AZ EN RU

Kursantlar üçün mühazirə təşkil edilib

    Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində təhsil alan  kursantlar üçün “Məhkəmə ballistik, daktiloskopik, psixoloji ekspertizaların xüsusiyyətləri, hadisə yerinin mühafizəsi və cinayətkar psixologiyası” mövzusunda mühazirə təşkil edilmişdir.
    Mühazirədə məhkəmə daktiloskopik ekspertiza fəaliyyətinin tarixi inkişaf yolundan bəhs olunmuş, cinayətkarlıqla mübarizədə və ədalət mühakiməsinin həyata keçirilməsində mühüm rolundan danışılmışdır. Ekspertlər məhkəmə-ballistik ekspertizasının anlayışı, tədqiqat obyektləri, həll etdiyi məsələlər, hadisə yerinin mühafizəsi, hadisə yerində maddi sübutların tamlığının pozulmaması barədə məlumat vermişlər. Hadisə yerində əl-barmaq və papilyar naxış izlərinin tamlığının pozulmaması, onların aşkarlanaraq götürülməsi və düzgün qablaşdırılması barədə və eyni zamanda İnsan izlərinin tədqiqi ekspert ixtisası üzrə, xüsusən daktiloskopik ekspertizalardan nəzəri olaraq bəhs edilmişdir.
    Həmçinin kursantlara məhkəmə-psixoloji ekspertizasının anlayışı, həll etdiyi məsələlər, məqsədi, təyin edilməsi xüsusiyyətləri, cinayətkarın psixoloji davranışı barədə məlumatlar verilmiş, insan psixikasının xüsusiyyətlərindən, psixi vəziyyətin cinayət törədilməsinə təsirindən danışılmışdır.
    Sonda mövzu ilə bağlı videoçarx nümayiş etdirilmişdir.

 Naxçıvan Muxtar Respublikası
    Ədliyyə Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 30.11.2022 19:44