AZ EN RU

Qayıdan torpağın qayıtmayan oğulları

    Artıq 44 günlük Vətən müharibəsindən 2 il ötür. Ali Baş Komandanımızın siyasi biliyi, gücü və iradəsi nəticəsində xalqın ona olan etimadını doğruldaraq şəhidlərimizin qanı bahasına torpaqlarımızı düşmən işğalından azad etdik. Onların bu qəhrəmanlığı sayəsində biz artıq qalib ölkənin vətəndaşıyıq. Vətən, torpaq sevgisi idi onlara güc verən. Torpaq uğrunda öz canlarından keçməyə hər an hazır idi Vətən oğulları.

    Torpaq uğrunda öz canından keçən qəhrəmanlardan biri də şəhid Rasim Ramazanovdur. Vətənə, millətə olan sevgisi Rasimi bu əlçatmaz zirvəyə –  şəhidlik zirvəsinə ucaltdı. Bu günlərdə Babək şəhərinə – şəhid Rasim Ramazanovun doğulub boya-başa çatdığı doğma ocağa yollandıq. Doğrusu, nə sual verəcəyimi bilmirdim, axı övlad itkisi yaşamış valideynlərə hansı sözlə təsəlli verə bilərdim? Evə daxil olarkən divara asılmış böyük çərçivədə Rasimin şəkli, elə bil,  bizə güc verdi. Onun üzündəki nur sanki cənnətdə olduğunun xəbərçisi idi. 1998-ci ildə dünyaya göz açan Rasimin vətənpərvərliyi hələ məktəbə qədəm qoyduğu ilk vaxtlardan özünü göstərirdi. Məktəbdə keçirilən “Əlifba bayramı”nda əsgər forması geyinib əlində bayraq tutaraq Vətənə həsr olunan şüarlar səsləndirirdi gələcəyin qəhrəman şəhidi. Evə daxil olduğumuz ilk vaxtdan gözləri kədərlə dolu olsa da, məğrur dayanan, Azərbaycan xanımına yaraşan bir qürurla bizə Rasim haqqında ürək dolusu danışan Tərlan ana dedi: – Oğlumun ən böyük arzularından biri Vətən torpaqlarını azad görmək idi. Mən fəxr edirəm ki, artıq övladım arzusuna çatıb. Qarabağ xəyalı ilə yaşayan Rasimə bir neçə il bundan əvvəl ermənilərin Füzuli rayonunda balaca Zəhra və nənəsinin qətlə yetirilməsi çox pis təsir etmişdi. Erməni vəhşiliyi nəticəsində körpə uşaq və nənəsinin qanına qəltan olunması onda nifrətlə yanaşı, qisas hissini də alovlandırmışdı. 
    Vətən müharibəsi başlayan zaman Rasim könüllü olaraq hərbi xidmətə yazılır. Bu xəbəri ailəsindən gizlədən Rasimə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən xəbər verirlər ki, onu müharibəyə aparmayacaqlar. Bu xəbəri eşidən Rasim onu döyüşə aparmaları üçün yenidən müraciət edir. Dostları ilə düşmənə qarşı çiyin-çiyinə vuruşmaq üçün Füzuli istiqamətində gedən ölüm-dirim mücadiləsinə qatılır. Fürsət tapıb Tərlan anaya telefonla zəng edib, döyüşdə olduğu və hər şeyin qaydasında getdiyini söyləyir. Qəribə tərzdə, inamla valideynlərinə təsəlli verəndən sonra soyuqqanlılıqla: “Şəhid olsam, başınızı dik tutun”, – deyir. 
    Sanki şəhid olacağını öncədən hiss etmişdi. Rasim ailəsinə bağlı olduğu kimi, dostluqda da sədaqətli idi. Son dəfə dostları ilə saxladığı əlaqə zamanı “Birlikdə qurduğumuz xəyalları yaşamadan ölməyəcəyəm”, – deyən Rasim yaxınları ilə danışdıqdan sonra oturub ailəsinə məktub yazır. Onun bu məktubunu oxuyarkən təsirlənməmək mümkün deyil.
    “ Mən cənnətdə olacam.
    Canım ailəm, anam, yol gedirəm. Tapşırığa çıxıram, nə olacaq bilmirəm. Amma ürəyimə damıb ki, getdiyim yoldan qayıtmayacağam. Nəsə olsa, ağlamayın, canım atam, onu bilin ki, siz qəhrəman valideynisiz. Başınızı dik tutun. Mən cənnətdə olacam. Anam, bilirəm çətindir, amma onu da düşün ki, Vətən sağ olsun! Sən böyütdün, boya-başa çatdırdın, amma Vətən üçün getməliydim, sağ olun”. 
    Rasim bu məktubu ilə nə qədər böyük bir ürəyə sahib olduğunu göstərdi Azərbaycan xalqına. 2020-ci il oktyabrın 19-u Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu: 

    Qəhrəmanlıq nə yalnız bir yüksəliş deməkdir,
    Nə də ulduzlar kimi parlayaraq sönməkdir.
    Bunun üçün ölümə bir atılış gərəkdir.
    Atıldıqdan sonrası bir daha dönməməkdir!

    Rasim də ölümün üzərinə qəhrəmanlıqla atıldı. Torpaq uğrunda atdığı bu addımla isə öz adını əbədi qəhrəmanlıq salnaməsinə yazdırdı, ölümündən sonra “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.
    Hərdən düşünürəm ki, əgər müasir texnologiya, telefonlar olmasaydı, 44 günlük müharibədən sonra gör nə qədər şəhidimizin evlərinə yazdığı əsgər məktubları və bu məktublarda onların duyğuları, düşüncələri, ürək sözləri ən maraqlı ədəbi əsərlər kimi yadigar qala bilərdi. Amma onu da bilirəm ki, onların yazacağı sözlər elə göstərdikləri qəhrəmanlığın, bir də bu cənnət Vətənin tərənnümü olacaqdı!

Bülbül QULİYEVA

Nəşr edilib : 26.10.2022 19:12