AZ EN RU

Qəbələdə hərəyə bir qol

Azərbaycan Birinci Divizionunda 8-ci turun oyunlarına yekun vurulub. Bu turda “Araz-Naxçıvan” Qəbələdə “Qəbələ-2” komandasının qonağı olub. Rövşən Rəcəbov, Ruslan Quliyev, Teymur Teymurov və Şamil İmanzadədən ibarət hakimlər briqadasının idarə etdiyi görüş Qəbələ şəhər stadionunun ehtiyat meydançasında keçirilib.

Turnir cədvəlinin vahid lideri Naxçıvan təmsilçisi bu görüşə də qələbə əzmi ilə çıxıb. İlk dəqiqələrdən rəqib qapısında təhlükəli vəziyyətlər yaradan “Araz-Naxçıvan” Orxan Əliyev və Bayraməli Qurbanovla qola yaxınlaşsalar da, qapıçının sayıq oyunu buna imkan verməyib. 13-cü dəqiqədə qapıçı ilə üzbəüz qalan Söhrab Faxrabadi isə 100 faizlik qol imkanından yararlana bilməyib. 28-ci dəqiqədə hücumçumuz hesabı açmağa yaxın olsa da, qapı dirəyi buna mane olub. Rəqiblərin qarşılıqlı hücumlarına baxmayaraq, ilk hissədə hesab açılmayıb.

İkinci hissə isə rəqibin hücumları ilə başlayıb. Oyunun ilk bir saatının tamamında qapımız ağzında təhlükəli qol vəziyyəti yaradan qəbələli futbolçular bundan yararlana bilməyiblər. Daha doğrusu, qapıçımız Vüsal Şabanovun “seyv”ləri buna imkan yaratmayıb. Əvəzində əks-hücum zamanı rəqibin kobud oyunu penalti ilə nəticələnib. Komandamızın kapitanı Orxan Əliyev onbirmetrlik zərbəni dəqiq yerinə yetiməklə oyunda hesabı açıb – 0:1. Lakin komandamız bu hesabı oyunun son dəqiqələrinə kimi qoruya bilməyib. Belə ki, görüşün əlavə edilmiş 3-cü dəqiqəsində “Qəbələ-2” hesabı bərabərləşdirib – 1:1.

 Görüş bu hesabla başa çatıb.

 Qeyd edək ki, “Araz-Naxçıvan” 22 xalla turnir cədvəlinə başçılıq edir.

  Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 19.10.2022 19:00