AZ EN RU

İlin yekunları müzakirə edilib

    Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının 2021-ci ilin yekunları və 2022-ci ildə qarşıda duran vəzifələrlə bağlı  iclası keçirilib.
    Federasiya fəaliyyətinin əsas məqsədinin muxtar respublikada hava və ekstremal idman növlərinin inkişaf etdirilməsi, gənclərdə idmanın bu növünə maraq oyadılması, vətənpərvərlik ruhunun yüksəldilməsi və Naxçıvan təbiətinin zənginliklərinin təbliğinin olduğunu bildirən federasiya sədri Mais Əliyev bildirib ki, 2021-ci il ərzində müxtəlif idman növləri üzrə yarışlarda 250 idmançı, 12 məşqçi və 10 hakim iştirak edib. Ümumilikdə isə rayon bölmələri ilə birlikdə il ərzində keçirilən 10 idman yarışında 950-yə yaxın idmançı mübarizə aparıb. Rayon bölmələri tərəfindən il ərzində, ümumilikdə, 24 yarış keçirilib ki, bunun da 8-i velosiped, 8-i spelio yürüş, 8-i isə idman dırmanması üzrə olan  birinciliklərdir. 
    Mais Əliyev diqqətə çatdırıb ki, federasiyanın maddi texniki bazasının zənginləşdirilməsi məqsədilə idman dırmanması divarında təmir işləri aparılıb, idmançı və tamaşaçılar üçün örtülü oturacaq yerləri yaradılıb. O cümlədən idman dırmanmasının çətinlik növü üzrə marşrutun yaradılması məqsədilə Bakı şəhərindən müstəqil dağçı-təlimçi cəlb edilən dırmanma daşları quraşdırılıb. Mütəxəssis tərəfindən hesabat ilinin 29-30 oktyabr tarixlərində federasiyasının məşqçi və idmançılarına Süni divara dırmanma idman mərkəzində çətinlik proqramı üzrə təlim-treninq keçirilib.
    Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı vurğulayıb ki, muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarından biri də 2013-cü ildə yaradılan Hava və Ekstremal İdman Növləri Federasiyasıdır. Naxçıvan şəhəri və bölgələrdə federasiyanın bölmə və qrupları fəaliyyət göstərir. Həmin bölmələrdə, ümumilikdə, 21 qrup üzrə 84 yeniyetmə və gənc idmanla məşğul olur. 
    Nazir yaradılan hərtərəfli şəraitə, göstərilən qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
    Sonra federasiyanın sədr müavini Azər Məmmədov federasiyanın ötənilki fəaliyyəti barədə ətraflı məlumat verib.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 26.01.2022 20:09