AZ EN RU

Payızlıq taxıl əkinlərində məhsuldarlığa təsir edən əsas amillər nəzərə alınmalıdır

    Taxılçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri yüksək məhsuldarlığa nail olmaq üçün əkin sahəsinin seçilməsindən başlamış biçinə qədər olan bütün dövrdə aqrotexniki tədbirləri vaxtında və keyfiyyətlə yerinə yetirməli, bəzi amilləri xüsusi diqqətdə saxlamalıdırlar. 
    Buğda çox fərqli torpaq tiplərində yetişdirilə bilən bir bitkidir. Ümumiyyətlə, hər növ torpaqda yetişə bilən buğda növləri vardır. Yumşaq buğda növü qida maddələri kasıb və orta qidalılıqda olan torpaqlarda, bərk buğda qida maddələri ilə zəngin olan torpaqlarda daha yaxşı məhsul verir. Buğda bitkisi üçün həm üzvi maddələrlə zəngin, həm də tərkibində kifayət qədər fosfor və əhəng olan torpaqlar uyğundur. Tərkibində turşluğu çox olan torpaqlarda buğda bitkisi yaxşı inkişaf etmir. Uzun müddət dincdə qalan, heç vaxt əkilməyən torpaqlar humusla zəngin, torpağın üst qatı qidalı olduğundan buğda üçün ən uyğun torpaq tipi hesab oluna bilər. Buğda yetişdirilməsi nəzərdə tutulan torpaqda havalanma yaxşı olmalıdır. Bitkinin böyüməsi, inkişaf etməsi və yüksək məhsul verməsi üçün normal qidalanması zəruridir. Normal qidalanmaq üçün buğda əkilən torpaqlar həm də azot, fosfor, kalium, maqnezium, kükürd, dəmir və digər  elementlərlə zəngin olmalıdır. Çünki bu elementlərin hamısı bitkinin inkişaf etməsində xüsusi rol oynayır. Həmin elementlərin birinin çatışmaması bitkilərin böyüməsi və inkişafına zərərli təsir göstərir. 
     Payızlıq taxılların aqrotexnikası səpin üçün torpağın hazırlanmasından başlanır. Sahələrin hazırlanması dedikdə taxıl əkiləcək sahənin düzgün seçilməsi vacib şərtdir. Torpağın becərilməsi torpaq-iqlim şəraitindən, bitkilərin bioloji xüsusiyyətlərindən, yerin relyefindən asılı olaraq dəyişir. Bunun üçün payızlıq taxıllar əkilən sahələrin əkin qatı qida maddələri ilə zəngin, dənəvər, sahələrin səthi hamar, optimal miqdarda nəmlik olmalıdır. Əkin qatında bu şəraitin yaradılmasında sələf bitkilərin böyük rolu vardır. Taxıl əkinində kompleks aqrotexniki tədbirlərdən istifadə edilməsi ilə bərabər, hər bir bitkinin, o cümlədən payızlıq taxılların sələflərinin müəyyən edilməsi və ilbəil əkin sahələrinin dəyişdirilməsi yüksək məhsul istehsal edilməsinə əsas verən amillərdən biridir. Ümumiyyətlə, hər hansı bir bitkinin bir neçə il eyni sahədə təkrar olaraq əkilməsi ərazinin həmin bitki üçün uyğunlaşmış alaqlarla daha çox siayrətlənməsinə və həmin bitkinin mənsub olduğu fəsil üçün mövcud xəstəlik və zərərvericilərə kütləvi surətdə yoluxmasına gətirib çıxarır. Təkrar olaraq buğda yerinə əkilmiş payızlıq buğdanın məhsuldarlığı hər hektardan 15 sentner, sələfi yonca əkinləri olan yerə səpilmiş payızlıq buğdanın məhsuldarlığı isə 24 sentnerə bərabər ola bilər. Xüsusən də paxlalılar fəsiləsinin nümayəndəsi olan 1 hektar yonca əkini sahəsi havanın azotundan istifadə etməklə bir il ərzində torpaqda 300 kiloqrama qədər azot toplaya bilir. Bunun da nəticəsində bir hektar payızlıq taxıl əkininin becərilməsi üçün nəzərdə tutulan illik azot normasının tamamilə istifadə edilməsinə ehtiyac qalmır. Bu isə eyni sahəyə sərf edilən xərclərin (əmək məsariflərinin) müəyyən qədər azalmasına səbəb olur. Taxılın, əsasən, dincə qoyulmuş torpaqda kartof, bostan-tərəvəz, birillik və çoxillik otlar, şəkər çuğunduru kimi bitkilərdən sonra əkilməsi daha məqsədəuyğundur. 2-3 ildən artıq eyni sahədə taxılın əkilməsi məsləhət deyil. Çünki bir tərəfdən sahənin alaq otları ilə zibillənməsinə şərait yaranır, digər tərəfdən isə torpaqda birtərəfli qidalanma getdiyindən torpağın qida balansı pozularaq onun münbitliyinin aşağı düşməsinə səbəb olur. Bu da bitkilərin inkişafına öz mənfi təsirini göstərir. Hər bir fermer və torpaq mülkiyyətçisi əkin zamanı bəhs olunan aqrotexniki tədbirlərə düzgün və vaxtında əməl etsə, əkin sahələrindən yüksək və keyfiyyətli məhsul istehsal etmiş olar.

İntiqam HÜSEYNBƏYLİ
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı 

Nəşr edilib : 21.09.2022 20:28