AZ EN RU

Ölkə çempionu olmuş ağır atletlərimiz ilə görüş keçirilib

    Muxtar respublikanın ölkə çempionu adını qazanmış ağır atletləri və onların məşqçiləri ilə görüş keçirilib. 
    Azərbaycan Respublikası Gənc­lər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkilatçılığı ilə oktyabr ayında Bakı şəhərində 20 və 23 yaşlı gənc oğlan və qızlar arasında ağır atletika üzrə ölkə birinciliyi təşkil edilib. Azərbaycanın 15 komanda və 150-dən çox idmançısının iştirak etdiyi çempionatda Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının 3 idmançısı da mübarizə aparıb. İdmançılarımız ölkə birinciliyində uğurlu nəticə əldə edərək muxtar respublikaya 2 qızıl medalla qayıdıblar. Belə ki, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Gülcahan Əliyeva birdən və təkanla qaldırmada 117 kiloqram, Həsən Babayev isə 89 kiloqram çəki dərəcəsində birdən və təkanla qaldırmada, ümumilikdə, 232 kiloqram qaldıraraq Azərbaycan çempionu adını qazanıblar. Qeyd edək ki, idmançılarımız yaşlarının az olmasına baxmayaraq, gənclər arasında keçirilən Azərbaycan birinciliyində iştirak ediblər.
    Görüşdə qazandıqları uğura görə idmançıları təbrik edən Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının sədri Rəhman Məmmədov bildirib ki, 2022-ci ildən etibarən idmançılarımız federasiyanın digər bölmələri üzrə də ölkədaxili və beynəlxalq səviyyəli yarışlarda iştirak edərək uğurlu nəticələr qazanıblar. İlk olaraq cari ilin mart ayında ağır atletika üzrə keçirilən ölkə çempionatında 3 idmançımız böyük nailiyyət əldə edib. 1-2 oktyabr tarixlərdə isə Azərbaycan çempionatında bu uğuru qazanıblar. Ölkəmizin müxtəlif bölgələrindən 150-dən çox idmançının mübarizə apardığı ölkə çempionatında idmançılarımızın medallar qazanması muxtar respublikada idmana göstərilən dövlət qayğısının bariz nümunəsidir.
    Vurğulanıb ki, federasiyanın əsas məqsədi qarşıdakı aylarda da keçiriləcək ölkədaxili və beynəlxalq yarışlarda uğur qazanmaq, Naxçıvanın idman ənənələrini layiqincə təmsil etməkdir. Atletika Federasiyası cari ildə bir çox uğura imza atıb. Lakin bununla kifayətlənmək olmaz. İndi əsas hədəf beynəlxalq turnirlərdə iştirak etmək, muxtar diyarımıza uğurlu nəticələrlə qayıtmaqdır. Şərur rayonunda bu idman növü artıq kütləvi hal alıb, Ordubad rayonunda da federasiyanın bir bölməsi fəaliyyətə başlayıb. İdmançılardan Həsən Babayev yaşının az olmasına baxmayaraq, iştirak etdiyi yarışlarda yeni rekordlar qazanır. İndi onun hədəfi Avropa çempionatında uğur qazanmaq olmalıdır. Gülcahan Əliyeva isə qadın idmançılar arasında artıq öz imzası ilə tanınır.
    Federasiya sədri qazanılan uğura görə məşqçi və idmançılara təşəkkürünü bildirib.
    Ağır Atletika bölməsinin baş məşqçisi Şəfi Hüseynov keçirilən yarış və idmançıların yarışdakı fəallığı barədə məlumat verib, idmançılara göstərilən dövlət qayğısına görə minnətdarlığını bildirib. Qeyd edilib ki, artıq Həsən Babayev və Gülcahan Əliyeva Azərbaycan millisinin təlim-məşq toplanışına dəvət olunublar. Eyni zamanda Tərmenxan Babayev Albaniyada keçiriləcək Avropa çempionatında iştirak edəcək.
    Atletika Federasiyasının sədri Rəhman Məmmədov tədbirə yekun vuraraq diqqətə çatdırıb ki, il yekunlaşmadan idmançılarımız artıq 32 medal qazanıblar ki, bunun da 23-nün qızıl olması yüksək göstəricidir. Bu həm də federasiyada çalışan məşqçilərin əziyyətinin bəhrəsidir. Ancaq bununla kifayətlənməməli, ilin sonuna qədər keçiriləcək yarışlarda medal sayının artırılmasına ciddi səy göstərilməlidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyə və tapşırıqlarına uyğun olaraq çalışmaq lazımdır ki, muxtar respublikada idmanın kütləviliyi artsın, uşaq, yeniyetmə və gənclərimiz sağlam ruhda böyüsünlər. Bunun üçün Naxçıvanda idmanın inkişafı üçün hər bir şərait yaradıldığını vurğulayan Atletika Federasiyasının sədri göstərilən diqqətə görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.
    Sonda uğur qazanan idmançı və məşqçilərə təşəkkürnamə və mükafat təqdim edilib. 

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 11.10.2022 19:15