AZ EN RU

Muxtar respublikada enerji təhlükəsizliyi təmin olunub

    Muxtar respublikada müasir enerji infrastrukturunun yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Alternativ və bərpa olunan enerji mənbələrindən düzgün istifadə olunması, yeni su, külək, günəş elektrik stansiyalarının yaradılması istehsalın həcmini artırır ki, bu da ümumi inkişafın və enerji təhlükəsizliyimizin təmin olunmasında mühüm əhəmiyyət kəsb edir.

    Muxtar respublikada enerji sahəsinin inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndirən ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Vaxtilə Naxçıvanda işıq yox idi, enerji yox idi. Azərbaycandan gələn xətlər də Ermənistan tərəfindən kəsilmişdi. İndi isə Naxçıvan özünü elektrik enerjisi ilə tam təmin edir və bərpa olunan mənbədən istifadə edir. Bu, çox önəmlidir. Çünki bu, Naxçıvanın gözəl təbiətinə və ekoloji vəziyyətinə töhfə kimi qəbul edilməlidir”.

    2006-cı ildən ötən dövr ərzində  1 elektrik stansiyası yenidən qurulmuş, 9 elektrik stansiyası tikilmişdir ki, bunun da 4-ü su elektrik stansiyası, 3-ü günəş elektrik stansiyası, 1-i isə külək-günəş hibrid elektrik stansiyasıdır. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, stansiyaların sayı 11-ə, ümumi güc isə 250,5 meqavata çatdırılmışdır. Ümumi gücün 22 meqavatı Araz Su Elektrik Stansiyasının, 60 meqavatı Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasının, 87 meqavatı Naxçıvan Modul Elektrik Stansiyasının, 4,5 meqavatı Heydər Əliyev Su Anbarı üzərində Su Elektrik Stansiyasının, 22 meqavatı Biləv Su Elektrik Stansiyasının, 20,5 meqavatı “Arpaçay-1” və 1,4 meqavatı “Arpaçay-2” Su Elektrik stansiyalarının, 22 meqavatı Babək, 5 meqavatı Kəngərli, 5 meqavatı Şərur Günəş Elektrik stansiyalarının və 1,1 meqavatı isə Culfa rayonunda Külək-Günəş Hibrid Elektrik Stansiyasının payına düşür.
    İstehlakçıların elektrik enerjisi ilə təchizatını daha da yaxşılaşdırmaq istiqamətində təkcə 2014-2021-ci illər ərzində muxtar respublikada 540 kilometr uzunluğunda yeni elektrik xətləri çəkilmiş, 973,4 kilometr uzunluğunda elektrik xətləri əsaslı təmir olunmuşdur. Bu dövr ərzində 254 yeni transformator quraşdırılmış,1089 transformator isə əsaslı təmir olunmuşdur. Bundan əlavə, bu sahədə maddi-texniki bazanın gücləndirilməsi istiqamətində son dövrlərdə muxtar respublikaya 2 dəst 200 kilovat gücündə “ISUZU” markalı dizel generator maşını, 410 dəst 2 kilovat gücündə mobil günəş elektrik stansiyası, 410 dəst günəş su qızdırıcısı, 6 dəst 10 kilovatlıq külək-günəş hibrid elektrik stansiyası qurğusu gətirilmişdir.
    2021-ci ildə muxtar respublikada 444 milyon 804 min 6 kilovat-saat elektrik enerjisi istehsal olunmuşdur ki, bunun da 264 milyon 438 min 160 kilovat-saatı və ya 59,5 faizi istilik elektrik stansiyalarında, 129 milyon 570 min 936 kilovat-saatı və ya 29,1 faizi su elektrik stansiyalarında, 50 milyon 794 min 910 kilovat-saatı və ya 11,4 faizi isə günəş elektrik stansiyalarında istehsal edilmişdir. 
    Etibarlı enerji təminatının əhəmiyyətini vurğulayan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Hər bir ölkənin inkişafının əsas göstəricisi enerji təhlükəsizliyinin təmin olunmasıdır. Bu gün muxtar respublikanın inkişafının əsas hərəkətverici qüvvəsi elektrik enerjisinə olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsidir. Enerji harada varsa, orada inkişaf var, həyat var”.
    Görülən işlərin davamı olaraq 2022-ci ilin yanvar-fevral aylarında Ordubad rayonunda 36 meqavat gücündə Ordubad və 15,6 meqavat gücündə Tivi Su Elektrik stansiyalarının, Şərur rayonunda 3 meqavat gücündə Günəş Elektrik Stansiyasının tikintisi davam etdirilmişdir.
    Cari ilin yanvar-fevral aylarında istehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təmin olunması və infrastrukturun yenilənməsi istiqamətində muxtar respublikada 5,5 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik xətləri çəkilmiş, 2 transformator yarımstansiyası quraşdırılmışdır.
    Culfa rayonunda 132/110/35/10 kilovoltluq elektrik yarımstansiyasının və Ordubad rayonunun Xanağa kəndində 35/10 kilovoltluq yarım­stansiyanın tikintisi, Naxçıvan, Şərur və Babək şəhərlərində smartkarttipli elektrik sayğaclarının quraşdırılması işləri davam etdirilmişdir.
    Yeni güclərin istifadəyə verilməsi istehlakçıların fasiləsiz və etibarlı enerji ilə təmin olunmasına daha yaxşı şərait yaratmaqdadır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin  
mətbuat xidməti

Nəşr edilib : 01.04.2022 19:22