AZ EN RU

Məktəblilərin muxtar respublika spartakiadasının qalibləri bəlli olub

    Muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri arasında ənənəvi spartakiada təşkil olunub. Ümumilikdə, 288 şagirdin iştirakı ilə iki gün ərzində şahmat, voleybol, basketbol və atletika yarışları keçirilib. 
    Yarışlar yekunlaşdıqdan sonra İlham Əliyev adına Olimpiya İdman Kompleksində bağlanış mərasimi olub, yer tutan məktəblilər diplom, medal, kubok və hədiyyələrlə mükafatlandırılıblar. 
    Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman, Təhsil nazirlikləri və aidiyyəti idman federasiyalarının təşkilatçılığı ilə keçirilən spartakiadanın məqsədi bədən tərbiyəsi və idmanın məktəblilər arasında kütləviliyini artırmaq, onların sağlamlıqlarını qorumaq və yeniyetmələrdən ibarət yığma komandalara potensial idmançı namizədlər aşkarlamaqdan ibarət olub.  
    Nəticələrə gəlincə atletikanın qaçış növü üzrə yarışlarda Aysu Abbasova, Zeynəb Babayeva, Ulduz Əkbərli (hər üçü Sədərək), Onur Bayramov (Ordubad), Talıb Qurbanov (Şərur) və Əliabbas Səfərov (Naxçıvan) müxtəlif məsafələr üzrə birinci olublar. Komanda yarışları üzrə şahmatda “Naxçıvan” birinci, “Babək” və “Kəngərli” uyğun olaraq ikinci, üçüncü sıralarda qərarlaşıblar. Basketbolda qalib “Naxçıvan” olub. “Ordubad” ikinci, “Babək” isə üçüncü yerə sahib çıxıb. Voleybolda isə Sədərək məktəbliləri fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. İlk üçlüyü tamamlayan “Naxçıvan” və “Culfa” komandaları olub.    

Naxçıvan Muxtar Respublikası 
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 01.12.2022 19:48