AZ EN RU

Muxtar respublikanın quruculuq xəritəsi genişlənir

    Muxtar respublikanın bütün yaşayış məntəqələrini əhatə edən geniş və çoxşaxəli tikinti-quruculuq, abadlaşdırma işləri cari ildə də uğurla davam etdirilir. Babək rayonunda həyata keçirilən tikinti-quraşdırma işləri 2022-ci ildə də davam etdirilir. Xatırladaq ki, ötən ilin son günlərində Cəhri qəsəbəsindəki məscid istifadəyə verilən zaman  Ali Məclisin Sədri cənab Vasif Talıbov Cəhri-Gərməçataq kənd avtomobil yolunda aparılan yenidənqurma işləri ilə də maraqlanıb, müvafiq tapşırıqlar vermişdir. Verilən tapşırıqlara uyğun olaraq hazırda Cəhri qəsəbəsindən keçməklə bir neçə kəndi özündə birləşdirən əsas yol yatağı genişləndirilir, təhlükəsiz və rahat hərəkət təmin edilir. Əvvəllər müvafiq olaraq eni cəmi 4-5 metr olan yol yatağı hərəkətin intensivliyinə, bəzən də təhlükəsizliyinə mane olurdu. Görülən işlər çərçivəsində yol yatağı genişləndirilərək 12 metrə çatdırılıb. Yeni inşa olunan yol 2 zolaqdan ibarət olacaq.
    Qəsəbədə infrastrukturun yenilənməsi işləri zamanı yol kənarlarındakı yararsız hasarlar, yardımçı tikililər plana alınaraq sökülür və daha uyğun yerlərdə tam yeniləri ilə əvəz olunur. Genişləndirilən yol yatağının kənarlarında su axını üçün kanallar və işıqlandırma dirəkləri quraşdırılır. 
    Bu ilin mart ayından etibarən Babək şəhərinin Heydər Əliyev prospektində rayonun məktəbdənkənar müəssisələri üçün binanın tikintisinə də başlanılıb. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Babək Rayon İdarəsinin inşaatçıları tərəfindən müasir layihə əsasında tikilən bina üç mərtəbədən ibarət olacaq. Binanın birinci mərtəbəsində Texniki Yaradıcılıq Mərkəzi, sərgi salonu, STEAM otağı, ikinci mərtəbədə Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, müəllimlər otağı, xalçaçılıq, toxuculuq və bədii tikmə, rəsm-vitraj sinifləri, qum sənəti otağı, arxiv, üçüncü mərtəbədə isə rəqs və gimnastika zalı, cihazların saxlanılması otağı, eləcə də digər siniflər fəaliyyət göstərəcək. Hazırda qəlib-beton işləri görülür.
    Abadlıq-quruculuq işləri çərçivəsində Babək rayonunun Vayxır kəndində də kompleks quruculuq işlərinə başlanılıb. Hazırda kənddəki tam orta məktəb binası əsaslı şəkildə yenidən qurulur, kənd və xidmət mərkəzləri inşa olunur. 

Muxtar RZAZADƏ

***

    Naxçıvan şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər ötən illərdə olduğu kimi, bu il də uğurla davam etdirilir. Şəhərdə hər cür şəraitə malik yeni binalar inşa edilir, təmirə ehtiyacı olan ictimai yaşayış binaları isə əsaslı şəkildə təmir olunur. 

    Şəhərimizin Nizami küçəsində yer alan 48, 46 nömrəli yaşayış binaları əsaslı şəkildə təmir edilib, ümumilikdə, bərpa işləri tamamilə yekunlaşdırılıb. 44 nömrəli yaşayış binasında isə bərpa işləri sürətlə davam edir. Belə ki, beş mərtəbəli binanın qəzalı vəziyyətdə olan eyvanları və artırmaları sökülərək yenisi ilə əvəz edilir. Bununla belə, binanın təməli dəmir-beton konstruksiyalarla möhkəmləndirilir, dam örtüyü dəyişdirilir, kommunikasiya xətləri yenilənir, zirzəmi təmir olunur, giriş qapıları və bütün pəncərələr yenisi ilə əvəzlənir, dəhlizlərə isə üzlük daş plitələr düzülür. Binada hazırda son tamamlama işləri həyata keçirilir. Yaxın günlərdə 44 nömrəli yaşayış binası da müasir görkəmə qovuşacaq.]

 Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 19.04.2022 18:23