AZ EN RU

Könüllülərimiz V Beynəlxalq Etnoidman Forumunda

    Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində V Beynəlxalq Etnoidman Forumu keçirilib. “Ənənəvi idman növlərinin dirçəldilməsi” mövzusu ilə təşkil olunan forumun 1-ci günündə sessiyalarda ənənəvi idman növlərinin gələcəyi müzakirə edilib. Forumun 2-ci günündə müxtəlif coğrafiyalardan olan iştirakçılar ənənəvi idman növlərinin yol xəritəsini müəyyən etmək və ortaq mədəni irsi qorumaq üçün toplaşıblar. Azərbaycan, İtaliya, Qazaxıstan, Tatarıstan və Türkiyədən məruzəçilərin qatıldığı paneldə inteqrasiya olunmuş kommunikasiya anlayışı ətrafında strategiya, hədəf auditoriya təcrübələri və ənənəvi idman növlərinin tətbiqi nümunələri qiymətləndirilib.
    Forumda Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğanın moderatorluğu ilə Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Türkiyə Respublikasının gənclər və idman naziri Məhmət Muharrəm Kasapoğlu və digər ölkələrin gənclər və idman nazirləri iştirak ediblər.
    Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyinin könüllüləri Salatın Məmmədova və Gülü Məmmədova V Beynəlxalq Etnoidman Forumunun açılış və bağlanış mərasimlərində qonaqların qarşılanması, forumun sessiyaları haqqında məlumatlandırılması və mükafatlandırılması prosesinin iştirakçıları olublar.

Naxçıvan Muxtar Respublikası 
Gənclər və İdman Nazirliyinin 
mətbuat xidməti

 

Nəşr edilib : 10.03.2022 21:21