şücaəti ilə göstərdi bütün dünyaya əsl Vətən sevgisini, vətənpərvərlik duyğularını, ümummilli liderimiz Heydər Əliyevin yoluna sədaqət sayəsində bütöv və qüdrətli Azərbaycanın varlığında, blokada şəraitində inkişaf salnaməsi yazan Naxçıvanımızın timsalında, xalq olaraq birliyimizdə, bərabərliyimizdə yaşayır, güclənir bir vaxt yoxluğundan nigaran qaldığın, pərişanlıq çəkdiyin həmin ali hisslər.  
      Haqlı olaraq “Bu millət öz dilinə, öz kökünə niyə belə baxır? Bu milli dəyərlər tək mənə, sənə, ona mənsub deyil axı bütün bir xalqa məxsusdur. Ata-babalarımız onları bizə əmanət veriblər. Əmanətə beləmi baxarlar? “Dilsiz xəlq olmayan millətin” dilinə o milli “intelligentlər” niyə nankorluqla yanaşırlar?” xitablarını ürəkyanğısı ilə dilə gətirir, “Dil” adlı felyetonda ərəb qrafikası ilə yazılmış məktubda bir hərf yanlışlığının nə dərəcədə kobudluğa yol açdığını, necə faciə yaratdığını göstərir: “Mən indiyə kimi inciyirdim o müsəlmanlardan ki, öz dillərini bilə-bilə bir-birinə rus dilində məktub yazırlar. Amma indi incimərəm. Darülfünu qurtarmış cavanlarımızın hamısı rus dilində yazı-pozu eləyirlər – müsəlmanca savadı olanlar da eləyir, olmayanlar da eləyir. Əvvəla, mən buna razı olmazdım, amma indi razıyam. Hətta qəzetə müdirlərimizdən bizə indiyədək bir neçə kağız gəlib. Bunların hamısı rusca yazılıb. Müəllim rəfiqlərimiz də rusca kağız yazırlar. Az qalıb mollalarımız da rus dilində irsal-mərsul edərlər, amma eləmirlər, məhz ondan ötür ki, rusca bilmirlər. Bu işlərə əvvəllər mən də təəccüb edirdim, amma indi eləmirəm. Səbəbi var...”,  “Anamın kitabı”nda, “Dəli yığıncağı”nda qınayırdın ana dilimizə biganə münasibəti, tənqid atəşinə tuturdun, ironiya predmetinə çevirirdin millətin içərisindən çıxmış yad düşüncədən ilhamlanan “müasir fikirli” bəzi ədabazları. Şübhəsiz ki, 70 illik sovet rejiminin belə, unutdura bilmədiyi ana dilimizin indi qorunması yolunda həyata keçirilən tədbirlərdən, həm dövlət səviyyəsində, həm də cəmiyyət olaraq bu mənəvi varlığımıza həssas münasibətdən, qayğıkeşlikdən şad olur müqəddəs ruhun. Yəqin, sənə də agahdır ki, dünyasını dəyişmiş atasının övladları üçün yazıb qoyduğu vəsiyyətnaməni oxumaqla müxtəlif soyadları daşıyan xalqdan, öz soykökündən uzaq düşməkdə olan qardaşlarını ana məhəbbətinə sığınmağa, milli kökə bağlanmağa səsləyən Gülbaharın çoxdan çatıb ali amalına, pak niyyətinə. Daha “Dəli yığıncağı” tragikomediyasındakı kimi o dövrdəki cəmiyyətin ən müxtəlif zümrələrini bədii mühakiməyə çəkən “Dəli kimdir?” fəlsəfi sualı ilə müraciət etməyə lüzum qalmayıb dəyərli ziyalıları ilə mədəni təşəkkül tapan cəmiyyətimizə, xalqın dilində danışa bilməyən Doktor Lalbyuz, Həzrət Əşrəf kimi öz milliliyinə laqeyd yanaşan insanlar da tapılmaz aramızda əsla...
