AZ EN RU

Kənd təsərrüfatının inkişafı diqqətdə saxlanılır

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə təsdiq edilmiş Dövlət proqramlarında və verilmiş tapşırıqlarda qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən sentyabr ayında da seminar-müşavirələr və maarifləndirici tədbirlər keçirilib.
      Nazirlik əməkdaşları tərəfindən əkin atlaslarına uyğun əkinlərin aparılması, keyfiyyətli şumun qaldırılması, toxumun dərmanlanması, torpaqların şoranlaşmasının qarşısının alınması, torpaq analizinin aparılması, torpağın münbitliyinin artırılmasının yolları, meyvə və üzüm bağlarında məhsul yığımından sonra zərərvericilərə qarşı kimyəvi və bioloji mübarizə tədbirlərinin aparılması mövzularında torpaq mülkiyyətçiləri və ailə təsərrüfatı sahiblərinin iştirakı ilə tarla seminar-müşavirələri təşkil olunub. Qarğıdalı biçinində, payızlıq şumun qaldırılmasında və taxıl əkinində iştirak  edəcək texnikaların texniki vəziyyəti nəzarətdə saxlanılıb, texnika  mülkiyyətçiləri ilə görüşlər zamanı müasir texnologiyaların tətbiqinin əkinlərin keçirilməsində əhəmiyyəti barədə ətraflı söhbətlər  aparılıb.
        Babək rayonunun inzibati ərazisinin yaşıllıq sahələrində karantin mənşəli zərərvericilərin monitorinqi keçirilib. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən göndərilmiş feromon tələlərdən istifadə edərək zərərvericilərin mövcudluğu və populyasiya sıxlığını təyin etmək üçün Babək rayonunun Nehrəm və Cəhri qəsəbələrində, Şərur rayonunun Tumaslı kəndində tələlər quraşdırılıb. Ay ərzində nazirliyə meyvə ağaclarının xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirləri ilə əlaqədar 6, taxıl əkinlərində aqrotexniki tədbirlərin aparılması ilə bağlı 12 torpaq mülkiyyətçisi tərəfindən müraciət edilib. Müraciət əsasında meyvə bağlarına və torpaq sahələrinə baxış keçirilib və onlara lazımi məsləhətlər verilib.
    Hesabat ayında Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin elmi şurasının iclası keçirilib, aparılan elmi-tədqiqat və təsərrüfat işlərinin gedişi müzakirə olunaraq müvafiq tapşırıqlar verilib. Birliyin Aqrokimya, torpaqşünaslıq və torpaqların kütləvi analizləri şöbəsinin əməkdaşları tərəfindən Şahbuz rayonunun Aşağı Qışlaq və Yuxarı Qışlaq, Kolanı, Biçənək, Kəngərli rayonunun Çalxanqala, Qabıllı, Yurdçu və Yeni Kərki kəndlərinin ərazilərindən torpaq nümunələri götürülərək tədqiqat işlərinə başlanılıb. Laboratoriyada torpaqların tərkibində azot, fosfor və kaliumun təyini analizləri aparılacaq. Analizlərin nəticələrinə əsasən əkiləcək bitkilərin qida maddələrinə tələbatından və məhsuldarlığından asılı olaraq hər bir bitki üçün üzvi və mineral gübrələrin normaları hesablanacaq. Meyvə-tərəvəzçilik, üzümçülük və bəzək bitkiləri şöbəsində “Tumlu meyvə sortlarının biomorfoloji və pomoloji xüsusiyyətləri”nin öyrənilməsi istiqamətində tədqiqat işləri davam etdirilib. Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinə 29 ailə təsərrüfatçısı və fermer tərəfindən müxtəlif əkin sahələrində xəstəlik və zərərvericilərin aşkarlanması məqsədilə müraciət olunub, idarənin mütəxəssisləri tərəfindən müvafiq məsləhət və  tövsiyələr verilib.
       Heyvandarlıq sahəsində qaramalın cins tərkibinin yaxşılaşdırılması, ana malların süni mayalandırılması və qışlama mövsümünə vaxtında hazırlığın əhəmiyyəti, arı ailələrinin qışlamaya hazırlanması, quşçuluqda xəstəliklərə qarşı mübarizə tədbirlərinin aparılması ilə əlaqədar müşavirələr və maarifləndirici görüşlər keçirilib.  

 Naxçıvan Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti 

Nəşr edilib : 13.10.2022 18:13