AZ EN RU

Naxçıvanda Sahibkarlar Günü qeyd olunub

    25 aprel – Sahibkarlar Günü münasibətilə Naxçıvan Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, aidiyyəti dövlət qurumların, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 47 sahibkarın iştirakı ilə  tədbir keçirilib.
    Tədbirdə iqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edərək muxtar respublikada innovativ əsaslı iqtisadiyyatın inkişafının təmin edilməsi, özəl sektorun stimullaşdırılması, yüksək əlavə dəyər yaradan və ixraca yönələn məhsul istehsalının genişləndirilməsi istiqamətində görülən işlərdən danışıb.
    Qeyd olunub ki, cari ilin ötən dövrü ərzində 43 istehsal və xidmət sahəsi istifadəyə verilib, yeni duz istehsalı müəssisəsinin, enerji içkilərinin istehsalı, salfet, spirtli içki istehsalı, yun iplik istehsalı, əl arabası və kiçik kənd təsərrüfatı alətləri istehsalı sahələrinin yaradılması istiqamətində işlər davam etdirilib. 2022-ci ilin Naxçıvanda “Sənaye ili” elan olunması, yeni istehsal sahələrinin fəaliyyətə başlaması, Şərur Sənaye Məhəlləsinin yaradılması muxtar respublikada iqtisadiyyatın inkişafına və şaxələndirilməsinə əlavə imkanlar yaradır. İlk mərhələdə bitki yağı, kağız-paket və karton tara, ayaqqabı, mebel məmulatları istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri tərəfindən 3 milyon 939 min manat dəyərində 4 layihə təqdim edilib. Bu layihələr çərçivəsində 50 yeni iş yeri yaradılması nəzərdə tutulub.
    Vurğulanıb ki, bu gün muxtar respublikadakı sahibkarlıq subyektləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Sahibkarlara maliyyə dəstəyi göstərmək məqsədilə İqtisadiyyat Nazirliyinin nəzdində yaradılmış Sahibkarlığın İnkişafı Fondu tərəfindən indiyədək 1692 layihənin maliyyələşdirilməsinə güzəştli şərtlərlə 181 milyon 740 min manatdan çox kredit ayrılıb, 300-ə yaxın ailə təsərrüfatına 3 milyon 474 min manat həcmində dövlət maliyyə dəstəyi göstərilib. 
    Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində cari ildə Şərur Sənaye Məhəlləsində yerli xammal hesabına qarğıdalı və günəbaxan yağı da istehsal ediləcəkdir. Bunun üçün xammal ehtiyatının yaradılması da qarşıda duran əsas məsələlərdəndir. Bu məqsədlə ailə və fermer təsərrüfatları tərəfindən yağlılığı yüksək olan qarğıdalı və günəbaxan sortları əkininin aparılmasına üstünlük verilməlidir. Çünki istehsal olunacaq qarğıdalı və günəbaxan məhsulları müəssisə tərəfindən dəyəri nağd ödənilməklə satın alınacaqdır.
    Aparılan iqtisadi islahatlar çərçivəsində biznes və investisiya mühitinin yaxşılaşdırılması tədbirlərindən danışan nazir Tapdıq Əliyev muxtar respublikanın xarici iqtisadi əlaqələrinin genişləndirilməsində ixrac təşviqi mexanizmlərin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, indiyədək 20 layihə üzrə 96 milyon 434 min 119 manat məbləğində investisiya təşviqi sənədi, 56 ixrac əməliyyatı üzrə isə 119 min 366 manat ixrac təşviqinin ödənilib, 404 biznes-forum, sərgi və konfransda dövlət dəstəyi ilə 2000-dən artıq sahibkarın iştirakı təmin edilib.
    İqtisadiyyat naziri sahibkarlara göstərdiyi böyük diqqət və qayğıya, yaradılan əlverişli şəraitə görə Ali Məclisin Sədrinə dərin minnətdarlığını bildirib, iş adamlarını Sahibkarlar Günü münasibətilə təbrik edib.
    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının rəhbəri Vüsal Süleymanlı sahibkarlıq subyektlərində işçilər üçün əlverişli və təhlükəsiz əmək şəraitinin yaradılmasının əhəmiyyətini, sosial məsuliyyətin vacibliyini, sahibkarların sosial məsələlərin həllində mühüm rol oynadığını vurğulayıb.
    Tədbirdə “Ləzzət Qida Sənaye” Мəhdud Мəsuliyyətli Cəmiyyətinin direktoru Teymur Rzayev və Naxçıvan Muxtar Respublikası Ailə Təsərrüfatları İctimai Birliyinin İdarə Heyətinin sədri Mübariz Şirəliyev çıxış edərək dövlətin sahibkarlığın inkişafına göstərdiyi qayğını yüksək qiymətləndiriblər. Cəmşid Həsənov sahibkarlar adından yaradılan şəraitə görə dövlətimizə minnətdarlıq edib. “Ləzzət Qida Sənaye” Мəhdud Мəsuliyyətli Cəmiyyətinə “İlin ixracatçısı”, sahibkar Ceyhun Abdullayevə “İlin ən yenilikçi sahibkarı” nominasiyaları üzrə mükafatlar təqdim olunub.
    Tədbirdə sahibkarları maraqlandıran suallar cavablandırılıb, sahibkarların problemləri dinlənilib, qarşıya çıxan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlarla birgə araşdırmaların aparılması və təkliflərin verilməsi, həmçinin məşğulluğun təmin edilməsi, əhalinin rifah halının yüksəldilməsi məqsədilə sahibkarlıq subyektlərinin də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sosial qayğıya ehtiyacı olan ailələrə aktivlərin verilməsində yaxından iştirak etmələri və işə qəbul zamanı qazi və şəhid ailələrinə üstünlük verilməsi, bu qruplar üzrə kvotaların müəyyənləşdirilərək aidiyyəti quruma təqdim olunması tövsiyə olunub.  
    Sonda Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafını əks etdirən film nümayiş olunub, tədbir iştirakçıları Naxçıvan Biznes Mərkəzinin sərgi salonunda muxtar respublikada istehsal olunan məhsullardan ibarət sərgiyə baxıb.

