AZ EN RU

Naxçıvanda yeni istehsal sahəsi fəaliyyətə başlayıb

    Muxtar respublikanın sosial-iqtisadi inkişaf tarixinə “Sənaye ili” kimi yaddaqalan uğurlarla yazılacaq 2022-ci ildə iqtisadiyyatın bu aparıcı sahəsi xüsusilə diqqətdə saxlanılır. Bu ilin ilk yarısında Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına sənayeyönümlü 15 layihəyə 4 milyon 903 min manat kredit verilmişdir. Sahibkarlığın inkişafını daha da sürətləndirmək və bu sahədə fəaliyyətə mane olan əsassız müdaxilələrin qarşısını almaq məqsədilə cari ilin ilk yarısında xüsusi fəaliyyət növləri üzrə 144 icazə, 691 lisenziya verilmişdir. Bütün bunlar muxtar respublikada sənaye sahəsində rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının təşviqinə, innovasiyalara əsaslanan yeni müəssisələrin qurulmasına, yeni məhsul növlərinin istehsalına şərait yaratmışdır. Yaradılan yeni istehsal sahələrindən biri də Naxçıvan şəhərində “Saf Metal” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaat və kənd təsərrüfatında istifadə olunan əl arabaları istehsalıdır.     
    Naxçıvan şəhərinin Şəhriyar küçəsində yerləşən “Saf Metal” Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-cu ildən metal məhsullarının istehsal sahəsi kimi fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazir­liyi tərəfindən yerli istehsalın təşviqi məqsədilə müəssisəyə 56 min 500 manat dövlət dəstəyi göstərilib, həmçinin müəssisə daha uyğun istehsal yeri ilə təmin olunub. Fəaliyyətini daha da genişləndirən müəssisədə bu ilin iyun ayından etibarən inşaat və kənd təsərrüfatı işlərində tələbatı çox olan əl arabalarının istehsalına da başlanılıb. Burada 10 nəfər daimi işlə təmin olunub. Müəssisə gündəlik 40-45 ədəd əl arabası istehsal etmək gücündədir.
    “Saf Metal” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal etdiyi əl arabaları Türkiyənin yüksəkkeyfiyyətli məhsullarından istifadə edilərək yığılır. Müasir avadanlıqların istehsal prosesindən keçən əl arabaları keyfiyyəti ilə seçilir və uzunömürlüdür. 
    Yaxın zamanda müəssisədə inşaat və kənd təsərrüfatı işlərində istifadə edilən digər alətlərin də istehsalı nəzərdə tutulur.

Xəbərlər şöbəsi

Nəşr edilib : 10.08.2022 18:49