AZ EN RU

Qardaşlıq, dostluq, həmrəylik və sevgi örnəyi...

    Fevralın 6-da Türkiyənin 10 vilayətində baş verən güclü zəlzələlər nəticəsində yaranan dağıntıların aradan qaldırılması, insan tələfatlarının qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görülür. Təbii fəlakətin baş verdiyi ilk andan etibarən ölkəmizin əsl qardaşlıq, dostluq münasibətinin, həmrəyliyinin göstərici kimi Prezident cənab İlham Əliyevin göstərişinə əsasən zəlzələ bölgəsinə ard-arda bir neçə çevik xilasetmə dəstəsi, yaralananların müayinə və müalicəsi məqsədilə səhra çadırları, tibbi ləvazimatlar, maddi yardımlar göndərilib. Dövlətimizlə yanaşı, xalqımız da bu ağır, çətin gündə türkiyəli qardaşlarını yalnız buraxmır, ölkəmizin hər yerindən yüzlərlə, minlərlə insan əlindən gəldiyi qədər evsiz-eşiksiz qalan, dəstəyə ehtiyacı olanlara öz köməkliyini göstərməyə çalışır. 

 Türk qapısı Naxçıvandan türkə dəstək

Naxçıvan Muxtar Respublikasında da fevralın 7-dən etibarən Türkiyəyə hərtərəfli dəstək aksiyası keçirilir, paytaxt Naxçıvan şəhərində, rayonlarda sakinlər, iş adamları, sahibkarlar yardım kampaniyalarına, humanitar aksiyaya canla-başla qoşulublar. 
    Məlumat üçün bildirək ki, dünən Naxçıvan sahibkarlarına məxsus Türkiyəyə yardım aparan ilk TIR yola düşüb. Bu barədə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev “Bakı KOB evi”ndə keçirilən Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə Azərbaycanın dövlət və özəl qurumlarının dəstəyi ilə yaradılmış “Qardaş köməyi” dəstək platformasının təqdimatı mərasimində deyib. Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndə­liyinin kollektivi də zəlzələ bölgəsinə humanitar yardım göndərib. Yardım yük avtomobilinə yığılaraq Türkiyəyə yola salınıb. 
    Türkiyə Cümhuriyyətinin Naxçıvandakı Baş Konsulluğunun yardımla bağlı çağırışından sonra yüzlərlə, minlərlə insan isti geyim, qida, zəruri məişət əşyaları ilə yardım üçün axın edir. Konsulluqdan bildirildiyi kimi, yardım kampaniyası fevralın 12-dək davam edəcək və adıçəkilən ləvazimatların şəxsən və ya karqo yolu ilə toplama məntəqəsinə çatdırılması mümkündür. Konsulluqda olarkən başsağlığı üçün gəlmiş muxtar respublika ziyalıları ilə də görüşdük. AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərli bildirdi ki, Türkiyədə baş vermiş güclü zəlzələ, bunun insan tələfatı və dağıntılarla müşayiət olunması hər birimizi kədərləndirdi. Bu gün var gücümüzlə çalışırıq ki, qardaşlarımıza əlimizdən gələn köməyi edək. Ötən əsrin əvvəllərində olduğu kimi, 44 günlük Vətən müharibəsində də bizə hərtərəfli dəstək olan Türkiyəni unutmamışıq və bundan sonra da unutmayacağıq. İnşallah, birgə dəstəyimizlə bu çətinliyin də öhdəsindən gələcəyik. Uca Allah bu hadisədə dünyasını dəyişənlərə rəhmət, yaralılara tezliklə şəfa bəxş etsin.
    “Naxçıvan” Universitetinin prorektoru, dosent Nurlana Əliyevanın dediklərindən: “Canı canımızdan, qanı qanımızdan olan türk qardaş-bacılarımızın yaşadıqları bu acını bölüşür, hələ də dağıntılar altında qalan insanların sağ-salamat xilas olunması üçün dua edirik. Bu hadisə Türkiyə üçün də, bizim üçün də çox ağırdır, necə çətin sınaqlardan keçdiyimizi göstərir. Lakin hər birimiz tək yumruq olub bunun da öhdəsindən gələcəyik. Azərbaycan hər zaman olduğu kimi, bu gün də Türkiyənin yanındadır və hər zaman da belə olacaq”.
    Təqaüddə olan həkim Yaşar Məhərrəmov isə fikirlərini belə ifadə etdi: “Türkiyə bu gün son yüz ilin ən ağır günlərindən birini yaşayır. Hadisənin ağırlığı baş vermiş zəlzələnin miqyasının daha geniş olması və yüksək dağıdıcılıqla müşayiət olunmasıdır. Xüsusilə insanların dağıntılar altında qalaraq həyatlarını itirməsi böyük faciədir. Hər birimiz bu faciənin doğurduğu üzüntünün içərisindəyik. Türk bacı-qardaşlarımız bilsinlər ki, bu çətin günlərdə onların yanındayıq, əlimizdən nə gəlirsə, onu da edəcəyik. Düşünürəm ki, həmrəyliyimizlə, qardaşlığımızla bu çətinliklərin də öhdəsindən gələcəyik”.

