AZ EN RU

Payızın sevilən meyvələri – xurma, heyva, nar

    Gözəl təbiətli Naxçıvanımızda yetişdirilən meyvələrdən üç meyvə vardır ki, cana dərmandır. Bunların biri xurma, biri heyva, biri də nardır. Payız mövsümünün bu dadlı meyvələri süfrələrə yaraşıq qatmaqla, həm də özünün faydalı xüsusiyyətləri ilə seçilir. 
    “Tanrıların meyvəsi”, “cənnət xurması” da adlanan xurma (xirnik), müqəddəs “Qurani-Kərim”in “Rəhman” surəsində adı cənnət meyvəsi kimi çəkilən nar, İslam Peyğəmbəri Həzrəti Məhəmmədin “Heyva yeyin və bir-birinizə heyva hədiyyə edin. Gözə işıq verər və ürəklərdə sevgini yaşıllaşdırar”, – deyə tövsiyə etdiyi heyva bu gün də özünün bağlar diyarı kimi şöhrətini qoruyub saxlayan Ordubad rayonunda ailə təsərrüfatçılarının əkib-becərdikləri meyvə sortlarındandır. Rayon sakini İqbal Əliyev də bu meyvələri yetişdirən ailə təsərrüfatçılarından biridir. O, 1985-ci ildə Ordubad rayonunda anadan olub və bağçılıq, meyvəçiliklə məşğuldur: – Mütəmadi olaraq Naxçıvanda təşkil edilən festivallarda iştirak edir, ərsəyə gətirdiyimiz məhsulları orada satışa çıxarırıq. Həyətyanı sahədə becərdiyim meyvə ağaclarından 2 xurma ağacım var ki, ildə 200-300 kiloqram məhsul əldə edirəm. Bundan başqa, 4 nar, 12 heyva ağacına qulluq edirik. Ailə üzvlərimizlə birgə bu meyvələrdən hazırladığımız mürəbbə, kompot və onların qurularını Naxçıvan bazarında və Bakıya göndərib sata bilirik. 
     Təcrübəli təsərrüfatçı xurmanın becərilməsi ilə bağlı deyir: – Rayonun münbit iqlim şəraiti bizə bu meyvəni yetişdirməyə imkan verir. Bu ağac çox məhsuldardır və rayonda xurmanın şişburun, yastı, xirnik, korolyok, nəlbəki kimi müxtəlif növləri yetişdirilir. Bu növlər, əsasən, oktyabr və noyabr aylarında yetişir. Xurmanın yetişməmiş meyvələrindən fərqli olaraq bir sıra növləri var ki, ağız büzücü deyil. Bildirim ki, xurmanın meyvələrini dondurduqda büzücülük qismən aradan qalxır. Şaxtayadözümlü olan xurmanı qış fəslinin ilk aylarında da ağac başında görmək olur. Xurma münbit torpaqlarda yüz il və daha çox yaşayır. Mövsümdən asılı olaraq bir ağacdan 80-100 kiloqram, bəzən daha çox məhsul götürürük. Ağaclara göstərdiyimiz aqrotexniki qulluq məhsul bolluğunda mühüm rol oynayır.
    Müsahibim qeyd edir ki, xurma ağacının yetkin meyvələri vitaminlərlə zəngindir: – Xurmadan mürəbbə, cem bişiririk, həmçinin ondan bəkməz, spirtli içkilər hazırlamaq mümkündür. Qan və vitamin azlığı, mədə-bağırsaq xəstəlikləri zamanı çox faydalı hesab edilir. Xurma meyvələrini yığır, qabığını soyur, iplərə keçirir Günəş şüası düşən yerdə quruduruq. Qurudulmuş meyvəyə tələbat həmişə yüksək olur. 
    İqbal Əliyev həyətyanı sahəsində becərdiyi nar və heyva haqqında isə bunları deyir: – Nar bütün meyvələrin şahı və insanların istifadə etdiyi ilk meyvələrdən biri olub. Xarici görkəminə görə digər meyvələrdən seçilir. Görünüşü və bir sıra xəstəliklərin dərmanı olması onu dünyada məşhurlaşdırıb. 200-300 il ömrü olan nar ağacları bolluq və bərəkət rəmzi sayılır. Hazırda ölkəmizdə narın “vələs”, “şirin”, “gülöyşə”, “şıxbaba”, “şahnur” kimi növləri becərilir və xaricə ixrac edilir. Atalarımız deyib ki, “nar girməyən evə loğman girər”. Nar, xüsusilə immuniteti artırır, ürəyi və mədəni qüvvətləndirir. Narın qabıqlarının tozu və çayı qurd əleyhinə dərman kimi istifadə edilir. Heyvanın da yetişmiş meyvələrinin qurusu və yarpaqlarından hazırlanan çayı soyuqdəymələrdə sinəyumşaldıcı dərman kimi qəbul edilir. Meyvəsinin mürəbbəsi də həzm prosesini yaxşılaşdırmaq baxımından çox xeyirlidir. Bu meyvələrdən müxtəlif yeməklərin hazır­lanmasında da istifadə olunur. Xüsusilə də heyva dolması Ordubad mətbəxində özünəməxsusluğu ilə seçilir.
    Sözün qısası, payızın gəlməsi ilə birlikdə piştaxtaları bəzəyən bu meyvələrin hər üçü – xurma da, heyva da, nar da çox faydalıdır. Elə isə siz də süfrələrinizi bu meyvələrlə bəzəyin və yurdumuzun min bir dərdə dərman olan bu meyvələrlə qidalanmaqla  sağlamlığınızın qayğısına qalın. 

 Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 15.12.2022 19:46