Naxçıvan Muxtar Respublikası 
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

* * *

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamının icrası ilə bağlı növbəti tədbir Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə 25 aprel Sahibkarlar Gününə həsr olunub. 

    Tədbiri giriş sözü ilə açan Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova Azərbaycan Respublikası Prezidenti tərəfindən Sahibkarlar Gününün təsis olunmasının sahibkarların fəaliyyətinə verilən yüksək qiymətin, sahibkarlığın inkişafına göstərilən böyük diqqət və qayğının ən önəmli göstəricisi olduğunu vurğulayıb. Bildirilib ki, hazırda muxtar respublikada sahibkarlığa hərtərəfli dəstəyin göstərilməsinin nəticəsidir ki, ümumi daxili məhsul istehsalının 88 faizi özəl bölmənin payına düşür. Bugünkü gəncləri, xüsusilə iqtisadiyyat yönümlü ixtisaslarda təhsil alan tələbələri potensial sahibkar kimi şəxsi biznesləri haqqında fəal və yaradıcı düşündürməyin, onları sahibkarlıq fəaliyyətinə həvəsləndirməyin və bu istiqamətdə araşdırma aparmağa sövq etməyin sahibkarlığın inkişafı üçün xüsusi əhəmiyyət daşıdığı qeyd edilib.
    Naxçıvan Dövlət Universitetinin müəllimi, təcrübə rəhbəri Mehparə Məmmədova çıxış edərək tələbələrin sahibkarlıq qabiliyyətlərinin inkişaf etdirilməsinin, yeni biznes ideyalarının yaradılmasının əhəmiyyətli olduğu diqqətə çatdırılıb.
    Tədbir “Birlikde.az” və “FastCarry” layihələrin təqdimatı ilə davam edib. 
    Layihələrin təqdimatında diqqətçəkən məqam investorların marağını cəlb edəcək şəkildə maliyyə hesabatlarının tərtib edilməsi olub. 
    Tədbir müzakirə şəklində davam edib və komanda üzvlərinə Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilib.

Naxçıvan Muxtar Respublikası 
Maliyyə Nazirliyinin mətbuat xidməti

 

Nəşr edilib : 25.04.2022 18:56