Tələbə gənclikdən qardaşlıq və humanizm nümunəsi

Naxçıvan Dövlət Universiteti də qardaş ölkə Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərərçəkənlərə dəstək aksiyası həyata keçirir. Çox sayda müxtəlif yardım paketlərinin daxil olduğu universitetdə olarkən baş mühasib Ülvi Baxışlı dedi: “Universitetimizin çoxminli kollektivinin bütün əməkdaşları və tələbə heyətimiz bu iş üçün səfərbər olub. Aksiyanı elan etdikdən bir gün keçməsinə baxmayaraq, 100-ə yaxın irihəcmli yardım paketi hazırlanıb. Burada soyuq qış şəraitini nəzərə alaraq qalın üst geyimləri, ayaqqabılar, əlcək, papaq və şərf, uşaqlar üçün qida və təmizlik ləvazimatları, eyni zamanda tibbi ləvazimatlar və çətin şəraitdə asanlıqla istifadə edilə biləcək qida məhsulları, konservləşdirilmiş ərzaqlar çeşidlənir və paketlənir. Aksiyamız davam edir. Arzu edirik ki, Türkiyə Respublikasında baş vermiş bu fəlakətin fəsadları tez bir zamanda aradan qalxsın və soydaşlarımız əmin-amanlıq içərisində öz həyatlarına davam etsinlər”.
    Burada yardım paketlərinin qəbul edilib, çeşidlənib sahmanlanmasında universitetin tələbə təşkilatları ətrafında cəmlənmiş könüllü gənclərin təmənnasız xidməti mühüm əhəmiyyətə malikdir. Naxçıvan Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin sədri Təbrizə Bağırova görülən bu işlər barədə məlumat verdi: “Mübariz xalqımız tək yumruq olub, qardaş ölkədə zəlzələdən zərərçəkənlərə dəstək verməyə çalışır. Humanitar yardımla yanaşı, tələbələrimiz və əməkdaşlarımız arasında zəlzələ zonalarına getmək və orada köməklik göstərmək istəyənlər də kifayət qədərdir. Bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə bir-birinin kədərini və sevincini özününkü hesab edir. İnanırıq ki, qardaş Türkiyə bu fəlakətin nəticələrini tezliklə aradan qaldıracaq, yenidən normal həyata dönəcək. Zəlzələ nəticəsində həlak olan soydaşlarımıza Uca Allahdan rəhmət, yaralılara şəfa diləyir, dağıntı altında qalanların sağ-salamat tapılmasını arzu edirik”. 
    Ali təhsil ocağının Tibb fakültəsinin dekanı Elsevər Əsədov deyir: “Universitetimizdə əcnəbi tələbələrin əksəriyyəti Tibb fakültəsində təhsil alır. Aralarında Türkiyə vətəndaşı da az deyil. İmtahan sessiyasından sonra öz evlərinə dönən türk tələbələrimiz içərisində əsas zəlzələ mərkəzlərində yaşayan tələbələrimiz çoxdur. Bu hal bizim narahatlığımıza səbəb olsa da, daim həmin tələbələrimizlə əlaqə saxlayır, onların sağlamlığından əmin olmağa çalışırıq. Sevindirici haldır ki, zərərçəkənlər arasında tələbələrimiz yoxdur, ancaq onların ailələrinin köməyə və dəstəyə ehtiyacları var. Onların buradakı azərbaycanlı tələbə qardaşları dost xalqa yardım etmək üçün xüsusi canfəşanlıqla çalışır, həm maddi, həm də mənəvi cəhətdən onlara dəstək olurlar. Qardaş ölkə ilə qurduğumuz əlaqələr nəticəsində bu gün oradakı həmkarlarımızla sıx əlaqə saxlayır, oradakı vəziyyətdən xəbərdar ola bilirik. Biz hər birimiz şadıq ki, universitetimizin, vətəndaşlarımızın dəstəyi ilə zərərçəkmiş qardaşlarımıza kömək ola biləcəyik”. 
