AZ EN RU

Meydan tamaşaları peşəkar teatr səhnəsinə aparan yolda mühüm təməl rolunu oynayır

    Qədim türk xalqlarının, o cümlədən azərbaycanlıların folklor yaradıcılığı repertuarında meydan tamaşalarının özünəməxsus yeri var. Belə tamaşaların kökləri xalqın məişəti, həyat tərzi, dünyagörüşü, toy və mərasim ənənələri ilə bağlıdır. Məişətlə bağlı müxtəlif əyləncələr zaman keçdikcə daha kütləvi xarakter alaraq təkmilləşib, xalq yaradıcılığı xəzinəsinə daxil olub. Mövzu ilə bağlı həmsöhbətim AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova oldu.

    Həmsöhbətim bildirdi ki, meydan tamaşaları musiqi, rəqs, məzhəkə, nəqletmə, yarışma və başqa ünsürlərdən yaranıb. “Meydan tamaşaları” dedikdə, əsasən, ölkəmizdə oynanılan təhkiyəli, süjetli xalq oyunları nəzərdə tutulur. Xalqın özü qədər qədim olan, oyunçu və tamaşaçı arasında səmimi münasibətlər şəraitində göstərilən bu tamaşalar masqarabazlar, nağılçılar, aşıqlar, məzhəkəçilər, kukla oyunçuları tərəfindən inkişaf etdirilərək ənənəvi xalq tamaşalarının özəyini yaradıb. Məişətlə bağlı müxtəlif əyləncələr zaman keçdikcə daha kütləvi xarakter alaraq təkmilləşib, xalq yaradıcılığı xəzinəsinə daxil olub. Açıq havada, şəhər meydanlarında, kəndlərdə geniş sahələrdə, karvansaraylarda, bazar və küçələrdə göstərilən meydan tamaşaları ənənəvi xalq teatrıdır. 

