AZ EN RU

Naxçıvan Şəhər İcra Hakimiyyətində medalların təqdimatı olub

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci il 25 dekabr və 2021-ci il 24 iyun tarixli sərəncamları ilə ölkəmizin ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçuları müxtəlif medallarla təltif edib. Təltif olunanlar arasında naxçıvanlılar da  az deyil. Naxçıvan Şəhər İcra Hakimiyyətində həmin medalların, onların vəsiqələrinin şəhid ailələri, qazi və Vətən müharibəsi iştirakçılarına təqdim edilməsi ilə bağlı növbəti tədbir keçirilib. 
    Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban gedən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək bildirib ki, bu gün muxtar respublikamızda ordu quruculuğu sahəsində həyata keçirilən əhəmiyyətli tədbirlərdən biri də Vətənə sədaqətli, peşəkar hərbi kadr hazırlığı ilə bağlıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı nəticəsində Naxçıvan şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi Liseyin maddi-texniki bazası möhkəmləndirilib, kursantlar üçün müasir tədris, rahat məişət və yaşayış şəraiti yaradılıb. Bunun nəticəsidir ki, hərbi liseyin məzunları Azərbaycan Ordusunda xidməti vəzifələrini şərəflə yerinə yetirirlər. Bildirilib ki, illərdir, ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər öz nəticəsini verdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində silahlı qüvvələrimiz 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində qazandığı zəfərlə tarixi ədaləti bərpa etdi. 
    Qeyd olunub ki, Vətən müharibəsində iştirak edən, şəhid olan qəhrəmanların şücaəti gələcək nəsillərə örnəkdir və onların sırasında doğma Naxçıvanımızın mərd oğulları da çoxdur. Onlardan Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhid olmuş Naxçıvan şəhər sakinləri mayor Sadiq Həsənov, gizir Bağır Ələkbərov, müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçular Seymur İbrahimov, Xansu Qurbanov Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunublar. Həmin medallar onların ailə üzvlərinə təqdim olunacaq. Qazi, baş leytenant Hüseyn Həsənov, müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçular qazi, çavuş Nurlan Quliyev, Nurəddin Nəbiyev, Əyyub Sadıxov, müharibə iştirakçıları kiçik çavuş Nifti Məmmədov, Yusif Haqverdiyev, müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçular Mir İsmayıl Süleymanov, Ayxan Fərzalızadə, Murad Əliyev, Müslüm Mazanov, əsgər Samir Əliyev, Elsun Nəcəfzadə, Aydın Şirinov “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif ediliblər. 
    Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəisi, polkovnik-leytenant Anar Aqilov çıxışında qeyd edib ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2908 hərbi qulluqçusu şəhid olub, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirib. Vətənin müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərimizin 15 nəfəri Naxçıvan şəhər qeydiyyatında olub. Vurğulanıb ki, ölkəmizdə şəhid adı daim uca tutulur, onların Vətən qarşısındakı xidmətləri yüksək qiymətləndirilir, dövlət təltiflərinə layiq görülürlər. Naxçıvanda da daim şəhid ailələri, qazi və müharibə iştirakçılarına hərtərəfli qayğı göstərilir, sosial müdafiələri gücləndirilir, mənzil və avtomobillərlə təmin olunurlar. 
    Sonra medalların təqdimatı olub, şəhid ailələri, qazi və Vətən müharibəsi iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

Nail ƏSGƏROV

Nəşr edilib : 17.03.2022 19:30