    Naxçıvan Dövlət Universitetinin Əczaçılıq ixtisası üzrə təhsil alan Türkiyə vətəndaşları Furkan Mercan və Özgürcan Söylemez də könüllü fəaliyyət göstərən gənclər sırasındadır. Onlar vətənlərinin ağır, çətin günlərində evlərindən uzaqda olsalar da, dəstəklərini bu şəkildə göstərməyə çalışırlar. Furkan Mercan vətəninin başına gəlmiş bu fəlakətdən çox sarsıldığını, ancaq öz dost-tanışları ilə daim əlaqədə qalaraq ruh yüksəkliyi yaratmağa, Naxçıvanda isə bu cür aksiyalara qoşularaq həm də maddi yardım etməyə çalışdığını deyir.
    “Naxçıvan” Universitetinin müəllim və tələbələri də humanitar aksiyaya qoşulublar. Ali təhsil ocağının Pedaqogika və psixologiya kafedrasının müəllimi Aynur Əliyeva qeyd etdi ki, Türkiyənin müxtəlif bölgələrində baş verən dəhşətli zəlzələ hamımızı sarsıtdı. Bu çətin günlərdə vətəndaşlarımızın qardaş Türkiyə xalqının acılarını bölüşməsi, 44 günlük Vətən müharibəsində gördüyümüz birlik və bərabərliyin bu zamanda da nümayişi, vətəndaşlarımızın zəlzələdən zərərçəkənlərə əlindən gələn yardımı göstərməsi bir azərbaycanlı kimi məni qürurlandırdı. “Naxçıvan” Universitetinin kollektivi də bu yardımlara aktiv şəkildə qoşulub. Bir gün içərisində universitetin pedaqoji və tələbə heyəti ilə birgə lazımi vasitələri topladıq və yardım qərargahına təqdim etdik. Qəlbimiz və dualarımızla hamımız can Türkiyənin yanındayıq. 
    Universitetin tələbəsi, Mardin şəhərindən olan Dəniz Sarıdağ isə bizimlə söhbətində bunları dedi: “Azərbaycan hər zaman olduğu kimi, bu çətin gündə də bizim yanımızda durdu. Belə ağır bir vaxtda Azərbaycandan olan qardaşlarımızın bizimlə birlik və bərabərlik göstərməsi bütün Türk xalqına böyük təskinlik, güc, qüvvət verir. Allah razı olsun. Naxçıvanın da hər yerindən, təhsil aldığım universitetdən də hər cür yardım edilir. Bunun üçün sonsuz təşəkkürümü bildirirəm.
    Naxçıvan Müəllimlər İnstitutu da qardaş Türkiyəyə yardım aksiyasına qoşulub. İnstitutun müəllimi Çapay Quliyev deyir ki, qardaş Türkiyə Respublikasında baş verən zəlzələnin fəsadları çoxdur. Azərbaycan xalqı yaxın qonşu və bir qardaş kimi daim onların yanındadır. “Biz də Naxçıvan Müəllimlər İnstitutunun kollektivi olaraq bu aksiyaya qoşulmuşuq. İnstitutda bunun üçün qərargah yaradılıb. Tələbə və müəllimlərin gətirdiyi yardımlar burada toplanaraq çeşidlənir. Bu aksiya digər günlərdə də davam edəcək. Bu cür aksiyalar həm də tələbələrimiz üçün tərbiyəvi əhəmiyyət daşıyır. Onlar bölüşməyi, dəstəyin nə olduğunu mənimsəyirlər ki, bu da bizim üçün əhəmiyyətlidir. Qardaş Türkiyədə vəfat edənlərə Allahdan rəhmət, ailələrinə səbir diləyirik. Türk xalqı daim əzmli və iradəlidir. İnşallah, bu baş verən təbii fəlakətin yaratdığı çətinliklər qısa zamanda aradan qaldırılacaq.