    Folklorşünas alim Naxçıvanda bu gün də qorunub saxlanılan və təqdim edilən “Qodu-qodu” adlı bir kukla oyunumuz haqqında da məlumat verdi: “Mərasim tamaşalarından olan “Qodu-qodu” adlı kütləvi xalq oyunu qədim zamanlardan aramsız yağan və əkinə-biçinə ziyan vuran yağışın kəsilməsi üçün keçirilirdi. Oyunda kuklalar bəzədilir və yağışın altında qapı-qapı gəzərək qodunun şəninə nəğmələr oxunur, onu öyürdülər. Onları musiqiçilər müşayiət edir. Qodunu Günəşin rəmzi olaraq qırmızı parçaya büküb Günəşin çıxmasını, yağışın kəsilməsini arzulayardılar”.
    Həmsöhbətim onu da qeyd etdi ki, əyləncəli meydan tamaşaları daha çox yazın gəlişi ilə əlaqələndirilir. Xüsusilə bayram günlərində, Novruz mərasimi günlərində nümayiş etdirilirdi. Meydan tamaşaları nə qədər komik məzmunda olsa da, tərbiyəvi əhəmiyyət daşıyan oyunlar repertuarda özünə daha çox yer tuturdu. Bu tamaşalar xalqın qəmini, çətinliklərini gülüşlə yüngülləşdirməkdən ötrü həyata keçirilirdi. Novruz şənliklərinin əsas personajları, təbii ki, Kosa və Keçəldir. Onların oyunbazlığı bayrama xüsusi şux ovqat qatar. Kosa və Keçəl obrazları qışla yazın mübarizəsini əks etdirir: Keçəllə Kosanın məzhəkəli tamaşası müqabilində yazla qışın bir-biri ilə mübarizəsi əks olunur. Qış öz yerini yaza təhvil vermək istəmir, yaz isə bu yeri əldə etməyə çalışır. Kosa ilə Keçəlin məzhəkəsinin rəmzi bundan ibarətdir. Çox qədim mənbələrdə Novruz mərasimi ilə bağlı bu obrazlardan istifadə olunub. Onlar ta qədim zamanlarda açıq havada keçirilən meydan tamaşasını gözəlləşdiriblər. Keçəl burada oyunbaz rolundadır. Gözübağlıca, kəndirbaz oyunlarında da Keçəlin rolu var. Bəzən Kosanı, Keçəli bu bayramda inkar edirlər, amma bu düzgün deyil. Keçəl bəzi tamaşalarda keçi adı ilə çıxış edir, amma bu şənlikdə keçi, Keçəl, Kosanın öz yeri var. Novruz bayramında bu obrazlar təbiətin oyanış dövründə gülüş, səmimiyyət doğurur. Kosa torpağın rəmzidir, qışla yazın arasında nə qədər mübarizə getsə də, nəticədə, Kosa-torpaq ölmür, dirilir, təbiət oyanır. Hər şeydən əvvəl, bu şənlik əkinçilik bayramını əks etdirmək üçündür.
    Bu gün də qorunub yaşadılan meydan tamaşalarından biri “Xanbəzəmə” oyunudur ki, elə müsahibimlə söhbətimizi bu istiqamətdə davam etdirdik: “Bu oyun martın 21, 22, 23-də Ordubad şəhərində, eləcə də Nüsnüs, Vənənd, Düylün, Əylis və başqa kəndlərdə təşkil olunur. Şəhərin “Sərşəhər” deyilən meydanında Xan bəzədilir. İndi isə bu mərasim həm də şəhərin Mingis meydanında həyata keçirilir. Bir nəfər qaraqabaq adamı xan kimi bəzəyib taxt-taca əyləşdirirlər. Xan meydana at üstündə daxil olur. Ətrafındakı vəzir, vəkil onu qoruyur. İki nəfər yelpiklə xanı yelləyir. Təlxəklər onu güldürməyə çalışırlar. Oyunun şərtinə əsasən xan təlxəklərin hərəkətlərinə gülməməlidir. Əgər gülərsə, meydanda və ya mərasimin təşkil olunduğu yerdə, mövcud olan hovuzda camaat onu suya basır. Üç gün ərzində bütün göstərilən məzəli hərəkətlərə dodağı belə qaçmayan “xan” rolunu icra edən şəxs xalq tərəfindən mükafatlandırılır.
    AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova bildirdi: “ Naxçıvan Muxtar Respublikasının əraziləri mühafizəkar folklor mühitidir. Ərazidə folklor janrları, o cümlədən meydan tamaşaları və xalq oyunları daha aktiv yaranma və işlənmə dairəsindədir. Bu baxımdan, ərazidə xalq yaradıcılığı örnəklərinin toplanması, nəşri və təbliği hər zaman əsas məsələlərdən biri olmuşdur. Xalq yaradıcılığı günlərinin keçirilməsi ilə bağlı 2009-cu il 7 fevral tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun imzaladığı Sərəncam bu sahədə çoxşaxəli və təqdirəlayiq işlərin həyata keçirilməsi ilə nəticələndi. Eləcə də 2021-ci il sentyabr ayının 21-də Ali Məclisin Sədri AMEA Naxçıvan Bölməsinin əməkdaşları ilə keçirilən görüşdə Naxçıvanşünaslıqla bağlı görülməsi vacib olan tədbirlərin keçirilməsi üçün tövsiyə və tapşırıqlarını verdi. Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşlarına verdiyi tapşırıqlar milli mədəniyyətimizi ehtiva edən məsələlərdəndir. Bunlar hər bölgə üzrə folklor örnəklərinin, o cümlədən min illər ərzində formalaşmış xalq deyimlərimizin – atalar sözlərinin, tapmacaların,  məsəllərin toplanmasıdır.  Artıq bölmədə həmin tapşırıqların icrasına başlanılıb. Ümumiyyətlə, Naxçıvan folklorunun toplanması, tədqiqi və təbliği məsələləri AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin əsas işlərindən biridir. Şöbə əməkdaşları da öz işlərini bu istiqamətdə qurublar”. 
    Biz də milli dəyərlərimizin, milli folklorumuzun yaşadılması və təbliği kimi məsul və şərəfli sahədə çalışan tədqiqatçılarımıza gələcək fəaliyyətlərində uğurlar arzu edirik.

Gülcamal TAHİROVA

Nəşr edilib : 18.03.2022 20:15