    Redaktoru olduğun “Molla Nəsrəddin” jurnalının ayrı-ayrı buraxılışlarında işıq üzü görən “Teatr işləri”, “Teatr konfransı”, “Uşaq teatrı” və digər sərlövhəli yazılardan öyrənirik həmin dövrdəki teatr ocaqlarının fəaliyyətsizliyini, tamaşa seçiminin düzgün aparılmadığını. “Millətin mədəni-mənəvi tərəqqisi bundan çox asılıdır. Teatr tərbiyə ocağı, artist də tərbiyə edəndir-söyləyərək silkələyib cahillik yuxusundan ayıltmağa çalışdın bir ağızdan bir-birinə qarğış yağdıran qocalmış Fatmanisə xalaya oxşayan aktyorları, mədəni irsi qorumağa səslədin maarifpərvərləri, teatrşünasları, görkəmli ədib Mirzə Fətəli Axundovun “Müsyö Jordan və Dərviş Məstəli şah” əsərini əldə edərək buraya göndərməklə böyük rol oynadın Naxçıvan teatrının əsasının qoyulmasında. Hədər getmədi xalqın mədəni şüurunun formalaşması yönündə gördüyün işlər, çəkdiyin zəhmətlər. Ana yurdundakı teatrların timsalında reallığa çevrilib artıq arzuların, bir vaxtlar görmək istəyində olduğun tamaşalar göstərilir adını daşıyan sənət məbədində. Dramlarından, felyeton və hekayələrindən hazırlanan tamaşalar hələ bundan neçə əsr sonra da teatr ocaqlarımızı bəzəyəcək, həmin səhnə əsərləri ilə onlarla rejissor, aktyor nəsli yetişib, yetişəcək də, dühandan yaranan möhtəşəm yaradıcılıq nümunələrini izləməkdən heç bir zaman usanmayacaq Azərbaycan tamaşaçısı. 
    Həyat və fəaliyyətinin geniş şəkildə tədqiq edilərək gənc nəslə düzgün şəkildə aşılanmasında, əsərlərindəki dərin fəlsəfi meyarların üzə çıxarılaraq ədəbi ictimaiyyətə təqdim edilməsində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin danılmazdır, böyükdür rolu, çoxşaxəlidir dəyərli ziyalımızın bu yöndəki xidmətləri. Görkəmli alimin Mirzəcəlilşünaslıq istiqamətində apardığı geniş araşdırmaları özünəməxsus cəhətləri ilə silinməz iz buraxıb müasir dövrün ədəbi mühitində, əsərlərinin səhnələşdirilməsi zamanı verdiyi dəyərli tövsiyələr səbəb olub tamaşaların daha böyük rəğbət qazanıb sevilməsinə. Akademik əsaslı töhfələr verib Naxçıvan Dövlət Universitetində Tələbə Teatr Studiyasını yaratmaqla gənc aktyorlar nəslinin yetişməsinə, püxtələşərək böyük səhnələrə yol tapmalarına, alim dönmədən mübarizə apararaq izin verməyib bir an belə, haqqına kölgə salmağa, səni dinsizlikdə günahlandırmağa çalışanlara...
    Ey böyük demokrat ədibimiz, kiçik hekayənin böyük ustadı Mirzə Cəlil! “Cəlil Məmmədquluzadə yaradıcılığı elə bir dəryadır ki, o dəryanın dibinə gedib çatmaq, hamısını əhatə etmək mümkün deyildir”, –  deyən ümummilli liderimiz Heydər Əliyev ən ali qiyməti verib xalqın xoşbəxt sabahları naminə qələmi maarif qılıncına çevirməklə keçən 62 illik ömrünə, əsrlərə sığmayan nəsillərə örnək olan yaradıcılıq ümmanına. Ulu öndərin mədəniyyət siyasətinə sadiqlik nəticəsində ən yüksək səviyyədə keçirilir yubileylərin, əsərlərin bir sıra xarici dillərə tərcümə olunaraq bəzəyir dünya kitabxanalarını, elmi mərkəzləri, pyeslərindən, hekayələrindən hazırlanan tamaşaları izləmək üçün insanlar can atır teatra, tez-tez görüşünə gəlir oxucuların, adına açılan muzeylərdə sərgilənən eksponatlardan boylanmağa çalışırıq həyatına, yaradıcılıq yoluna, hikmətli nümunələrindən istiqamət götürməyə, əxz etməyə çalışırıq peşə, sənət sahələrində,  görəcəyimiz işlərdə. Xalqın, millətin taleyi ilə bağlı arzuların reallaşsa da, felyetonlarında, məqalələrində, əsərlərində çoxdur hələ günümüzlə səsləşən məqamlar, araşdırılası, öyrəniləsi, nəticə çıxarılası mətləblər. Dünənimiz, bu günümüz, sabahımız, qocalmayan, həmişəcavan qüdrətli qələm ustadımız, kəsərli söz sahibi, nəsihətamiz jurnalist ağsaqqalımız Cəlil Məmmədquluzadə, bütün dəyərli ithaflarınçün əziz xatirənə sonsuz hörmət və ehtiram hissi ilə...

Nail ƏSGƏROV

Nəşr edilib : 21.02.2022 20:00