    İnstitutun İngilis dili müəllimliyi ixtisası üzrə 1-ci kurs tələbəsi Bəhriyyə Hüseynli də öz fikirlərini bizlərlə bölüşərək bildirdi: “Tarixboyu Azərbaycan xalqı daim türkiyəli qardaşlarının yanında olub. Bu gün də bu dəstəyi görürük. Bizim xalqımız bunu təkcə sözdə deyil, əməli ilə də göstərir, əlimizdən gələn yardımı əsirgəmirik. Qış olmasını nəzərə alaraq evləri dağılmış, çöldə qalmış, yardıma ehtiyacı olan bacı və qardaşlarımız üçün isti qış geyimləri toplayırıq. Xalqımız hər zaman olduğu kimi, bu gün də yardımsevərlik nümayiş etdirir”. 
    Naxçıvan Dövlət Universiteti Musiqi Kollecində olarkən təhsil müəssisəsinin direktoru Məhəbbət Babayeva isə qeyd etdi ki, Türkiyədə baş verən zəlzələ, eləcə də onun yaratdığı fəsadlar hamımızı kədərləndirdi. Biz də hamı kimi kollektivimizlə birgə qardaşlarımız üçün humanitar yardımlara qoşulduq. Zəlzələdən zərərçəkmişlər üçün kişi, qadın, uşaq geyimləri, yataq dəstləri, məişət əşyaları, bir sözlə, nə lazımdırsa topladıq. Allahdan həyatlarını itirənlərə rəhmət, dağıntılardan zərərçəkən yaralılara isə şəfa diləyirik.
    Naxçıvan Dövlət Texniki Kollecinin Tələbə-Gənclər Təşkilatının sədri Kamil Məmmədli bildirdi ki, baş vermiş təbii fəlakət nəticəsində zərərçəkmiş türk bacı və qardaşlarımıza mənəvi dəstək göstərmək, onlarla həmrəy olduğumuzu bildirmək məqsədilə Naxçıvan Dövlət Texniki Kollecinin işçi heyəti, tələbələr və onların ailələrinin iştirakı ilə “Acınız, acımızdır!” adlı dəstək aksiyası başladılıb. Bu aksiya ilə əlaqədar fevralın 7-də könüllülərdən ibarət dəstənin köməyi ilə birinci toplanmış əşya və ərzaq yardımı Naxçıvan şəhərindəki qərargaha çatıb. Kollecimizdə yardım aksiyası fevralın 12-dək davam edəcək.
    Naxçıvan Tibb Kollecinin metodisti Səidə Şahverdiyeva vurğuladı ki, Türkiyədə baş verən təbii fəlakət nəticəsində çox sayda zərərçəkmiş əhaliyə humanitar köməklik göstərilməsi məqsədilə ölkəmizdə, eləcə də onun ayrılmaz hissəsi olan Naxçıvanda genişmiqyaslı yardım aksiyası başlanılıb. Biz də Naxçıvan Tibb Kolleci olaraq istər maddi, istərsə də ərzaq, geyim, təmizlik vasitələri və sair köməklik etməyi mənəvi borc bilirik. Qardaş Türkiyənin bu böyük fəlakətdən ən qısa zamanda xilas olunmasını arzu edirik. 
    Naxçıvan Şəhər İcra Hakimiyyəti də yardım aksiyasında fəal iştirak edir. Aldığımız məlumata görə, aksiya başladığı andan etibarən qısa zamanda qardaş Türkiyə Respublikasının zərərçəkmiş insanları üçün böyük yardım toplanıb, isti qış geyimləri, ayaqqabı, müxtəlif növ qızdırıcı cihazlar təhvil verilib. İcra hakimiyyətinin əməkdaşı, İnformasiya təminatı və təhlil sektorunun aparıcı məsləhətçisi Gülşən Əkbər deyir ki, qardaş Türkiyənin yaşadığı bu ağrılı-acılı hadisələr xalqımızı çox məyus edib. Onlardan xeyli uzaqda olsaq da, qəlbimiz, ruhumuz daim türk qardaşlarımızla birgə döyünür, hər anımız, hər dəqiqəmiz onlarladır. Vətənimizin hər yerində olduğu kimi, Naxçıvan Şəhər İcra Hakimiyyətinin kollektivi də bu aksiyada fəal itirak etdi. Aksiyanın son gününə qədər yardım əlimizi qardaşlarımıza uzadacağıq.

