AZ EN RU

Muxtar respublika arıçılıq məhsullarının 22-ci Respublika Sərgi-Satış Yarmarkasında keyfiyyətli məhsullarla təmsil olunur

    Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə oktyabrın 1-dən etibarən Bakı şəhərində ənənəvi arıçılıq məhsullarının 22-ci Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayıb.
    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən arıçıların iştirakı ilə yarmarkada satışa çıxarılacaq bütün  məhsullardan nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılıb. Göstəriciləri keyfiyyət və qida təhlükəsizliyi standartlarına uyğun olmayan məhsullar yarmarkada satışa buraxılmayıb. Bu  il keçirilən yarmarkada növbəlilik əsasında ilk qeydiyyatdan keçmiş 250 arıçı iştirak edir. Hər arıçı yarmarkaya maksimum 400 kiloqram  bal və 30 ədəd arı şanı satışa çıxarıb.

    Dadı, ətri və özəllikləri ilə seçilən Naxçıvan balından nümunələr təqdim etmək üçün “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin sədri Etibar Məmmədov və “Naxçıvan Arıçılıq” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Allahverdi Allahverdiyev sərgidə iştirak edirlər. Arıçılarımız tərəfindən sərgidə 230 kiloqram Naxçıvan balı, həmçinin arı südü, mum, vərəmum, çiçək tozu və digər arıçılıq məhsulları nümayiş olunur. Eyni zamanda ilk dəfə olaraq muxtar respublikada istehsal olunan arı yemi də sərgiyə çıxarılıb. 
    Qeyd edək ki, oktyabrın əvvəlindən start götürən sərgi oktyabrın 20-dək davam edəcək.

Naxçıvan Muxtar Respublikası 
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 07.10.2022 20:07