AZ EN RU

“Naxçıvanın dövlətçilik tarixi” kitabı çapdan çıxıb

     AMEA Naxçıvan Bölməsində 2021-ci il sentyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin fəaliyyəti və qarşıda duran vəzifələr barədə keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun muxtar respublikada elmin inkişafı, Naxçıvan tarixinin tədqiqi ilə bağlı verdiyi müvafiq tapşırıqların icrası istiqamətində işlər davam etdirilir. Qədim diyarın tarixinin, arxeologiya və etnoqrafiyasının, yeraltı və yerüstü təbii sərvətlərinin, iqtisadi potensialının, elmi-ədəbi mühitinin, mədəni irsinin öyrənilməsi üçün müxtəlif istiqamətlərdə tədqiqatlar aparılır, yeni elmi nailiyyətlər əldə olunur. AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Naxçıvanın dövlətçilik tarixi” adlı yeni kitabı da bu baxımdan Naxçıvanşünaslığa qiymətli töhfə hesab oluna bilər. Kitab Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2022-ci ilə dair nəşr planına əsasən “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çapdan çıxıb.
    “Naxçıvanın dövlətçilik tarixi” giriş, 15 bölmə, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.
    Əsərdə Azərbaycanın zəngin dövlətçilik tarixinə, Naxçıvanın Azərbaycanın dövlətçilik tarixindəki roluna nəzər salınmış, Azərbaycan tarixində “dövlət” və “dövlətçilik” problemi, coğrafi amillərin tarixi inkişafa təsiri, Naxçıvan diyarının təbii-coğrafi mövqeyinə görə tarixin bütün dövrlərində siyasi-mədəni proseslərdə yaxından iştirakı və roluna diqqət yetirilmişdir. Həmçinin aparılan arxeoloji araşdırmalar nəticəsində Azərbaycanda dövlətin yaranmasınadək olan dövrdə burada mövcud olmuş yaşayış məskənləri, şəhərsalma mədəniyyəti, ilkin dövlətçilik ənənələri ilə bağlı əldə edilən faktlar şərh olunmuşdur.
    Naxçıvanın etnik və siyasi tarixinin araşdırıldığı kitabda diyarın tarixin müxtəlif dövrlərində tərkibində olduğu dövlətlərin ən inkişaf etmiş məkanlardan biri olması faktına diqqət çəkilmiş, buranın zəngin dövlətçilik ənənələrinə nəzər salınmışdır.
    Müəllif X əsrdən başlayaraq xronoloji ardıcıllıq əsasında bölgədə mövcud olmuş Naxçıvanşahlıq, Azərbaycan Atabəylər dövləti, Naxçıvan tüməni, Naxçıvan sancağı, Naxçıvan xanlığı, Naxçıvan qəzası, Araz-Türk Cümhuriyyəti, Naxçıvan MSSR, Naxçıvan Muxtar Respublikası kimi qurumların yaranması və fəaliyyətini tədqiq etmişdir. Bu diyarın Azərbaycan Xalq Cümhuriyyəti ilə əlaqələri, habelə muxtariyyət statusunun dövrün tələbi ilə gündəmə gəlməsi, əhəmiyyəti kimi  məsələlər araşdırmaların əsasını təşkil edir.
    Yenicə işıq üzü görmüş kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərli, rəyçiləri AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev və tarix elmləri doktoru, dosent Emin Şıxəliyevdir.

AMEA Naxçıvan Bölməsinin 
mətbuat xidməti

Nəşr edilib : 23.11.2022 20:35