Növbəti xalq-ordu birliyi

Məlumat üçün bildirək ki, yardım aksiyası üçün yığılanlar şəhərimizin Qaraxanbəyli kəndi yolunda, Zərifə Əliyeva adına küçənin başlanğıcında yerləşən Əlahiddə Ümumqoşun Ordunun anbarında cəmlənir, burada çeşidlənir və TIR-lara yüklənərək qardaş ölkəyə yola salınır. Biz də adıçəkilən ünvana yollandıq, buradakı işlərlə tanış olduq. Məlumat verildi ki, Əlahiddə Ümumqoşun Ordu da yardım aksiyasında fəal iştirak edir. 
    Heydər Əliyev adına Hərbi Lisey də bu aksiyada xüsusi vətənpərvərlik nümayiş etdirərək zabit və pedaqoji heyətləri, liseyin mülki hissəsi tərəfindən toplanan zəruri isti geyim və gündəlik tələbat mallarının Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində yaradılan qəbul məntəqəsinə təhvil verib. 
    Yaşından, daşıdığı vəzifədən asılı olmayaraq, hər kəsin nümayiş etdirdiyi bu həmrəylik insana, sözün əsl mənasında, qürur hissi yaşadır. Aksiyanın fəal iştirakçılarından olan həmsöhbətimiz həmin dəhşətləri gözü ilə görməsə də, mənəviyyatı ilə duyan, yaşayan, ailəsi, yaxınları üçün hər an qorxu keçirən qardaş Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğunun əməkdaşı Oğuz Yıldız oldu: “Artıq bir neçə gündür ki, vətənimizdə baş verən məlum təbii fəlakət bütün türk xalqına, qardaş Azərbaycanın ictimaiyyətinə, insanlarına ciddi təsir edib. Hər gün sosial mediadan, xəbər bülletenlərindən hadisələrlə bağlı xəbərlər alır və çox təəssüflənirik. Hətta zəlzələ nəticəsində dağıntı altında qalan ailələrdən eləsi var ki, onların bir üzvü belə sağ qalmayıb, hamısı dünyasını dəyişib. Mənim ailəm zəlzələnin baş verdiyi Hatay və Kahramanmaraş yaxınlığındakı bölgələrdə yaşayır. Bu qorxunc fəlakət nəinki yaşadığımız evi, hətta ailəmin, yaxınlarımın psixologiyasını alt-üst edib. Onlarla hər gün əlaqə saxlayıram, çarəsizliyin nə olduğunu bütün ruhumla, canımla hiss edirəm. Bu çətinliyi dillə ifadə etmək çox ağırdır, hətta mümkünsüzdür. Doğulduğun, böyüdüyün evin, ocağın bir anın içində yerləyeksan olması, təhsil aldığın məktəbin dağılması, yaxınlarının saatlarla, günlərlə dağıntıların altında qalması dəhşətlidir. Çox sağ olsun azərbaycanlı qardaşlarımız, naxçıvanlı soydaşlarımız. Kimin əlindən nə gəlirsə, yardım üçün bağışlayır. Özü darda, çətində, ehtiyac içində olan belə bunu etməkdən çəkinmir. Bu vətənsevərliyin qarşısında sözlər acizdir. Yaşasın Azərbaycan və Türkiyə qardaşlığı! Sağ olsun bir millət-iki dövlət olan, daim bir-birinə arxa-dayaq olan Vətənimiz, elimiz!”
    Zəlzələdən əziyyət çəkənlər üçün Əlahiddə Ümumqoşun Ordu qardaş ölkəyə 510 ədəd müxtəlif ölçüdə çadır, 5000 ədəd toxunma corab, 1500 ədəd toxunma boyunluq, 1000 ədəd yun köynək, 237 cüt kişi ayaqqabısı, 200 ədəd istilik lampası, 423 ədəd portativ yataq, 613 ədəd plastik oturacaq göndərdi. Göndəriləcək ləvazimatlarla yanaşı, 2 ton quru ərzaq və müxtəlif dərman preparatları da zəlzələdən əziyyət çəkənlər üçün dünən yola salındı.
    Öz yardımını təqdim edən 70 yaşlı Naxçıvan şəhər sakini, hazırda təqaüddə olan tarix müəllimi Həsən Əsgərov deyir ki, türk dövlətləri bu ağır fəlakətdən daha ağır hadisələrin şahidi olub, amma hər birinin öhdəsindən layiqincə gəlib, necə deyərlər, zamanın gərdişindən alnıaçıq, üzüağ çıxıb. Şükürlər olsun ki, Azərbaycan dövləti və qardaş Türkiyə Respublikası əsrlərin yadigarı olan bu qardaşlıq missiyasını bu gün də uğurla daşıyır. Vətəndaş kimi bizim də borcumuz bu çətin günlərdə türk soydaşlarımızın yanında olmaqdır, onlardan kömək əlimizi əsirgəməməkdir. Bütün qəlbimizlə inanırıq ki, türk xalqı bu çətinliyin də öhdəsindən gələcək.

