AZ EN RU

Komandamız liderliyə yüksəldi

    Azərbaycan I Divizionunda 12-ci turun oyunlarına yekun vurulub.
    Bu turda “Araz-Naxçıvan” doğma arenada “Qaradağ Lökbatan” komandasını qəbul edib. Naxçıvan Muxtar Respublika Stadionunda keçirilən oyunu Elvin Bayramov, Asiman Əzizli, Anar Bədəlov və Fəridə Lütfəliyevadan ibarət hakimlər briqadası idarə edib.
    Son oyunlarda uğursuzluqla üzləşən komandamız bu oyuna sürətli hücumlarla başlayıb. Artıq 9-cu dəqiqədə sağ cinahdan qapı önünə edilən ötürməni Orxan Əliyev tora qovuşdurub – 1:0. Qoldan sonra hücumlarının kəsərini artıran “Araz-Naxçıvan” hesab arasındakı fərqi artırmağa yaxın olsa da, rəqib qapıçının sayıqlığı buna imkan verməyib. Xüsusilə iki epizodda Bayraməli Qurbanov qapıçı ilə dueldən məğlub ayrılıb. İlk hissənin son dəqiqələrində Orxan Əliyev hesab arasındakı fərqi artırsa da, hakim qayda pozuntusuna görə qolu qeydə almayıb.
    İkinci hissə də komandamızın üstünlüyü şəraitində keçib. Ardıcıl hücumlardan sonra 67-ci dəqiqədə tablodakı hesab dəyişib. Belə ki, cərimə meydançasında futbolçumuza qarşı edilən kobudluğu hakim penalti zərbəsi ilə cəzalandırıb. Topa yaxınlaşan Orxan Əliyev oyunda dublunu rəsmiləşdirib – 2:0. 
    Bu qələbədən sonra “Araz-Naxçıvan” 26 xalla turnir cədvəlinə başçılıq edir.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 01.12.2022 19:42