AZ EN RU

İxtisasartırma kurslarını bitirən rabitəçilərə sertifikatlar təqdim olunub

    Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən ixtisaslı kadrların hazırlanması, işçilərin zəruri peşə istiqaməti üzrə biliklərinin artırılması, habelə müvafiq peşə ixtisasına yiyələnmələri istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu məqsədlə onlayn kurslar təşkil olunur, təlim və seminarlar keçirilir, müvafiq peşə ixtisasına malik olmayan əməkdaşların ixtisasartırma kurslarına cəlbi təşkil olunur. Bu tədbirlərin məntiqi davamı olaraq ­nazirliyin 2022-ci il İş planına əsasən Culfa və Şahbuz rayon rabitə idarələrinin müvafiq peşə ixtisasına malik olmayan rabitə mütəxəssislərinin cəlb olunduqları Naxçıvan Regional Peşə Tədris Mərkəzindəki Kabel xətlərinin quraşdırılması və təmiri üzrə rabitə montyoru ixtisasartırma kursunu bitirən 20 müdavim sertifikatlarla təmin olunub. 
    İxtisasartırma kursunda təhsil alan müdavimlərə rabitə avadanlıqlarının əsasları, paylayıcı şkaf və kabel qurğularının montajı, elektrotexnika, əməyin mühafizəsi, peşə etikası barədə dərslər tədris olunub.
    Qeyd edək ki, cari ilin müvafiq dövrlərində Culfa, Şahbuz, Ordubad və Kəngərli  rayon rabitə idarələrinin, ümumilikdə, 48 rabitə mütəxəssisi peşə kurslarını uğurla başa vuraraq sertifikatla təmin olunub.

Naxçıvan Muxtar Respublikası 
Rabitə və Yeni Texnologiyalar  Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 18.08.2022 18:05