Muxtar respublika rayonlarının 
qardaş dəstəyi

Qardaş ölkə Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində zərərçəkmiş qardaşlarımıza, bacılarımıza muxtar respublikanın bütün rayonlarından yardımlar göndərilir. Şərur rayonunun mərkəzi xəstəxanası, şəhər 1 və 2 nömrəli tam orta məktəbləri, həmçinin kənd məktəblərində toplanan yardım xüsusi yük maşınları vasitəsilə Türkiyəyə göndərilməsi üçün Naxçıvan şəhərindəki toplama qərargahına aparılır.
    Yardımda iştirak edən rayon sakinləri ilə görüşüb onların fikirlərini öyrəndik. Şərur rayon sakini Nərgiz Əliyeva dedi: “Türkiyədə zəlzələ nəticəsində dünyasını dəyişən qardaşlarımıza Allahdan rəhmət diləyir, yaralılara şəfa arzulayıram. Ümummilli Liderimiz Heydər Əliyevin də dediyi kimi, biz bir millət iki dövlətik. Tarixi ənənələrimizə uyğun bu gün də türk qardaşlarımızın yanındayıq, onlara yardımlarımızı əsirgəməyəcəyik”. 
    Bir başqa sakin Kənan Məmmədov dedi: “Bu ağrılı-acılı günlərində çox istərdim ki, türk qardaşlarımın yanında olam. Bizim də əlimizdən gələn onlar üçün isti qış geyimləri, termos, adyal, yataq dəstləri göndərmək oldu. Bütün Türk dünyasına başsağlığı diləyirəm. İnanırıq ki, tezliklə bu təbii fəlakətin fəsadları aradan qalxacaq”.
    Babək rayon sakinləri də qardaş xalqa dəstək olmaq məqsədilə əllərindən gələni əsirgəmirlər. Babək şəhər sakini Fədai Süleymanov deyir ki, Türkiyə-Azərbaycan arasındakı sarsılmaz birlik xalqlarımız üçün ən böyük mənəvi dəyərə çevrilib. Ən yaxın tarixə nəzər saldıqda görürük ki, təkcə 44 günlük Vətən müharibəsində dost, qardaş Türkiyə dövləti və xalqı bütün mənəvi dəstəyini ortaya qoydu. 2021-ci ildə Türkiyənin Antalya və Marmaris bölgələrində baş verən genişmiqyaslı meşə yanğınlarında isə azərbaycanlı yanğınsöndürənlər qardaşlarımızın imdadına yetişdi. Bu gün yenə də birlik, bərabərlik günüdür. Zəlzələdən zərərçəkən insanlara dəstək göstərilməsi məqsədilə Babək şəhərində könüllü olaraq təşkil edilən bu humanitar aksiyada hamı fəallıq göstərir, əlindən gəldiyi qədər Türkiyədəki qardaşlarımıza, bacılarımıza öz yardımını göstərməyə çalışır. İnanırıq ki, həmrəyliyimiz, birliyimiz sayəsində bu çətin sınaqdan da üzüağ çıxacağıq. Zeynəddin kənd sakini Elşən Axundovun dedikləri: “Sosial şəbəkələrdə zəlzələ bölgəsindəki insanlara yardımla bağlı çağırışı oxuduqdan dərhal sonra vaxt itirmədən qış üçün isti geyimlər, yorğan-döşək, çadır, qablaşdırılmış məhsulları hazırladıq və kəndin mərkəzində topladıqdan sonra yola saldıq. Orada da böyük bir izdiham var idi. İnsanlar gücü çatan, əlindən gələn nə varsa, onu etməyə çalışırdılar. İnşallah, tezliklə yardım karvanı zəlzələ zonasına çatar. Bu ağır sınaq günlərində bir qürurverici təsəllimiz də odur ki, azərbaycanlı xilasedicilər bu missiyanı şərəflə yerinə yetirir. Qəlbimiz qardaş Türkiyə ilə döyünür. Uca Yaradan həyatını itirənlərə rəhmət etsin, yaralılara şəfa versin”.
    Türkiyədə təbii fəlakətdən əziyyət çəkən insanlara yardım kampaniyasında Ordubad rayonunun sakinləri də olduqca fəal iştirak edirlər. Demək olar ki, rayonun bütün kəndlərində və Ordubad şəhərində yardımları toplamaq üçün xüsusi mərkəzlər yaradılıb. Ordubad şəhərindəki “Qapıcıq” ticarət mərkəzində fevralın 7-dən başlayaraq yardımlar qəbul edilməyə başlanılıb. Ticarət mərkəzinin işçilərindən Emin Sadiqov və Günel Rəhimli bizimlə söhbətdə bildirdilər ki, iki gün ərzində yüzlərlə sakin qardaşlıq yardımı kampaniyasında fəal iştirak edirlər. 
    Yardım təhvil verənlərdən Leyla Əliyeva, Telman Həsənov, Münəvvər İsmayıllı və başqaları türk qardaşlarımızın başına gələn faciədən olduqca təsirləndiklərini bildirdilər. Onlar qeyd etdilər ki, göndərilən yardımlar zəlzələ zamanı zərər görmüş bacı-qardaşlarımızın ağrı-acılarını azacıq da olsa, yüngülləşdirə biləcəksə, bu bizim üçün böyük toxtaqlıq sayılacaq.
    Culfa rayonunun sakinləri də elliklə yardım aksiyasına qoşulub. Rayon mərkəzində və kəndlərdə qış paltarları, azyaşlı uşaqlar üçün lazım olan əşyalar, o cümlədən gödəkçə, şalvar, əlcək, corab, yorğan, döşək, ərzaqlar, təmizlik alətləri və digər lazımi əşyalar toplanılıb və göndərilib. Culfa Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə zəlzələdən əziyyət çəkən vətəndaşlar üçün çadır və generatorlar da yola salınıb. 
