AZ EN RU

Kənd təsərrüfatının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür

    Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən oktyabr ayında kənd təsərrüfatının müxtəlif sahələri ilə əlaqədar müşavirələr, tarla seminarları və maarifləndirici tədbirlər həyata keçirilmişdir. Payız əkinlərinin optimal müddətdə başa çatdırılması, şumdan qabaq torpağın analizinin aparılması və gübrələrin verilməsi, keyfiyyətli toxum tədarükü və toxumun dərmanlanması, əkinlərin şırım üsulu ilə aparılmasının əhəmiyyəti ilə bağlı mülkiyyətçilərlə maarifləndirici görüşlər təşkil olunmuşdur.
    Ay ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən göndərilmiş feromon tələlərdən istifadə edilərək zərərvericilərin mövcudluğu və populyasiya sıxlığını təyin etmək üçün nazirlik əməkdaşları tərəfindən Babək rayonunun Nehrəm qəsəbəsində pomidor istixanasında, Cəhri qəsəbəsində və Şərur rayonunun Tumaslı kəndində meyvə bağlarında quraşdırılmış feromon tələlərin müşahidəsi aparılmış, nəticələri ilə bağlı fotoşəkillər çəkilərək Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə göndərilmişdir. 
    Qarğıdalı və günəbaxan biçininin optimal müddətə başa çatdırılması ilə əlaqədar muxtar respublikanın şəhər və rayonlarında mövcud olan kombaynların sahibkarları ilə fərdi qaydada görüşlər keçirilmişdir. Payızlıq taxıl əkinlərinin optimal müddətdə başa çatdırılması üçün texnikaların əkinə hazır­lıq vəziyyəti yoxlanılmış və texnika sahiblərinə texniki qulluq qaydaları ətraf­lı izah olunmuşdur. Ötən ay nazirliyə meyvə bağları və üzümlüklərdə zərərverici və xəstəliklərə qarşı mübarizə ilə bağlı 6, taxılçılıqla bağlı 15 torpaq mülkiyyətçisi müraciət etmiş, nazirlik əməkdaşları tərəfindən onlara lazımi məsləhətlər verilmişdir. “Araz” Elm-İstehsalat Birliyinin Aqrokimya, torpaqşünaslıq və torpaqların kütləvi analizləri şöbəsinin mütəxəssisləri Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin əməkdaşları ilə birlikdə Şərur rayonunun Dizə kəndində “Torpaq nümunələrinin götürülməsi və torpaq kartoqramlarının əhəmiyyəti” adlı seminar-müşavirə keçirmiş, rayonun Dizə, Axura, Həmzəli kəndlərinin torpaq kartoqramları kəndlərin inzibati ərazi dairələri üzrə nümayəndələrinə təhvil verilmişdir. Şahbuz rayonunun Aşağı və Yuxarı Qışlaq, Kolanı, Biçənək, Kəngərli rayonunun Çalxanqala, Qabıllı, Yurdçu və Yeni Kərki kəndlərinin ərazilərindən torpaq nümunələri götürülərək tədqiqat işlərinə başlanılmışdır. Birliyin Bitki sortlarının seleksiyası, mühafizəsi, sınağı və toxumçuluq şöbəsində seleksiya və artırma pitomniklərində əkilmiş 55 buğda sort və hibridləri, eləcə də 44 sınaq üçün əkilmiş buğda və arpa sortlarının analizləri yekunlaşmışdır.
    Muxtar respublikada sınaq məqsədilə Rusiyadan yüksək potensiala malik, xəstəlik və zərərvericilərə davamlı, torpaq-iqlim şəraitinə uyğun, yüksək reproduksiyalı, məhsuldar yumşaq buğda sortları gətirilərək satışı təşkil olunmuşdur. Ötən ay Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinə toxumçuluq təsərrüfatı və fermerlər tərəfindən laboratoriyaya gətirilən toxumlar analizdən keçirilmiş, nəticəsi akt formasında onlara təqdim olunmuşdur. İdarəyə 49 ailə təsərrüfatı başçısı, fermer tərəfindən müxtəlif əkin sahələrində xəstəlik və zərərvericilərin aşkarlanması məqsədilə gətirilən nümunələrə baxılmış, mübarizə tədbiri olaraq lazımi məsləhət və tövsiyələr verilmişdir.
    Hesabat ayında heyvandarlıq təsərrüfatlarında mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasının əhəmiyyəti, ana malların süni mayalandırılması, yemləndirilməsi, zoobaytar qaydalarına uyğun qulluq edilməsi, qış otlaqlarından səmərəli istifadə ilə əlaqədar sahibkarlarla müşavirə keçirilmiş, bukletlər paylanılmışdır. Payız mövsümündə arıxanalarda baytarlıq tədbirlərinin aparılması və arıxanaların qışlamaya hazırlığı ilə bağlı arıçılarla fərdi qaydada söhbətlər aparılmışdır.

 Naxçıvan Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 24.11.2022 20:19