AZ EN RU

“Mən Naxçıvanı öyrənirəm” bilik olimpiadasının qalibləri mükafatlandırılıb

    Naxçıvan Dövlət Universitetində Yeni Azərbaycan Partiyası Ərazi Partiya Təşkilatının təşəbbüsü ilə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən “Mən Naxçıvanı öyrənirəm” bilik olimpiadasında iştirak edən tələbələr mükafatlandırılıb. Mükafatlandırma mərasimində çıxış edən universitetin rektoru Elbrus İsayev təşkilatın bu cür təşəbbüslərini qiymətləndirərək ali təhsil ocağında bu istiqamətdə olimpiada və müsabiqələrin uğurla nəticələndiyini diqqətə çatdırıb. Bildirilib ki, muxtar respublikanın tanıdılması baxımından öz əhəmiyyətliliyi ilə seçilən olimpiada həmçinin yüksək vətənpərvərlik hisslərinin təbliği baxımından da təqdirəlayiqdir. Qeyd edilib ki, bilik olimpiadalarının muxtar respublika ali təhsil müəssisələrini əhatə etməsi onlar arasında sıx əlaqələrin qurulmasına da xidmət edir. 
    Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk partiya təşkilatının sədri Arzu Abdullayev qeyd edib ki, muxtar respublikanın uğurlu inkişaf modelini gənclərə aşılamaq məqsədi daşıyan olimpiadada Naxçıvanın tarixi, ədəbiyyatı, mədəniyyəti, coğrafiyası və digər bu kimi sahələr təbliğ edilib və gənclərin yüksək bilik və bacarığı üzə çıxarılaraq onların ictimai və elmi fəaliyyəti qiymətləndirilib. Vurğulanıb ki, bilik olimpiadasında muxtar respublikanın ali təhsil müəssisələrinin tələbələri ilə bərabər magistr və doktorantlar da iştirak ediblər. 
    Sonra iki mərhələdə keçirilən olimpiadanın finalında qaliblə birgə 10 iştirakçıya diplom və qiymətli hədiyyələr, ən yüksək nəticə göstərmiş 10 iştirakçıya isə diplom təqdim edilib.

    Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və 
ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 17.03.2022 19:40