    Rayonun Camaldın kənd sakini Vahid İbrahimov və Culfa şəhər sakini Zeynəb İsmayılova bildirdilər ki, Türkiyə tarixinin ən böyük zəlzələsi ilə qarşı-qarşıya qaldığı bir vaxtda tez bir zamanda ehtiyac duyulan ləvazimatları toplayıb bacı-qardaşlarımız üçün yola saldıq. Bu gün ölkəmizin bütün insanları kimi culfalılar da türk qardaşlarımız üçün tək ürək olub. İnanırıq ki, tez bir zamanda bu çətin günləri geridə qoyacağıq.
    Kəngərli rayonunda da könüllü olaraq təşkil edilən bu humanitar aksiyada insanlar zəlzələ zonasına yardım vasitələrini yola salıblar. Qabıllı kənd sakini, şəhid atası Mustafa Əliyev bu barədə deyir: “Qardaş Türkiyə Respublikasında zəlzələnin baş verdiyi ərazilərdə yaranmış dağıntıları, itkiləri izlədikcə ürəyimiz parçalanır. Orada dağıntılar altında qalan insanlara, ümumiyyətlə, zəlzələdən əziyyət çəkənlərə – qardaşlarımıza bu dar gündə əl tutmaq, kömək etmək borcumuzdur”.     Qarabağlar kənd sakini Malik Məmmədovun fikirləri: “Qardaş Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar orada köməyə ehtiyacı olan insanlara yardım etməklə az da olsa, təsəlli tapırıq”. 
    Zəlzələdə zərərçəkənlərə kömək məqsədilə Şahbuz rayonunun sakinləri də yardım kampaniyasına qoşulub. Rayonun Külüs kənd sakini Sabir Məmmədov deyir ki, yardımlar kənd mərasim evində toplanılır və yardım etmək istəyənlərin ardı-arası kəsilmir. Qısa müddət ərzində təbii fəlakətdə zərərçəkənlərə lazım olan vasitələr gətirməyə davam edirlər. İki yük maşını artıq yola salınıb. 44 günlük Vətən müharibəsində Türkiyə bizimlə idi, biz də indi hər zaman olduğu kimi Türkiyənin yanındayıq. Acıları acımızdır! Uca Allah bu sınaqdan da bizləri alnıaçıq, üzüağ çıxarsın!
    Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Elməddin Quliyev bildirir ki, yüzlərlə rayon sakini qardaş Türkiyəyə kömək üçün müxtəlif əşyalar, papaq, əlcək, corab, uşaq paltarları, ayaqqabılar və sair qış geyimlərini yardım məntəqəsinə təqdim edir. Eyni zamanda pul ianələri də köçürmə şəklində davam etdirilir.
    Yardım kampaniyasına qoşulanlardan Şahbuz şəhərində yaşayan Ayla və Nail bacı-qardaşı da diqqətimizi çəkdi. Onlar geyimlərlə yanaşı, özlərinin oyuncaqlarını da türkiyəli bacı-qardaşlarına göndərirdilər. Ayla onlara məktub da yazmışdı: “Bizim adımız Ayla və Nail, sizə öz geyimlərimizi göndəririk. Əgər bu məktubu oxumusunuzsa, bilin ki, sizi çox sevirik və sizin üçün hər gün Allaha dua edirik. Sizə göndərdiyimiz şəkərlərdən də şirin-şirin yeyin”.
    Qardaş respublika ilə sərhəddə yerləşən Sədərək rayonunun Sədərək kəndi ərazisində yerləşən Asnı məscidinə yardım göndərmək məqsədilə gələnlərin ardı-arası kəsilmir. Kənd sakini Nadir Məmmədov dedi ki, Azərbaycan Respublikasının qardaş dövlətlə sərhədində yerləşən Sədərək rayonu ən çətin günlərdə onların dəstəyini görüb. 1990-1993-cü illərdə, döyüşlərin ən qızğın vaxtında məhz türkiyəli jurnalistlərin bölgəyə gəlməsi ilə erməni vəhşiliyindən dünya xəbər tutdu. Həmin çətin vaxtlarda “Ümid” körpüsü vasitəsilə hər cür yardım göstərildi naxçıvanlılara. İndi də qardaşlığımızın sınağa çəkildiyi günləri yaşayırıq. Qardaş ölkənin ən çətin günündə onlara yardım etmək hər birimizin borcudur. Əziz qardaşlarımız bu soyuq, qarlı qışda dağıntıların altında qaldığı bir vaxtda biz burada sakit dayana bilmərik. Evimizin qapıları da hər zaman onların üzünə açıqdır.
    Qaraağac kənd sakini Dilbər Rzayeva da nəvələri ilə yardım kampaniyasına qoşulub. O deyir: “Ən yaxın qonşumuz, qardaşımız olan Türkiyə Respublikası bizim ən çətin günlərimizdə yanımızda olub. Sədərəyin ən ağır günlərində bizə dəstək olublar. Bir neçə gündür, orada baş verən təbii fəlakətin nəticələri hər birimizin ürəyində dağa dönüb. Uca Yaradan hər birinə kömək olsun. Bu gün hərə dəstəyini bir cür ifadə edir. Kimi maddi yardım, kimisi əşya köməkliyi göstərir. Hər kəsin duası qardaşlarımızladır. Çətinlikdən bir olub çıxacağıq, İnşallah. Tarix bu iki xalqı çox sınağa çəkib, hamısından da üzüağ, alnıaçıq çıxmışıq. Bu dəfə də elə olacaq”.

