AZ EN RU

Kənd təsərrüfatının inkişafı diqqətdə saxlanılır

    Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları avqust ayında kənd təsərrüfatının müxtəlif sahələri ilə əlaqədar tarla seminar-müşavirələri və maarifləndirici tədbirlər keçirib. 
    Bu tədbirlər sırasında muxtar respublikada əkilmiş kartof bitkisinin məhsulunun yığımının qısa müddətdə başa çatdırılması, yığılmış məhsulların İqtisadiyyat Nazirliyinin və sahibkarların soyuducu anbarlarına təhvil verilməsi ilə əlaqədar maarifləndirmə işlərinin aparılması da var. Biçindən sonra təkrar əkinlərin həyata keçirilməsi, əkin sahələrində aqrotexniki qulluğun düzgün və vaxtında aparılması, payızlıq taxıl əkinlərinə hazırlıqla əlaqədar növbəli əkin sisteminə əməl etməklə əkin sahələrinin seçilməsi, keyfiyyətli şumun qaldırılması, toxumun dərmanlanmasının əhəmiyyəti mövzularında torpaq mülkiyyətçiləri və ailə təsərrüfatı sahiblərinin iştirakı ilə tarla-seminar müşavirələri keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri və Fövqaladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən biçindən sonra sahələrdə və kövşənliklərdə küləşin yandırılmasının fəsadları təsərrüfat sahiblərinin diqqətinə çatdırılıb.
    Ay ərzində nazirliyə meyvə ağaclarının xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirləri ilə əlaqədar 7 təsərrüfat sahibi tərəfindən müraciət edilib. Müraciət əsasında meyvə bağlarına baxış keçirilib, aşkar olunan xəstəlik və zərərvericilərə qarşı lazımi tövsiyə və məsləhətlər verilib. Taxıl biçininin başa çatması ilə əlaqadar muxtar respublikanın şəhər və rayonlarında mövcud olan taxılbiçən kombaynların sahibkarları ilə fərdi qaydada söhbətlər aparılıb, biçindən sonra kombaynların bitki qalıqlarından təmizlənərək saxlanca qoyulması qaydaları haqqında müvafiq məsləhətlər verilib. Texnika mülkiyyətçiləri ilə yay şumunun optimal müddətdə başa çatdırılması üçün görülməsi zəruri olan tədbirlər haqqında ətraflı söhbətlər aparılıb. Şərur və Şahbuz rayonlarında bitkiçilik və heyvandarlıq sahələri üzrə səyyar aptekin təqdimatı olub və dərman satışı həyata keçirilib.
    Ötən ay Akademik Həsən Əliyev adına  “Araz” Elm-İstehsalat Birliyinin Aqrokimya, torpaqşünaslıq və torpaqların kütləvi analizləri şöbəsində “Naxçıvan Muxtar Respublikasının boz torpaqları şəraitində pomidor bitkisinin becərilmə texnologiyasının və qida sahələrinin öyrənilməsi” adlı elmi-tədqiqat işinin ikinci mərhələsi –  pomidor bitkisinin məhsuldarlığının əkin sxemləri üzrə öyrənilməsi davam etdirilib. Babək rayonunun Cəhri qəsəbə sakini, torpaq mülkiyyətçisi Faiq Məmmədovun müraciəti əsasında əkiləcək sahədən götürülən 15 torpaq nümunəsi analiz olunaraq tərkibindəki qida maddələrinin miqdarına uyğun üzvi və mineral gübrələrin norma və verilmə qaydaları barədə mülkiyyətçiyə məlumat verilib. Birliyin Bitki sortlarının seleksiyası, mühafizəsi, sınağı və toxumçuluq şöbəsində seleksiya və artırma pitomniklərində əkilmiş 55 buğda sortu və hibridləri, 44 sınaq üçün əkilmiş buğda və arpa sortları biçilib, dərzlənib, döyülüb struktur və sünbül analizlərinin aparılması və keyfiyyət göstəricilərinin öyrənilməsi üçün işlər görülür. 
    Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinin mütəxəssisləri muxtar respublikanın rayonlarında, kənd təsərrüfatı bitkilərinin başlıca xəstəlik və zərərvericiləri, onlara qarşı mübarizə tədbirlərinin aparılmasında təhlükəsizlik qaydalarına əməl olunması barədə ailə təsərrüfatı üzvləri, fermerlərlə fərdi qaydada maarifləndirici söhbətlər aparıblar. 33 ailə təsərrüfatı sahibi və fermer tərəfindən müxtəlif əkin sahələrində xəstəlik və zərərvericilərin aşkarlanması məqsədilə idarəyə gətirilən torpaq nümunələrinə baxılıb, onlara lazımi məsləhət və tövsiyələr verilib. 
    “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın və Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı ilə bağlı Tədbirlər Planının icrası ilə əlaqədar müşavirələr və maarifləndirici görüşlər keçirilib.

 Naxçıvan Muxtar Respublikası Kənd
 Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 08.09.2022 19:31