Naxçıvandan ilk olaraq Türkiyəyə 12 TIR yola salındı

Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya “Şərq qapısı” qəzetinə açıqlamasında bildirib ki, Türkiyənin Naxçıvandakı Baş Konsulluğu zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı Naxçıvanda yaşayan sakinlərə müraciət etdikdən sonra insan axınının ardı-arası kəsilməyib. Artıq dünən Naxçıvanda yaşayan sakinlərin yardımları nəticəsində 12 TIR lazım olan ləvazimat yola salınıb. Yolasalmada Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini Elşad Əliyev, Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya və Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-polkovnik Kərəm Mustafayev də iştirak ediblər.

İanə köçürmələri komissiyasız edilir

Qardaş ölkədə təbii fəlakətdən zərərçəkənlərə maddi yardım göstərmək istəyənlərin nəzərinə çatdırırıq ki, “Naxçıvanbank” ASC rəhbərliyinin qərarına əsasən qardaş Türkiyə Respublikasında zəlzələdən zərərçəkənlərə yardım etmək məqsədilə “Naxçıvanbank”dan edilən bütün pul köçürmələri komissiyasız həyata keçirilir. Bankdan qəzetimizin əməkdaşlarına bildirilib ki, təyinatı üzrə həm fiziki, həm də hüquqi şəxslər “Naxçıvanbank”ın filiallarına yaxınlaşaraq Türkiyəyə maddi yardım köçürmələrini rahat, sürətli və komissiyasız şəkildə həyata keçirə bilərlər.

Xəbərlər şöbəsi

Nəşr edilib : 08.02.2023 23:17